22 Dekabr 2024, Bazar

Avqustun 13-də Ordubad Rayon Prokurorluğu rayonun Yuxarı Əylis kəndində maarifləndirici tədbir keçirib.
Tədbirdə Ordubad rayon prokuroru, baş ədliyyə müşaviri Yusif Abdullayev “Enerji ehtiyatlarından qənaətlə istifadə olunmalıdır” mövzusunda çıxış edib.
Bildirilib ki, ölkəmizin digər regionları kimi, Naxçıvan Muxtar Respublikasında da hər bir vətəndaşın normal yaşayışı üçün kommunal xidmətlərin səviyyəsi yüksəldilir, əhalinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı ön plana çəkilir. Bu baxımdan enerji ehtiyatlarının qeyri-qanuni istifadəsinə qarşı mübarizənin gücləndirilməsi istiqamətində əhalinin maarifləndirilməsinə diqqətin artırılması zəruridir.

Tədbirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təbii qaz, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşularaq bu enerji resurslarının xeyli miqdarda ziyan vurulmaqla talanmasına görə təqsirli bilinən şəxsin 1000 manatdan 3000 manatadək məbləğində cərimələnməsinin və ya 2 ilədək müddətə islah işləri ilə cəzalandırılmasının nəzərdə tutulduğu kənd sakinlərinə izah edilib. Həmçinin eyni əməllərin külli miqdarda ziyan vurulmaqla törədilməsinə görə təqsirli bilinən şəxsin 3000 manatdan 5000 manatadək məbləğində cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla biləcəyi diqqətə çatdırılıb.
Həmçinin bildirilib ki, təbii qaz, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu enerji resurslarının az miqdarda, yəni min manatdan aşağı məbləğdə ziyan vurulmaqla talanmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində müvafiq cəzalar nəzərdə tutulub.
Ordubad rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Zamin Nəzərəliyev çıxış edərək ətraf mühitin mühafizəsi əleyhinə yönəldilmiş inzibati xətalar və cinayətlər, həmçinin qanunsuz ovetmə və ağackəsmə ilə müşayiət olunan ictimai təhlükəli əməllər haqqında, bu əməllərə görə cinayət və inzibati xətalar qanunvericiliyində nəzərdə tutulan cəzalar barədə tədbir iştirakçılarına məlumat verib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR