Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi ölkəmizdə aparılan sosial-iqtisadi islahatların tərkib hissələrindən biridir. Naxçıvan Muxtar Respublikasında da ekoloji sağlamlığın təmin edilməsi və ətraf mühitin mühafizəsi məqsədilə mühüm addımlar atılır. Son illər bu sahədə görülən işlər Naxçıvan şəhərinin də simasını dəyişməklə bərabər, həm də təmiz, ekoloji cəhətdən saf bir şəhər mühitinin yaradılması ilə nəticələnmişdir. Təbii ki, həyata keçirilən tədbirlər nəticəsində şəhərimizin sanitar-epidemioloji vəziyyəti də xeyli dəyişmişdir. İsti yay günlərində mövcud epidemioloji vəziyyətin necə olduğunu öyrənmək üçün Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Oruc Əliyevlə həmsöhbət olduq:
– Oruc həkim, ilk olaraq, rəhbərlik etdiyiniz mərkəzin fəaliyyət istiqamətləri haqqında oxucularımıza məlumat verərdiniz.
– Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əsas fəaliyyəti şəhərimizdə epidemioloji vəziyyətin qorunmasını təmin etməkdən və şəhərdə fəaliyyət göstərən xidmət, ticarət və ictimai-iaşə obyektlərində sanitar-gigiyenik vəziyyətə nəzarətin diqqət mərkəzində saxlanılmasından ibarətdir. Ümumiyyətlə, Naxçıvan şəhərində sanitar-epidemioloji vəziyyətə nəzarətin təmin olunması təkcə bizim deyil, bütün vətəndaşlarımızın borcudur. Bildiyiniz kimi, şəhərimizdə aparılan tikinti-quruculuq işləri, yeni salınan park, meydan və küçələr hər birimizdən bu gözəllikləri qorumaq üçün yüksək məsuliyyət tələb edir. Bunun üçün yüksək vətəndaş mövqeyi göstərməyə çalışmalıyıq.
– Təbii ki, görülən işlərin müəyyən bir hissəsini müxtəlif ünvanlarda aparılan sanitar-gigiyenik tədbirlər təşkil edir. Bu haqda nə deyə bilərsiniz?
– Mütəmadi olaraq Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya şöbəsi tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən xidmət, ictimai-iaşə, ərzaq satışı ilə məşğul olan ticarət obyektlərində, kommunal müəssisələrdə, uşaq-yeniyetmə müəssisələrində sanitar-gigiyenik qaydalara və gigiyenik normativlərə əməl olunması məqsədilə yoxlamalar aparılır. Məsələn, şəhərimizdə fəaliyyət göstərən xidmət obyektlərindən gözəllik salonlarının və bərbərxanaların, hotel və yataqxanaların sanitar-gigiyenik vəziyyəti ilə maraqlanılıb, lazım olan tədbirlər görülüb. Həmçinin Naxçıvan şəhərində fəaliyyət göstərən müalicə-profilaktika müəssisələrində, istər dövlət, istərsə də özəl tibb müəssisələrində 2014-cü il ərzində Sanitariya şöbəsinin həkimləri tərəfindən 2 dəfə yoxlama aparılıb, aşkar edilən nöqsanlarla bağlı mərkəz tərəfindən lazımi göstərişlər verilib. Bundan başqa, uşaq və yeniyetmə müəssisələrində, bağça və məktəblərdə vaxtaşırı sanitar-gigiyenik yoxlamalar aparılır.
Qeyd edim ki, mərkəz tərəfindən görülən işlərin bir qismini də maarifləndirmə tədbirləri təşkil edir. Buna görə əməkdaşlarımız tərəfindən mütəmadi olaraq müxtəlif ünvanlarda, xüsusilə məktəbəqədər və digər təhsil ocaqlarında uşaqlar arasında şəxsi gigiyena qaydalarına riayət edilməsi, yoluxucu xəstəliklərdən qorunma yolları haqqında sanitariya maarifi işləri aparılır. Eyni zamanda bu müəssisələrdə fəaliyyət göstərən mətbəxlərdəki sanitar vəziyyətin qənaətbəxş olması daim diqqət mərkəzində saxlanılır, uşaq bağçalarından xörək nümunələri götürülərək mərkəzin qida laboratiyasında təhlil olunur.
Bundan başqa, yenidoğulmuş uşaqlar arasında idarə olunan xəstəliklərə qarşı profilaktik peyvəndlərin aparılması üçün Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası və Doğum Mərkəzi vaxtaşırı olaraq peyvənd materialları ilə təmin edilir. Xəstəxanalardakı peyvənd otaqları sanitar-gigiyenik normativlərə əməl olunması baxımından epidemioloqlar tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanılır.
– Oruc həkim, havaların isti keçməsi ilə əlaqədar ehtimal ediləcək xəstəliklərə qarşı hansı mübarizə tədbirləri aparılır?
– Havaların isti keçməsi ilə əlaqədar bir sıra bağırsaq infeksiyalarının törədici mikroorqanizmlərinin fəallığı artdığı üçün vəba və digər xüsusi xəstəliklərə qarşı əks-epidemik tədbir kimi aprel ayından etibarən mütəmadi olaraq su mənbələri və su anbarlarında suyun xlorlanması ilə bağlı tədbirlər aparılır. Bu müddət ərzində vəbaya görə açıq su hövzələrindən su və ətraf ərazilərdən qarayara, tetanus və digər xəstəliklərə görə torpaq nümunələri götürülərək mərkəzin Xüsusi təhlükəli xəstəliklər şöbəsinin laboratoriyasında yoxlamadan keçirilib.
Naxçıvan şəhərində ət satışı ilə məşğul olan mağazalarda sanitar-gigiyenik qaydalara və gigiyenik normativlərə uyğun olaraq, həmin obyektlərdə Naxçıvan Şəhər Baytarlıq İdarəsinin əməkdaşları ilə birlikdə xlorlama işi aparılıb. Ət satışı yerlərində cari dezinfeksiya işləri görülüb, ət satışı ilə məşğul olan şəxslər tibbi laborator müayinəyə cəlb edilib. Heyvan kəsilən yerlərdə, su-kanalizasiya sistemində xlorlu əhəng məhlulu ilə dezinfeksiya işləri aparılıb. Dezinfeksiya bölməsinin əməkdaşları tərəfindən 2014-cü il ərzində Naxçıvan şəhəri üzrə yaşayış və qeyri-yaşayış binalarında, inzibati binalarda, məktəb və bağçaların dam örtüklərində və zirzəmilərində, həyətyanı sahələrdə dezinfeksiya tədbirləri həyata keçirilib. Ümumilikdə, cari ilin ötən dövrü ərzində həyata keçirilmiş və hazırda davam etdirilən tədbirlər nəticəsində şəhərimizdə sanitar-epidemioloji vəziyyətin qənaətbəxş olduğunu söyləyə bilərik. Bu vəziyyətin qorunmasında, inanırıq ki, vətəndaşlarımız da hər zaman aktivlik nümayiş etdirməyə davam edəcəklər.
Müsahibə üçün sağ olun.
Sona MİRZƏYEVA