Öz müalicəvi əhəmiyyətinə görə dünyada tanınmış Naxçıvanın Duzdağında hər il çoxlu sayda insan şəfa tapır. Bunlar arasında ölkəmizin vətəndaşları ilə yanaşı, dost ölkələrdən gəlmiş müxtəlif kateqoriyadan olan insanlar da vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dəvəti ilə gürcüstanlı uşaqların burada pulsuz müalicə alması isə artıq ənənə halını almışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2012-ci ilin yanvar ayında Gürcüstanın Acarıstan Muxtar Respublikasına səfəri zamanı səhiyyə sahəsində əlaqələrin inkişafı barədə də fikir mübadiləsi aparılıb, bu sahədə qarşılıqlı əməkdaşlığın perspektivləri nəzərdən keçirilib. Ali Məclisin Sədri səhiyyə sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib, tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən acarıstanlı uşaqların Naxçıvanın Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunması barədə təklif razılıqla qarşılanıb.
2012-ci il iyun ayının 2-dən 14-dək Acarıstan Muxtar Respublikasından olan və astma-bronxit xəstəliyindən əziyyət çəkən 14 uşaq Duzdağ Fizioterapiya Mərkəzində pulsuz müalicə kursu keçib. Ötən ilin iyun ayında Acarıstan Muxtar Respublikasından olan daha 19 uşaq Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunub.
Bu tədbirlərin davamı kimi, avqustun 23-də Acarıstan Muxtar Respublikasından olan 23 uşaq və 5 valideyn Naxçıvan Muxtar Respublikasına gəlib. “Duzdağ” otelində qonaqları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev, Duzdağ Fizioterapiya Mərkəzinin baş həkimi Ruslan Süleymanov və Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndələri qarşılayıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Gürcüstanın Acarıstan Muxtar Respublikası ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında yaradılmış əlaqələr müxtəlif sahələrdə öz bəhrəsini verməkdədir. Artıq üçüncü ildir ki, astma xəstəliyindən əziyyət çəkən xeyli sayda acarıstanlı uşaq Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunmaq imkanı tapır. Naxçıvanın təbii müalicə mərkəzləri haqqında məlumat verən Rəhman Məmmədov deyib ki, 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılan Duzdağ Fizioterapiya Mərkəzi təbii müalicə ocağıdır. Son illər əsaslı şəkildə yenidən qurulan mərkəzdəki duz şaxtalarında bronxial-astma və ağciyər-bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunurlar. Xəstələrə həkimlər tərəfindən müxtəlif müalicə kursları tətbiq edilir. Acarıstan Muxtar Respublikasından gələn xəstələrin də Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunması üçün hər cür şərait vardır.
Mərkəzə gəlmiş uşaqlarla görüşmək və onlara yaradılmış şəraitlə tanış olmaq üçün dünən Duzdağ Fizioterapiya Mərkəzində olduq. Burada bizə məlumat verildi ki, bu dəfə Acarıstandan gəlmiş qrupda 28 nəfər vardır. Onlardan 23 nəfəri müalicə üçün gəlmiş uşaq, digər 5 nəfəri isə Acarıstan Səhiyyə Nazirliyinin əməkdaşları və valideynlərdir. Uşaqlarla görüşdə onların burda olmaqdan sevinc hissi keçirdiklərini duyduq. Burada özlərini evdəki kimi hiss etdiklərini bildirən acarıstanlı uşaqlar və onları müşayiət edənlər yaradılmış şəraitdən və qonaqpərvərlikdən çox razılıq etdilər. İkihəftəlik müalicə kursu bitdikdən sonra ölkələrinə geri qayıdacaq acarıstanlı qonaqlar Naxçıvanda gördükləri yüksək xidmət mədəniyyətini, iqtisadi inkişafı dostları ilə bölüşəcəklərini bildirdilər.
Acarıstanlı uşaqlar üçün Duzdağ şaxtalarında təşkil olunan müalicə kursu ilə yanaşı, onların asudə vaxtlarının da səmərəli təşkilinə diqqət yetirilir. Onlardan bəziləri buraya ikinci və üçüncü səfərlərinin olmasına baxmayaraq, Naxçıvan şəhərinin görməli yerlərini çox bəyəndiklərini dedilər. Proqram isə zəngindir. Acarıstanlı qonaqlar qaldıqları “Duzdağ” otelində gündə üç dəfə yeməklə təmin olunur, müxtəlif əyləncə xidmətlərindən istifadə edirlər. Gündüz saatlarında isə onları Naxçıvanın müxtəlif görməli yerləri ilə tanışlıq gözləyir.
Əli CABBAROV