Dünən Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyində yük və sərnişindaşıma xidməti ilə məşğul olan hüquqi və fiziki şəxslərin iştirakı ilə seminar-müşavirə keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatda əlaqələndirmə və lisenziyalaşdırma şöbəsinin müdiri Ramin Qəhrəmanov çıxış edib.
Bildirilib ki, muxtar respublikamızda digər sahələrlə yanaşı, avtomobil nəqliyyatı sahəsində də əsaslı islahatlar aparılıb və müsbət nəticələr əldə edilib. Muxtar respublika rəhbərinin bu sahəyə diqqət və qayğısının nəticəsidir ki, ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınır, rayon mərkəzlərində yeni avtovağzallar tikilib istifadəyə verilir. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, bu sahədə həyata keçirilən müxtəlif tədbirlər avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmalarının müasir tələblərə uyğun yerinə yetirilməsi zərurətini yaradır. Qeyd olunub ki, muxtar respublika ərazisində sərnişin və yük daşınmasına görə razılıq (lisenziya) qanunvericilikdə nəzərdə tutulmuş qaydada Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi tərəfindən 5 il müddətinə verilir.
Şöbə müdirinin sözlərinə görə, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını yerinə yetirən sürücülərin intizam qaydalarına necə əməl etmələrini yoxlamaq məqsədilə Naxçıvan şəhərində bir sıra reydlər keçirilib, qanun pozuntusuna yol verən sürücülər saxlanılaraq cəzalandırılıblar. Vergi borcunu ödəməyən, qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qeyri-qanuni sərnişindaşıma ilə məşğul olmamaq haqqında xəbərdarlıqlar edilib, tabe olmayan sürücülər Dövlət Yol Polisi əməkdaşları ilə birlikdə keçirilən reydlərdə saxlanılaraq cəzalandırılıblar.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi tərəfindən cari ilin ötən dövründə 129 ədədi yük, 91 ədədi sərnişindaşıma fəaliyyəti olmaqla, cəmi 220 ədəd xüsusi razılıq (lisenziya), sərnişin və yük daşıyan 9 min 126 ədəd avtonəqliyyat vasitələrinə fərqlənmə nişanı, onlardan 103 ədədinə isə xüsusi fərqlənmə nişanı verilib.
“Yol-nəqliyyat kompleksinin yenidən qurulması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib, yük və sərnişindaşıma xidmətlərinin günün tələbləri səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb”, – deyən Ramin Qəhrəmanov onu da qeyd edib ki, 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar qarşıya qoyulan başlıca vəzifə avtomobillərin vaxtında texniki müayinədən keçirilməklə saz vəziyyətdə istismar olunmasından ibarətdir. Bu mühüm əhəmiyyətli sahə də diqqət mərkəzində saxlanılıb, cari ilin ötən dövründə 4078 ədəd avtonəqliyyat vasitəsi texniki müayinədən keçirilib ki, bunun 1368 ədədi taksi, 2710 ədədi isə digər avtonəqliyyat vasitələri olub. Bu istiqamətdə işlər davam etdirilir.
Sonra nazirliyin Nəqliyyat müfəttişliyi və təhlükəsizlik şöbəsinin müdiri Elxan Novruzov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasını həyata keçirən sürücülərin intizam qaydalarına uyğun fəaliyyət göstərmələri mütəmadi olaraq nəzarətdə saxlanılır. Bu qaydalara əsasən, sərnişindaşıma hüququ müvafiq ixtisas tələblərinə və sağlamlıq vəziyyəti müvafiq normalara cavab verən fiziki şəxslərə verilir. Nəqliyyat vasitəsini idarəetmə hüququ müvafiq normativ-hüquqi aktlarla müəyyən olunmuş qaydada və formada verilmiş sənədlərlə təsdiq edilir. İctimai nəqliyyatda sərnişin daşınması ilə məşğul olan hər bir sürücünün idarə etdiyi avtomaşının fəaliyyət göstərməsi üçün xüsusi razılığın (lisenziyanın) verilməsini təsdiq edən sənəd olmalı, sürücülük rekvizitləri qanunvericiliyin tələblərinə cavab verməlidir. Qeyd olunub ki, cari ilin ötən dövründə sərnişin, eləcə də yük daşınması ilə məşğul olan fiziki və hüquqi şəxslərin fəaliyyətinə nəzarət məqsədilə müxtəlif reydlər aparılıb, nəticədə, qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərən 369 avtonəqliyyat vasitəsi sahibi aşkar olunub, onlardan 220 nəfər lisenziyaya cəlb edilib, intizama tabe olmayan 149 nəfər haqqında cəza tədbiri görülmək üçün müvafiq orqanlara məlumatlar göndərilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Kərəm HƏSƏNOV