Avqustun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hərbi hissələr üçün yun corabların toxunması işinin davam etdirilməsi də tapşırılmışdı.
Müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı görülən tədbirlərin davamı olaraq, noyabrın 27-də “N” hərbi hissəyə yun corablar və şərflər təhvil verilmişdir.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Sevindik Vəliyev çıxış edərək bildirmişdir ki, bu gün məhdud fiziki imkanlı 27 şəxs tərəfindən toxunan 771 cüt yun corab və 231 ədəd şərf “N” hərbi hissəyə təhvil verilir. Ümumilikdə isə bu gün də daxil olmaqla, 2500 cüt yun corab və 500 ədəd şərfin toxunaraq əsgərlərimizə təhvil verilməsi təmin edilmişdir. Bu tədbir həmin kateqoriyadan olan şəxslərin məşğulluğunu təmin etməklə onların maddi təminatlarının yaxşılaşmasına xidmət edir. İlin sonunadək yun corab və şərflərin toxunması işi davam etdiriləcək.
“N” hərbi hissənin nümayəndəsi gizir Kazım Qasımov komandanlıq adından minnətdarlığını bildirmişdir.
Sonda yun corablar və şərflər əsgərlərə təhvil verilmişdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti