Naxçıvan ərazisi qədim abidələr və maddi-mədəniyyət nümunələri ilə zəngindir. Belə abidələrdən biri də Culfa rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən və böyük Əcəmi Naxçıvani memarlıq məktəbinin yadigarı olan Gülüstan türbəsidir. Muxtar respublikamızda tarixi abidələrin qorunmasına göstərilən dövlət qayğısı XII əsr Azərbaycan xatirə memarlığının ən dəyərli nümunələrindən sayılan bu türbəni də əhatə edib. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 oktyabr 2015-ci il tarixli “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncamının icrasına uyğun olaraq, 2015-ci ilin sonlarından burada bərpa işlərinə başlanılıb.
Ötən müddətdə “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən müxtəlif təsirlər nəticəsində üst örtüyü dağılmış türbə bərpa olunub, abidənin ətrafı abadlaşdırılıb. Türbənin ətrafı dəmir məhəccərlə çəpərlənərək əraziyə keçid üçün qapı qoyulub. Bundan əlavə, ərazidə memarlıq abidəsinə xidmət üçün birmərtəbəli inzibati bina da inşa olunub.
Qeyd edək ki, Culfa rayonu ərazisindəki Gülüstan türbəsinin elmi əsaslarla bərpa olunması bölgədə turizmin inkişafına da öz təsirini göstərəcəkdir.
Xəbərlər şöbəsi