Muxtar respublikada bu sahənin inkişafı üçün zəngin baza mövcuddur
Naxçıvan zəngin turizm potensialına malikdir. Martın 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə bu potensialdan düzgün istifadə olunması ilə bağlı səsləndirilən fikirlər turizmə yeni yanaşmanın ortaya qoyulmasını zəruri edir. Bu yanaşma həm də özlüyündə müxtəlif turizm növlərinin inkişaf etdirilməsinə yeni imkanlar açır. Son dövrlərdə turizmin inkişaf etdirildiyi ölkələrdə diqqət yetirilən sahələrdən biri də arxeoloji turizmdir. Bəs arxeoloji turizm nədir?
Arxeoloji turizm mədəni turizmin daxilində yer alan və insanların qədim dövrə, keçmişə marağından doğan istək əsasında formalaşan turizm növüdür. Əslində, səsləndirdiyimiz turizm növünün adı bizə müəyyən qədər məlumat verir. Ümumilikdə isə bu turizm növünün inkişaf etdirilməsində əsas məqsəd arxeoloji qazıntılar zamanı tapılan mədəniyyət abidələrinin aşkar edildiyi ərazidə nümayiş etdirilməsidir. Turizm mütəxəssislərinə görə insanlarda arxeoloji abidələrə maraq tədqiq olunduğu yerlərdə daha cəlbedici və maraqlı görünür. Mütəxəssislər məhz bu amili nəzərə alaraq onu turistlərin maraq dairəsinə yönəltməyi bacarmışlar. Yeri düşmüşkən, indiyədək dünyanın bir neçə ölkəsində beynəlxalq arxeoloji turizm konfransları təşkil olunub. Bəs muxtar respublikamızda bu sahənin potensialını və gələcək perspektivlərini necə dəyərləndirmək mümkündür?
Qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikasının coğrafi ərazisi tarixilik baxımından ölkəmizdə, eləcə də Cənubi Qafqazda özünəməxsusluğu ilə seçilir. Regionun yaşayış məskəni kimi minilliklərə gedib çıxan tarixinə buranın hər qarışında rast gəlmək olar. Aparılan arxeoloji təhlillər bu qədim Azərbaycan diyarının zəngin tarixə və mədəniyyətə malik olduğunu dəfələrlə sübut edib.
Hamımıza məlumdur ki, tarixin öyrənilməsində arxeologiya elminin xüsusi rolu var. Müasir dövrdə də ölkəmizdə milli tarix elminin ən mühüm sahəsini arxeologiya təşkil edir. Naxçıvanda arxeoloji tədqiqatlar özünəməxsus inkişaf yolu keçmişdir. AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilov bildirir ki, 1925-ci ildən 1928-ci ilədək fəaliyyət göstərən Azərbaycan “Tədqiq və Tətəbbö” Cəmiyyətinin Naxçıvan şöbəsi bütün sahələr kimi, arxeologiyanın da inkişafına, abidələrimizin öyrənilməsinə diqqət göstərib. Bu şöbə tərəfindən 1925-1926-cı illərdə Xaraba Gilanda, Qızılburunda aparılan arxeoloji tədqiqatlara yaxından köməklik edilib. Ancaq həmin dövrdə yerli mütəxəssislərin az olması səbəbindən bu işlə həvəskarlar, əcnəbi arxeoloqlar məşğul olublar. Ötən əsrin 30-cu illərində Oğlanqala, Şahtaxtı, Şortəpə abidələrində, 1951-1964-cü illərdə isə I Kültəpədə, Sədərək kəndindəki şəhər yerində, 1960-1969-cu illərdə II Kültəpə və digər abidələrdə arxeoloji tədqiqatlar aparılıb. Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbər seçilməsindən sonra digər sahələr kimi, Azərbaycanda, eləcə də muxtar respublikamızda tarixi və memarlıq abidələrinin, xüsusilə arxeoloji araşdırmaların tədqiqinə daha diqqətlə yanaşılıb. 1981-ci ilin sentyabr ayında ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda “Azərbaycan SSR-də memarlıq və arxeoloji abidələrin qorunması, bərpası və istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Qərar qəbul edilib. Qərarın Naxçıvanda da arxeologiya və etnoqrafiya elmlərinin inkişafında mühüm əhəmiyyəti olub, muxtar respublikamızın Qazma, Xaraba Gilan, Sumbatan, Haqqıxlıq, Şahtaxtı, Ovçular təpəsi, Xələc, Ərəbyengicə, Qızılburun, Damlama, Sarıdərə, I Maxta və digər abidələrində arxeoloji tədqiqatlar aparılıb. Müstəqilliyimizin bərpasından sonrakı dövrdə isə bu sahənin inkişafı yeni mərhələyə qədəm qoyub. