Ölkə Prezidenti cənab İlham Əliyevin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da informasiya və kommunikasiya texnologiyaları respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir.
Ölkədə “elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir və dövlət-vətəndaş münasibətlərinin informasiya texnologiyaları vasitələrindən istifadə etməklə sadələşdirilməsi, şəffaflaşdırılması bürokratik əngəllərin qarşısının alınmasına xidmət edir. Dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi, elektron xidmətlərin əlçatanlığının artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi, vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi adıçəkilən strategiyanın başlıca prinsiplərindəndir.
İnformasiya cəmiyyətinin əsas elementlərindən olan elektron dövlətin (e-dövlət) yaradılmasında əsas məqsəd internet və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə dövlət idarələrinin vətəndaşlara göstərdikləri xidmətlərin səviyyəsini yüksəltmək, dövlət informasiya resurslarına girişi sadələşdirmək, cəmiyyətin bütün təbəqələrinin dövlət idarəçiliyində aktiv iştirakını təmin etmək və bununla da, idarəçiliyin səmərəliliyini artırmağa nail olmaqdır.
Bu əsasda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən 22 adda elektron xidmət göstərilməsi nəzərdə tutulmuşdur.
Fond informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə vətəndaşlara və təşkilatlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətlərin təqdimedilmə müddətinin azaldılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Bura məcburi dövlət sosial sığortası sahəsində şərti yığımı təmin edəcək sığortaolunanların fərdi hesabları üzrə ödənilmiş sığorta haqları barədə məlumat bazasının yaradılması, bütün mövcud proseslərin, yəni həm məcburi dövlət sosial sığorta haqlarının toplanması və fərdi uçotunun qurulması, həm pensiyaların məbləğinin hesablanması, həm də onların ödənişi və ödənişinə nəzarətin avtomatlaşdırılması kimi tədbirlər daxildir.
Hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılması istiqamətində tədbirlər davam etdirilməkdədir.
Elektron sənəd dövriyyəsinin tətbiqi sənədlərin hazırlanması və emalına sərf olunan əməyin və vaxtın azalmasına, idarəçilikdə qərarların qəbul edilməsinə, icra intizamının yüksəldilməsinə və nəzarət mexanizminin sadələşməsinə, əhaliyə xidmətin operativliyinə, dövlət və özünüidarəetmə orqanlarının fəaliyyəti haqqındakı informasiya və xidmətlərə əlyetərliliyi, eyni zamanda müəyyən iqtisadi səmərəlilik əldə etməyə imkan verir.
Qeyd edək ki, fondun informasiya idarəetmə sistemi üç hissədən – fərdi uçot və fərdi şəxsi hesablar sistemi; sığortaedənlərin mərkəzi qeydiyyat sistemi; sığortaedənlərin maliyyə hesabatlarının mərkəzi emal sistemindən ibarətdir. Sistemin əsas hissəsində müvafiq proseslərin yerinə yetirilməsini təmin edən proqram təminatı hazırlanıb və tam həcmdə istifadə olunur. Buraya fərdi uçot və fərdi şəxsi hesablar sistemi, sığortaedənlərin il ərzində hansı sığortaolunan üçün nə qədər məcburi dövlət sosial sığorta haqqı ödədiyi barədə məlumatların fondun rayon şöbələri vasitəsilə mərkəzə ötürülməsi və mərkəzdə bu maliyyə göstəricilərinin hər bir konkret sığortaolunanın fərdi hesabına daxil edilməsi aiddir. Həmçinin proses ardıcıllığına sığortaedənlərin maliyyə hesabatlarının mərkəzi emal sistemi, sığortaedənlərin məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair rüblük hesabatlarının fondun rayon şöbələrində qəbulu və “Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi məsləhətçisinin avtomatlaşdırılmış iş yeri” sistemi vasitəsilə emal edilməsi, hesabatlar komplektinin alınması, bu emalın nəticələrinin mərkəzdə qəbul edilərək müxtəlif istiqamətlərdə təhlillər və yekun hesabatların alınması daxildir. Növbəti mərhələlər sığortaedən tərəfindən məcburi dövlət sosial sığortası üzrə hesabatların (“Bəyannamə 1”, “Bəyannamə 2” formaları) və məcburi dövlət sosial sığorta haqları üzrə məlumatların (“Bəyannamə 3” forması) elektron sənəd formasında hazırlanması və fonda göndərilməsi; sığortaedənlər tərəfindən göndərilmiş elektron sənədlərin fondun müvafiq orqanları tərəfindən qəbulu və sığortaedənlərin məlumatlandırılması mərhələlərindən ibarətdir.
Bu əsasda fondun informasiya idarəetmə sisteminin tərkibində məcburi dövlət sosial sığortası üzrə hesabatların (“Bəyannamə 1”, “Bəyannamə 2” formaları) və məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların (“Bəyannamə 3” forması) elektron formada hazırlanması və internet üzərindən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumlarına çatdırılması üçün yeni xidmət istifadəyə verilmişdir.
Hazırkı mərhələdə bu hesabatlar fondun yerli orqanlarında elektron poçt rejimində qəbul olunur. Hesabatları elektron poçt rejimində təqdim etmək üçün sığortaedənlər fondun yerli orqanları tərəfindən müvafiq proqram təminatı (B1 Editor, B2 Editor, B3 Editor) ilə təmin edilərək onlara elektron poçt ünvanı bildirilir. Proqram təminatı kompüterə yüklənməlidir. “Məcburi dövlət sosial sığortası üzrə hesabatların (“Bəyannamə 1”, “Bəyannamə 2”) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (“Bəyannamə 3”) elektron formada qəbulu” adlı proqramda sığortaedənlərə təklif olunan elektron xidmətlər, onlardan istifadə qaydaları öz əksini tapıb. Bura sığortaedənin Dövlət Sosial Müdafiə Fondu orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatının tərtibi üzrə proqram təminatından hüquqi və fiziki şəxslərin (“Bəyannamə 1”) istifadə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin Dövlət Sosial Müdafiə Fondu orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatının (“Bəyannamə 2”) tərtibi üzrə proqram təminatından istifadə, məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (“Bəyannamə 3”) tərtibi üzrə proqram təminatından istifadə, hesabat və məlumatların Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına elektron formada təqdim edilməsi daxildir.
“Məcburi dövlət sosial sığortası üzrə hesabatların (“Bəyannamə 1”, “Bəyannamə 2”) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (“Bəyannamə 3”) elektron formada qəbulu” adlı elektron xidmət sığortaedənlərlə fondun orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaradır, sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir.
İlham NƏCƏFOV
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı