Muxtar respublikada gedən sürətli sosial-iqtisadi inkişafın nəticələri özünü sığorta sahəsində də göstərməkdədir. Vətəndaşlar baş verə biləcək qəfil hadisələrdən sığortalanmaqla daşınmaz əmlaklarına, avtomobillərinə dəymiş zərərlərin ödənməsini, üçüncü şəxslərə vura biləcəkləri zərərə görə mülki məsuliyyətlərini zəmanət altına almış olurlar. Muxtar respublikamızda sığorta fəaliyyətinin müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyəti olub və vətəndaşların sığorta xidmətləri ilə tam təmin olunması istiqamətində səmərəli işlər görülməkdədir. Belə ki, muxtar respublikanın rayonlarında, kənd mərkəzlərində, səhiyyə, mədəniyyət, təhsil ocaqlarında, sahibkarlıq obyektlərində aparılan görüşlər, keçirilən maarifləndirici tədbirlər artıq öz bəhrəsini verməkdədir.
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyindən aldığımız məlumata görə, ötən ilin ilk yeddi ayı ilə müqayisədə cari ilin müvafiq dövründə sığorta tədiyyələrinin toplanması və müqavilələrin bağlanmasında 8,7 faiz artım müşahidə olunub. Nəqliyyat, daşınmaz əmlak sığortası, insanların sağlamlığına dəymiş zərərlər və digər sığorta növləri üzrə ödənilən sığorta məbləğləri isə 22,1 faiz artıb. Bu hal vətəndaşlar üçün sığortanın nə qədər əhəmiyyətli olduğunu bir daha göstərməkdədir.
Əli CABBAROV