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin abidələrimizin öyrənilməsi və qorunmasına göstərdiyi yüksək diqqət və qayğı Naxçıvanda arxeologiyanın daha da inkişaf etməsi ilə nəticələnib. 2001-2002-ci illərdə ümummilli liderimiz Heydər Əliyevin tövsiyəsi ilə Naxçıvan-Gəmiqaya ekspedisiyası təşkil olunub. Bununla bağlı Ali Məclisin Sədri 2001-ci il aprelin 26-da “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Gəmiqaya abidəsinə arxeoloji ekspedisiya təşkil edilib, yeni qayaüstü təsvirlər və arxeoloji abidələr aşkar edilərək tədqiq olunub. Ali Məclis Sədrinin 2005-ci il 6 dekabr tarixli “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamı digər tədqiqat işləri ilə yanaşı, aparılan arxeoloji tədbirlərin də intensivliyinə mühüm təsir göstərib. Azərbaycan Rеspublikasının Prеzidеnti cənab İlham Əliyеvin imzaladığı “Azərbaycan Milli Еlmlər Akadеmiyasının Arхеоlоgiya və Еtnоqrafiya İnstitutu tərəfindən aparılması nəzərdə tutulan arхеоlоji еkspеdisiyaların maliyyələşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam isə bu sahə ilə məşğul olan tədqiqatçıların qarşısında yeni vəzifələr qoyub. Sərəncamdan sonra sistemli arxeoloji tədqiqatlara başlanılıb, Şahtaxtı, Xaraba Gilan, Оvçular təpəsi, Оğlanqala, I Maxta Kültəpəsi, Ərəbyеngicə, Xələc, I Kültəpə, Meydantəpə, Qazma mağarası, Rəsul dərəsi və digər abidələrdə aparılan arxeoloji tədqiqatlar zamanı maddi və mənəvi mədəniyyətimizlə bağlı maraqlı arxeoloji materiallar, mühüm elmi nəticələr əldə olunub. Оvçular təpəsi, Оğlanqala, Duzdağ abidələrindəki arxeoloji qazıntılarda yerli mütəxəssislərlə yanaşı, ABŞ, Almaniya, Macarıstan, İsveç, İtaliya, Suriya, Türkiyə və Fransa arxеоlоqları da iştirak ediblər. Son illərdə isə Azərbaycan-Amerika Birləşmiş Ştatları və Azərbaycan-Fransa arxeoloji ekspedisiyalarının Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Qız qalası yaşayış yeri, Qız qalası nekropolu, Ovçular təpəsi, Duzdağ, I Kültəpədə apardığı tədqiqatlar xüsusi əhəmiyyəti ilə seçilir. AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev yazır: “...Qız qalası yaşayış yerinin Cənubi Qafqaz və Yaxın Şərq arxeologiyası üçün böyük əhəmiyyəti vardır. Son illər bu qədim yaşayış yerinin ətrafında aparılan araşdırmalar zamanı Boyalı qablar mədəniyyətinin Naxçıvanla bağlı olmasına aid yeni faktlar aşkar olunub. Belə faktlardan biri Qız qalası yaşayış yerində zəngin mədəni təbəqənin olması və bu təbəqədən monoxrom və polixrom boyalı qabların aşkar olunmasıdır. Artıq böyük bir sahədə Orta Tunc dövrü təbəqəsi aşkar olunub və həmin dövrə aid yaşayış binalarının qalıqları üzə çıxarılıb. Tədqiqatlar zamanı həndəsi ornament və heyvan rəsmləri ilə bəzədilmiş boyalı qabların aşkar olunması Naxçıvanın Boyalı qablar mədəniyyətinin əsas mərkəzlərindən biri olduğunu, Cənubi Qafqazın, o cümlədən Azərbaycanın digər regionlarına boyalı qabların məhz Naxçıvandan yayıldığını təsdiq edir. Qız qalası yaşayış yerində müdafiə divarının aşkar olunması da ən mühüm faktlardandır. Çünki indiyədək Cənubi Qafqazın Orta Tunc dövrünə aid yaşayış yerlərində müdafiə divarlarının qalıqlarına rast gəlinməyib...”
