23 Dekabr 2024, Bazar ertəsi

Heydər Əliyev Muzeyində muxtar respublikada fəaliyyət göstərən muzeylərin bələdçiləri üçün seminar-treninq keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminar-treninqdə nazirliyin aparıcı məsləhətçisi Aygün Hüseynova iştirakçıların diqqətinə çatdırıb ki, ötən ildən başlayaraq muzey bələdçilərinin muxtar respublikanın müxtəlif bölgələrində yerləşən muzeylərlə tanışlığı təmin edilir. Bu seminar-treninqlərin keçirilməsində əsas məqsəd ekskursiya işinin təşkili ilə bağlı mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, muzeylərlə əlaqələrin inkişafına kömək göstərmək, muzey bələdçilərinin nəzəri və praktik səviyyəsini yüksəltməkdir.
Bildirilib ki, muxtar respublikamızda muzey fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Muzeylərimiz üçün yeni binaların inşa olunması, onların təmiri və maddi-texniki bazasının möhkəmləndirilməsi işin səviyyəsinin yüksəldilməsinə xidmət edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamlarına əsasən, son iki ildə qədim diyarımızda bir neçə muzeyin yaradılması bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı xarakter aldığının göstəricisidir.

Vurğulanıb ki, görülən işlər muzey işçiləri qarşısında da mühüm vəzifələr qoyur. Muzeylərimizə hazırlıqlı, bilikli, xarici dilləri bilən bələdçilərin cəlb olunması vacib məsələlərdəndir. Çünki muzeyə gələn insanları qarşılayan və onlara bu mədəniyyət ocağı haqqında məlumat verən, ilk növbədə, bələdçilərdir. Muzey bələdçiləri onlara verilən sualları ətraflı cavablandırmaqla, etik qaydalara əməl etməklə muzeyə gələnlərdə xoş təəssürat yaratmalıdırlar.
Sonra Naxçıvan Dövlət Tarix Muzeyinin bələdçisi Sevinc Səbzəliyeva “Muzey bələdçisinin etik davranış qaydaları” mövzusunda danışıb. Bildirilib ki, muzey bələdçiləri müxtəlif səviyyəli insanlarla, məktəbli və tələbələrlə, yaşlı nəsillə işləməyi bacarmalıdır. Muzey bələdçisi hər bir vətəndaşa qarşı diqqətli və nəzakətli olmalı, muxtar respublikada baş verən yenilikləri bilməli, muzeyə gələnlərin suallarını diqqətlə dinləyib elmi əsaslarla cavablandırmaq bacarığına malik olmalıdır.
Sonda Heydər Əliyev Muzeyinin ekspozisiyasına baxış olub və ekskursiyanın müzakirəsi keçirilib.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR