Adi günlərdən biri idi. Yaşadığımız binanın həyətində yığışıb gəldən-getdən söhbət edirdik. Yaxınlıqda isə uşaqlar oynayır, yağan ilk qarın sevincini yaşayırdılar. Onlardan biri qaça-qaça gedib su içdi və kranı bağlamadan tələsik də oynadığı uşaqlara tərəf qaçdı. Bunu görən qonşumuz Əhməd kişi: – Ay bala, kranı bağla. Suyu israf etmək günahdır, – deyib uşağı səslədi. Uşaq kranı bağladı. Qayıdıb, – baba, susuzluqdur bəyəm, – deyib onun üzünə baxdı. Yox bala, indi susuzluq deyil. Ancaq biz o susuzluğu yaşadıq, – dedi.
Anarxiya, xaos, özbaşınalıq dövrü kimi tarixə düşən ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlləri hər kəsin yaddaşında dərin izlər buraxdı, hər birimizin həyatında problemlərlə dolu “maraqlı” hadisələrlə yadda qaldı, – deyib yaxın keçmişdə yaşadıqlarımızı bir daha xatırladıq.
Kənddə yaşayan qardaşım üçün ev axtarır, ayrı-ayrı ünvanlarda satışa çıxarılan evlərə baxır, şəraiti və yerləşdiyi ərazi ilə bağlı məlumat toplayırdım. Şəhərin kənarında, sakit yerdə – “Qoçüstü” məhəlləsində 9 mərtəbəli binada təmirli bir mənzil tapıb razılaşdıq. Evi niyə satırsan? – deyə sahibindən soruşdum.
– İşimlə əlaqədar Bakıya köçürəm – dedi.
Alqı-satqı edəndən bir müddət sonra evə köçdük. Axşam qapı döyüldü. Açdım ki, qonşudu.
–Suyunuz var? Bizə bir az su verin, – deyib əlindəki vedrəni göstərdi.
– Niyə suyunuz yoxdur? – deyə soruşdum.
– Binanın zirzəmisində kimin böyük çəni varsa sızqa ilə gələn su ora dolur. O da su götürə bilir.
Ertəsi gün binanın girişində olan 100 litrlik çəndəki suyumuz da qurtardı. Biz də qonşular kimi su axtarmağa başladıq. Anladıq ki, evin keçmiş sahibi elə su dərdindən evi satıb. Sonra da öyrəndik ki, özünə fərdi mənzil alıb. Artıq gec idi. Necə deyərlər, palaza bürün, elinən sürün.
Hamı kimi biz də üzləşdiyimiz su problemini həll etmək üçün çən düzəltdirib binanın zirzəmisinə yerləşdirdik ki, sızqa gələn su həmin çənə yığılsın. Sonra da həmin çəndəki su nasosla binanın girişində qoyulmuş çənə vurulur, oradan da öz axarı ilə evə ötürülürdü. Mənzilində daimi suyu olmaq istəyənlərin, necə deyərlər, bu dolanbac oyunu da çox çəkmədi. Binaya gələn bu sızqa su da kəsildi. İnsanlar əllərində vedrə ətraf məhəllələrdə olan şəxsi evlərdəki quyulardan, kranlardan, xüsusilə də 10 nömrəli məktəbin yanında olan krandan su daşıyıb birgünlük ehtiyaclarını ödəyirdilər. Növbəti gün yenə su növbəsi təkrar olunurdu. Kimin imkanı var idi, maşınla suyu gətirir, binanın zirzəmisində yerləşdirilmiş çənə boşaldıb bir-iki gün istifadə edirdi. Məcburiyyətdən binanın qarşısında bir su quyusu qazdırdıq. Quyudan su çıxan günü insanların sevincinin həddi-hüdudu yox idi. Bu təkcə bizim bina sakinlərinin deyil, ətrafda yerləşən digər 9 mərtəbəli binalarda yaşayan 400-dən çox ailənin sevinci idi. Nasosa birləşdirilən elektrik xəttini də bizim evə çəkdilər və tapşırdılar ki, səhərdən axşamadək bu nasos işləsin. Camaat, heç olmasa, suya olan ehtiyacını yaxın məsafədən daşımaqla ödəsin. Elə də etdik. Amma maraqlısı bu idi ki, adətən, evlərdə işləyən nasoslar uzağı bir ildən sonra sıradan çıxırdı. Bu quyuda isə nasos fasiləsiz bir neçə il işlədi. Amma sıradan çıxmadı. Bəlkə də, xeyirxahlıq məqsədilə istifadə edildiyi üçün idi. Acı xatirələrlə dolu həyat hekayəmizə qulaq asan, yenicə ailə həyatı qurub binamıza köçən gənclərdən biri: – O dövrdə su da yox idi? Çaylar, çeşmələr də qurumuşdu? – deyə təəccüblə soruşdu.
