Teatr sənəti sintezi sevən bir sahədir. Burada tamaşa üçün təkcə aktyor oyunu kifayət etmir. Teatrı real həyata yaxınlaşdırmaq üçün, təbii ki, səhnədə məkanın, geyimin, musiqinin, rənglərin əhəmiyyəti çoxdur. Bu vacib məsələni isə birmənalı şəkildə peşəkar teatr rəssamı həll edir.
Teatr rəssamı digər rəssamlardan tamamilə fərqlənir. Bu sahənin adamları teatr sənətinin incəliklərini də yaxşı bilməlidirlər. Bu baxımdan Azərbaycan teatr məktəbində Naxçıvanın teatr rəssamlarının xüsusi yeri var. Bu günə qədər Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ona qədər rəssamın quruluş verdiyi tamaşalar səhnəyə qoyulub. Etiraf edək ki, bunların hamısı da özünəməxsus uğurla, təkrarsız koloritlə yadda qalıb. Şərqin ikinci qocaman teatrının tarixində Bəhruz Kəngərli, Şamil Qazıyev, Məmməd Qasımov, Şəmil Mustafayev, Yuran Məmmədov, Hüseynqulu Əliyev, Səyyad Bayramov kimi rəssamlar tamaşalara öz bacarıqları ilə yaddaqalan bədii tərtibatlar veriblər. Son illər isə teatrın səhnəsində yeni bir rəssamın imzası tanınmağa başlayıb – Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundovun.