Naxçıvan Şəhər Elektrik Şəbəkəsindən aldığımız məlumata görə, 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar kompleks tədbirlər həyata keçirilib, transformator yarımstansiyalarında əsaslı və cari təmir işləri aparılıb, istismar müddəti başa çatmış elektrik dirəkləri yeniləri ilə əvəz olunub, dirəklərarası məsafələr normaya salınıb, kabellər, eləcə də məftillər yeniləri ilə əvəz edilib, 10/0,4 kilovoltluq elektrik xətləri çəkilib bərkidilib.
Elektrik enerjisi verilişinin tənzimlənməsi və texniki itkinin minimuma endirilməsi məqsədilə Naxçıvan şəhərində müxtəlif gücə malik 2 ədəd yeni transformator yarımstansiyası quraşdırılıb, 3 ədəd transformator isə azgüclü transformatorla əvəz edilib.
Naxçıvan şəhərində 10 və 0,4 kilovoltluq elektrik hava xətlərinin yeraltı kabellərlə əvəz edilməsi istiqamətində işlər davam etdirilib, 11 min 334 metr uzunluğunda 10 kilovoltluq, 2 min metr uzunluğunda isə 0,4 kilovoltluq hava xətləri yeraltı kabellərlə əvəz edilib, istismar müddəti başa çatmış 94 ədəd elektrik dirəyi ləğv olunub.
Məlumatda bildirilir ki, elektrik enerjisindən səmərəli istifadə edilməsi və sərf olunan elektrik enerjisinin dəyərinin ödənilməsi işi də diqqət mərkəzində saxlanılıb, 171 abonentə yeni elektrik xətti çəkilib, elektrik sayğacları quraşdırılıb, texniki cəhətdən sıradan çıxmış 274 sayğac yenisi ilə əvəz edilib. Sayğacdankənar elektrik enerjisindən istifadə hallarının qarşısının alınması məqsədilə reydlər keçirilib, 30 halda sayğacdankənar xətt aşkar edilərək 12 min 250 manat məbləğində cərimə ödənilib. Cari ilin ilk 7 ayında, ümumilikdə, 23 milyon 477 min kilovat-saat elektrik enerjisi sərf edilib və bunun müqabilində 1 milyon 408,9 min manat elektrik enerjisi haqqı toplanılıb. Bu da verilmiş enerjinin dəyərinin 100,02 faizini təşkil edir.
Xəbərlər şöbəsi