–Yox. Çaylar da, çeşmələr də yerində idi. Amma bu suyu anbarlara toplayan, onu evlərə çatdıran su xətlərinə nəzarət edən yox idi. Təkcə su deyil, ölkənin çörək, işıq, qaz və digər problemlərini həll edəcək SAHİBİ yox idi, – dedim.
Zaman keçdi. İnsanların itirilməkdə olan inamı özünə qaytarıldı. Naxçıvan şəhərini içməli su ilə təmin edən böyük su anbarı tikilib istifadəyə verildi. Və bu suyu evlərə çatdırmaq üçün yeni xətlər çəkildi. Mənzillər 24 saat fasiləsiz su ilə təmin edildi. İşığımız, təbii qazımız, istiliyimiz də öz yerində. Bir vaxtlar şəhərin kənarında, sakit bir yerdə mənzil aldığım “Qoçüstü” məhəlləsi Naxçıvan şəhərinin ən gur ünvanlarından birinə çevrildi. Məhəllədə sovetlər dönəmində ictimai yaşayış binası tikilməsi üçün qazılmış özül elə də qalmış, sonralar tullantı yerinə çevrilmişdi. Bu ərazi təmizlənərək yerində çoxmərtəbəli binalar istifadəyə verildi. Aparılan abadlıq-quruculuq tədbirləri yaşadığımız 9 mərtəbəli binaya da yeni görkəm verdi. El arasında 57 bazarı kimi tanınan ərazidə isə müasir memarlıq üslubu ilə gözoxşayan çoxmərtəbəli binalar ucaldılır. Salınan Gənclər şəhərciyi yaradılan ecazkar mənzərəyə yeni çalarlar qatır, onu daha da zənginləşdirir. Yaxınlıqda yerləşən, nümunəvi xidmət baxımından müasir tələblərə uyğun qurulan “Cahan” Ticarət Mərkəzi yaxın və uzaqdan gələn əhalinin gündəlik tələbatını ödəyir.
Bəli, məkan həmin məkandır. Amma buranın tanınmaz dərəcədə dəyişilmiş köhnə cansıxıcı görünüşündən əsər-əlamət qalmayıb. Bəli, məkan həmin məkandır. Dəyişən isə zamandır. Bir vaxtlar iki vedrə su, üç çörək, çayını qızdıracağı, isti yeməyini hazırlayacağı 3 kiloqramlıq qaz balonu tapa bilməyən, 2 saat fasilə ilə verilən elektrik enerjisinə və elektrik qızdırıcıları ilə evini isitməyə ümid edən, problemləri ilə baş-başa qalan və bu problemlər məngənəsində sıxılan, əzilən insanların üzündəki qayğılı ifadəni indi hər cür şəraiti olan mənzillərdə yaşayan, xoş gün-güzəran keçirən insanların, qayğısız uşaqların gülüşləri əvəz edib.
Kərəm Həsənov