Dünən Culfa şəhərində növbəti əmək yarmarkası keçirilib. Tədbiri giriş sözü ilə açan Culfa Rayon Məşğulluq Mərkəzinin direktoru Yalçın Hüseynov muxtar respublikada əhalinin məşğulluğunun təmin olunması istiqamətində son illər həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb. Qeyd olunub ki, şəhər və rayonlarımızda fəaliyyət göstərən məşğulluq mərkəzləri öz işlərini təmsil etdikləri bölgələrdə idarə, müəssisə və təşkilatlarla əlaqəli şəkildə quraraq boş iş yerləri haqqında məlumatlar toplayır, əmək yarmarkalarında həmin iş yerlərini qeyri-məşğul vətəndaşlara təqdim edirlər. Culfa Rayon Məşğulluq Mərkəzi də fəaliyyətini bu istiqamətdə qurub. Ötən illərdə mərkəzə müraciət edən vətəndaşlar əmək yarmarkaları vasitəsilə özlərinə daimi iş yeri tapıb.
Əmək yarmarkasında Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Qasımov çıxış edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi məşğulluq strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində müvafiq tədbirlər reallaşdırılır. Qeyd olunub ki, muxtar respublikamızda da həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təminatında mühüm rol oynayır və muxtar respublika sakinləri tərəfindən onlara göstərilən böyük qayğı kimi dəyərləndirilir.
Tədbirdə çıxış edən işaxtaran vətəndaş Əbülfəz Əliyev dövlətimiz tərəfindən əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərə görə minnətdarlığını bildirib.
Yarmarkada işaxtaran vətəndaşlara 23 təşkilatdan 183 boş iş yeri təqdim edilib. Tədbirdə 35 nəfərə işə göndəriş verilib.
Xəbərlər şöbəsi