Bu gün dövlət səviyyəsində abidələrimizə, arxeoloji tədqiqatlara göstərilən qayğının nəticəsidir ki, arxeoloji tədqiqatlar muxtar respublikamızda uğurla davam etdirilir, tarixin bir çox qaranlıq səhifələrinə işıq salınır. Bu sahədə aparılan araşdırmalarda Naxçıvanın Erkən əkinçilik, Kür-Araz, Boyalı qablar, Şəhərsalma mədəniyyətlərinin əsas mərkəzlərindən biri olması öz təsdiqini tapır. Bütün bunlar həm də onu göstərir ki, Naxçıvan Şərq sivilizasiyasının yarandığı və inkişaf etdiyi unikal məkanlardandır.
Göründüyü kimi, yuxarıda qeyd etdiklərimiz muxtar respublikamızda arxeoloji turizmin inkişaf etdirilməsi üçün çox böyük potensialın olduğundan xəbər verir. Belə olan halda, niyə turizmin bu sahəsinin inkişafında maraqlı olmayaq? Arxeoloji turizm digər turizm növlərindən bir sıra xüsusiyyətləri ilə fərqlənir. Birinci onu nəzərə alaq ki, arxeoloji turizmə maraqlı olan turistlər, əsasən, intellektual, ziyalı insanlardır. Belə turistlərin əksəriyyəti gördükləri, tanış olduqları ərazilərlə bağlı öz ölkələrində müəyyən məlumatlar və yaxud materiallar hazırlayıb yaymaqda maraqlı olurlar. Hətta bəzi ölkələrdə arxeologiyaya marağı olan müxtəlif peşə sahibləri öz məzuniyyətlərini arxeoloji qazıntı sahələrində keçirməyə üstünlük verirlər. Təbii ki, arxeoloji turizmin inkişaf etdirildiyi ölkələrdə ekspedisiyalara qoşulmaq üçün müəyyən prosedurlar mövcuddur. Lakin bütün bunlara baxmayaraq, istənilən halda əcnəbi turistin Naxçıvanda arxeoloji ərazilərlə tanış olması bizim üçün arzuolunan, diyarımızın təbliği baxımından isə əvəzolunmaz vasitədir. İnsanlar tarixi faktları kitabdan oxumaqdansa, onu yerində görməyə daha çox üstünlük verirlər. Eyni zamanda muxtar respublikamızda arxeoloji ərazilərin turistlərə nümayiş obyekti kimi təqdim olunması, həmin ərazilərə yaxın kənd yaşayış məntəqələrinə də turist axını yarada bilər.
Yazının sonunda qeyd etmək istərdik ki, son bir neçə ildə ölkəmizdə də bu turizm növünün inkişaf etdirilməsinə maraq artıb. Təbii ki, istənilən turizm sahəsinin inkişaf etdirilməsi müxtəlif layihələrin həyata keçirilməsini zəruri edir. Bu baxımdan ali təhsil müəssisələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələrə arxeoloji turizmin tədrisi, muxtar respublikanın zəngin və çoxsaylı arxeoloji turizm obyektləri haqqında elektron resurs bazasının yaradılması və sair ilkin addımlardan ola bilər. Düşünürük ki, Naxçıvanın əcnəbi turistlərə bu sahədə təqdim edəcəyi zəngin bazası var.
Səbuhi Həsənov