Muxtar respublikamızda sığorta fəaliyyətinin genişləndirilməsi və vətəndaşların sığorta xidmətləri ilə tam təmin olunması istiqamətində görülən işlər davam etdirilməkdədir.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyindən aldığımız məlumata görə, artıq başa vurduğumuz 2015-ci ildə agentlik üzrə hüquqi və fiziki şəxslərlə aparılan məqsədyönlü tədbirlər nəticəsində 2014-cü illə müqayisədə, ümumilikdə, sığorta tədiyələrinin toplanması həcmi 2,3 faiz, qeyri-həyat (ümumi) sığortası üzrə sığorta tədiyələrinin toplanması həcmi 2,6 faiz artmışdır. 2014-cü ilin yekunları ilə müqayisədə muxtar respublikada ötən ildə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sıgortası üzrə bağlanılmış sığorta müqavilələrinin sayı 1557 ədəd, daşınmaz əmlakın icbari sığortası üzrə bağlanılmış sığorta müqavilələrinin sayı 115 ədəd çox olmuşdur.
Qeyd edək ki, 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfındən muxtar respublikanın rayon (şəhər) icra hakimiyyətləri ilə birlikdə “Sığorta fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələrə dair” müşavirələr keçirilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üçün sığorta olunmayan sürücülərin icbari sığortaya cəlb edilməsi məqsədilə Dövlət Baş Sığorta Agentliyi və Dövlət Yol Polisi əməkdaşları birlikdə müntəzəm reydlər aparmışlar. Bundan başqa, əhalinin sığorta sahəsində maarifləndirilməsi məqsədilə sığorta müqavilələri bağlanarkən sığortanın əhəmiyyəti, şərtləri barədə ətraflı məlumatlar verilməsi diqqətdə saxlanılmış, yığıncaqlar keçirilmiş, vətəndaşlara və sahibkarlıq müəssisələrinə sığortanın ayrı-ayrı növləri ilə əlaqədar bildiriş vərəqələri verilmiş və məlumatlandırma işi aparılmışdır.
Xəbərlər şöbəsi