22 Dekabr 2024, Bazar

Yanacaqdoldurma məntəqələri insanların daha çox istifadə etdiyi obyektlərdən olmaqla, partlayış kateqoriyalı ən təhlükəli obyektlər siyahısına daxildir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi yanacaqdoldurma məntəqələrində texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunması məqsədilə müəssisə rəhbərləri və orada çalışan insanlar tərəfindən aşağıda qeyd olunan texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə ciddi əməl olunmasını vacib hesab edir.
Yanacaqdoldurma məntəqələrinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması, mövcud istismar qaydalarının tələblərinə əməl olunma­ması, işin düzgün təşkil edilməməsi, əməkdaşlara əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarının öyrədilməməsi, qabaqlayıcı tədbirlərin həyata keçirilməməsi, ehtiyatsızlıq yanacaqdoldurma məntəqələrində yanğın və partlayış təhlükəsi yaradan başlıca səbəblərdəndir. Bütün bu amillər mövcud qaydalara əsasən, diqqət mərkəzində saxlanılarsa, təbiət hadisələrinin təsiri istisna olmaqla, yanacaqdoldurma məntəqələrində fövqəladə hadisələrin, o cümlədən partlayış və ya yanğın hadisələrinin başvermə ehtimalı olduqca aşağı olar.

Yeraltı maye yanacaqsaxlama çənləri olan yanacaqdoldurma məntəqələrinin məktəbəqədər uşaq müəssisələrindən, stasionar müalicə müəssisələrindən, yaşayış və ictimai binalardan ən azı 50 metr məsafədə tikilib-quraşdırılması tövsiyə olunur.
Təhlükəsizliyi təmin etmək məqsədilə yüksəkgərginlikli və daha yuxarı gərginliyə malik elektrik hava xətlərindən yanacaqdoldurma məntəqələrinə qədər olan məsafə 10 metrdən az olmamalıdır. Gərginlik və ya digər parametrlərdən asılı olmayaraq, yüksəkgərginlikli elektrik hava xətlərinin yanacaqdoldurma məntəqələrinin üzərindən keçməsi qadağandır.
Təcrübə və statistika göstərir ki, yanacaqdoldurma məntəqələrində baş verən hadisələr daha çox istismar qaydalarının pozulması nəticəsində baş verir. Ona görə də yanacaqdoldurma məntəqələrində işə qəbul olunmuş hər bir əməkdaşın ümumi texniki, o cümlədən yanğın təhlükəsizliyi qaydalarını mükəmməl bilməsi çox vacibdir.
Yanacaqdoldurma məntəqələrində ilkin yanğınsöndürən alət və vasitələr daim normaya uyğun saxlanılmalıdır. Yanacaq doldurarkən avtomobillərin mühərriki söndürülməlidir.
Yanacaqdoldurma məntəqələrində yeraltı və yerüstü yanacaqsaxlama çənlərində sızmanı nəzarətdə saxlayan avtomatik sistemin nəzarət lövhəsi fasiləsiz olaraq müşahidə altında saxlanılmalıdır. Yanacaqdoldurma məntəqələrinin ərazisində siqaret çəkilməsi qəti qadağan edilməli və bu, ciddi nəzarətdə saxlanılmalıdır. Burada mobil telefonlardan istifadə olunması da yanğın təhlükəsizliyi qaydalarına ziddir. Yadda saxlamaq lazımdır ki, mobil telefonların açılması və ya zəng çalması nəticəsində yayılan dalğa yanmaya səbəb olacaq kiçik qığılcımın meydana gəlməsi üçün kifayət edəcək qədər enerji yaradır. Bu səbəbdən də yanacaqdoldurma məntəqələrində olarkən və ya maşınlara yanacaq doldurarkən mobil telefonlardan qəti surətdə istifadə edilməməlidir.
Yuxarıda qeyd olunanlarla bağlı hər hansı bir yanğın hadisəsi baş verərsə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin şəhər-rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” nömrəli xidməti telefonlarına zəng etməyi unutmayın.

Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR