23 Dekabr 2024, Bazar ertəsi

 Şərur rayonunun Kürçülü kəndində güclü təsərrüfatçılıq ənənələri formalaşdırılıb, hər il tonlarla kənd təsərrüfatı məhsulları istehsal edilib. Məhsuldar və bərəkətli torpaq sahələrindən səmərəli istifadə olunub. Sakinlər öz gün-güzəranlarını, əsasən, bu qiymətli sərvət hesabına qurublar. Əkinçilik, heyvandarlıq, bağçılıq onların ailə büdcəsinə gəlir gətirən məşğuliyyət sahələrinə çevrilib. Bu yaşayış məntəqəsindəki təşkilatlar da uzun illər boyu uyğunlaşdırılmış binalarda fəaliyyət göstərib. Son illər muxtar respublikada geniş vüsət alan tikinti-quruculuq tədbirləri Kürçülünü də müasir yaşayış məntəqəsinə çevirib. 

Cari ilin oktyabr ayının 6-da kənddə əsl bayram sevinci yaşanıb. Həmin gün Kürçülüdə istifadəyə verilən məktəb binası, kənd və xidmət mərkəzləri, kompleks quruculuq tədbirləri çərçivəsində 2 kilometr uzunluğunda avtomobil yoluna asfalt salınması, 2 min metr fiber-optik, 2200 metr elektrik, 1130 metr qaz xətlərinin çəkilməsi kənd adamlarının üzləşdikləri problemlərə son qoyub.

Bütün bunlar barədə kənd adamlarının fikirlərini öyrənmək məqsədilə, ilk olaraq, məktəb binasına üz tutduq. Kəndin ziyalı potensialının cəmləşdiyi 2 mərtəbəli bu təhsil ocağı 234 şagird yerlikdir. Təhsil ocağının yeni binasında 13 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otaqları, 4 elektron lövhəli sinif, kitabxana, bufet və idman zalı vardır. Müasir şərait pedaqoji kollektivə böyük sevinc bəxş etməklə yanaşı, müəllimlərin məsuliyyət hissini də artırıb.
“Gənclərin ölkəmizin gələcəyi üçün intellektual səviyyədə yetişmələri daha çox təhsildən asılıdır”, – deyən məktəbin direktoru Zülfiyyə Məmmədova Ali Məclis Sədrinin məktəbin açılış mərasimində müəllim və şagird kollektivləri qarşısında qoyduğu vəzifələri xatırlatdı: “Bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlərin başlıca məqsədi ondan ibarətdir ki, gələcəyimizin qurucuları olan gənclər təhsilli və vətənpərvər böyüdülsünlər. Kürçülü kənd tam orta məktəbi üçün müasir binanın tikilib istifadəyə verilməsi də bu məqsədə xidmət edir. Ona görə də müəllim və şagirdlər üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər. Müəllimlər bilməlidirlər ki, onlar gələcəyin qurucularını hazırlayırlar. Şagirdlər isə bilməlidirlər ki, onlar gələcəyin qurucuları kimi yetişməlidirlər... Şagirdlər müəllimə şəxsiyyət kimi, müəllimlər isə şagirdə gələcəyin qurucusu kimi baxmalıdır. Kürçülü kənd tam orta məktəbində bu proseslərin tənzimlənməsi üçün lazımi şərait yaradılmış, müasir tədris avadanlıqları kollektivin istifadəsinə verilmişdir. Müəllimlər bu avadanlıqlardan səmərəli istifadə etməli, tədrisin keyfiyyəti artırılmalı, şagirdlər keçirilən dərsləri qavrama yolu ilə mənimsəməlidirlər”.
Bu vəzifələrin yerinə yetirilməsi üçün var gücləri ilə çalışacaqlarını bildirən Zülfiyyə Məmmədova dedi:
– Kürçülü kəndində bir gündə belə böyük həcmdə sosial obyektlərin istifadəyə verilməsi münasibətilə dərin minnətdarlığımızı bildirir, üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyimizə söz veririk. Məktəbdə yaradılan şərait çox yüksək səviyyədədir. Bu şəraitdən səmərəli istifadə etməklə gözəçarpan nailiyyətlərə imza atmaq heç də çətin deyil. Kollektivin də qarşısında məhz bu vəzifə durur: ölkəmiz üçün layiqli vətəndaşlar tərbiyə etmək. Elə vətəndaşlar ki, dövlətçiliyimizi, müstəqilliyimizi ən böyük, ən qiymətli sərvət sayaraq onların keşiyində durmağı bacarsınlar.
Müəllimlər bir məsələ barəsində də fikirlərini bizimlə bölüşərək bildirdilər ki, sağlam cəmiyyətin formalaşmasında məktəb nə qədər vacibdirsə, insan sağlamlığı da bir o qədər əhəmiyyətlidir. Bu baxımdan Kürçülüdə inşa edilmiş kənd mərkəzinin binasında feldşer-mama məntəqəsi üçün otaqlar ayrılmasını onlara göstərilən qayğı kimi qiymətləndirdilər.
“Son illər Naxçıvanda sayı artan səhiyyə obyektləri insanların sağlamlığına qayğının ifadəsi kimi diqqəti çəkir. Bu obyektlərdə müayinə və müalicə üçün hərtərəfli şərait yaradılır, həmin səhiyyə ocaqlarının maddi-texniki bazasının yaxşılaşdırılması diqqətdə saxlanılır”, – bu sözləri isə kənd sakini Rəşadə Seyidova deyir və əlavə edir:
– Səhiyyə ocağında çalışanlar yaradılan şəraitdən səmərəli istifadə etməyə səy göstərirlər. Əhali arasında maarifləndirici tədbirlərin aparılması diqqət mərkəzində saxlanılır. Səhiyyə işçiləri unutmurlar ki, onlara şərəfli bir vəzifə tapşırılıb. Və bu vəzifəni yerinə yetirmək üçün müasir iş şəraiti ilə təmin olunublar. Bu da məntəqədə çalışanların məsuliyyət hissini daha da artırıb.
Kənd ziyalısı Tariyel Mustafayev Kürçülüdə həyata keçirilən belə tədbirlərdən məmnunluğunu dilə gətirir, bunu kənd adamlarına göstərilən qayğı kimi dəyərləndirir. Təsərrüfatla sıx bağlı olan müsahibim vurğulayır ki, bu gün bir qarış torpağımız belə, əkilməmiş qalmır. Kənd təsərrüfatının inkişafına böyük diqqət yetirilir. Hər il muxtar respublikada genişmiqyaslı meliorasiya tədbirləri həyata keçirilir, regiona yeni kənd təsərrüfatı texnikaları gətirilir. Taxılçılığın, kartofçuluğun, heyvandarlığın və digər sahələrin inkişafı üçün yardımlar, kreditlər verilir. Digər tərəfdən yeni emal və istehsal sahələrinin fəaliyyəti genişləndirilir. Bu müəssisələrin məhsulları daxili bazarda yerli istehsalın çəkisini artırıb. Bəzi məhsullarımız ixrac olunur. Rəqabətədavamlı məhsul istehsalı üçün layihələr həyata keçirilir. Sahibkarlığın inkişafı həm də minlərlə yeni iş yerinin açılmasına şərait yaradır. Bir iş yeri isə bir ailənin yaşayış səviyyəsinin yüksəlməsi deməkdir. Dövlətin dayağı onun insanlarıdır. İnsanların ehtiyacının ödənilməsi onların muxtar respublikada güclü iqtisadiyyata nail olunmasında fəallığını artırıb. Güclü iqtisadiyyatı olan diyarda inkişafı bütün sahələrdə görmək mümkündür. Həmsöhbətim deyir ki, insana diqqət və qayğı olan yerdə onun qurub-yaratmaq, yaşamaq əzmi də yüksəlir. Kürçülülər də zəhmətkeş insanlardır. Necə deyərlər, daşdan çörək çıxarmağı bacarırlar.
Tariyel Mustafayev bir qədər dayanır, üzünə təbəssüm qonur. Sözünə davam edir:
– Heç daşdan çörək çıxarmağa ehtiyac yoxdur. Kürçülünün məhsuldar torpaq sahələri var. Kənd adamları bunu bilir, gün-güzəranlarını yaxşılaşdırmaq üçün dövlətimizin yaratdığı şəraitdən səmərəli istifadə edirlər. Hər il müxtəlif sahələrin inkişafı üçün güzəştli kreditlər verilir, su ilə təminat yaxşılaşdırılır, yetişdirilən məhsulun satılmasındakı çətinliklər də aradan qaldırıldığından kənd adamları problemlərlə üzləşmirlər.
Yazımızın əvvəlində bildirdik ki, sovet dönəmində kənddəki qurumlar uyğunlaşdırılmış binalarda fəaliyyət göstəriblər. Artıq Kürçülüdə ikimərtəbəli kənd mərkəzi istifadəyə verilib. Burada rabitə evi, kitabxana, polis sahə və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi fəaliyyət göstərir.
Kənd sakinlərinə sevinc bəxş edən yeni obyektlərdən biri də xidmət mərkəzidir. Xidmət mərkəzində bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazası fəaliyyət göstərir. Xidmət mərkəzinin istifadəyə verilməsi ilə sakinlərin lazımi ərzaq və sənaye mallarına olan tələbatları öz kənd­lərində ödənilir.
Xidmət mərkəzində həmsöhbət olduğum kənd adamlarının sevinc hislərini duymaq çətin deyildi. Onların hamısı kənddə aparılan kompleks quruculuq işlərinə görə minnətdar­lıqlarını bildirdilər.
Beləcə, muxtar respublikamızda yeniləşən yaşayış məntəqələri sırasında Kürçülü kəndi də öz yerini tutub. 2015-ci ilin başa çatmasına az vaxt qalıb. Yəqin ki, bu müddətdə belə yaşayış məntəqələrinin sırasına daha bir neçəsi də əlavə olunacaq. O kənd­lərdə də bayram sevinci yaşanacaq. Diyarımız 2016-cı ilə daha çox müasir yaşayış məntəqələri ilə qədəm qoyacaq.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR