Qədim oğuz yurdu olan Naxçıvan daha bir möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə mayın 26-da “Əlincəqala” tarixi abidəsində “Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının açılış mərasimi oldu. Mayın 27-də isə Heydər Əliyev Sarayında festivalda iştirak edən rəssamların çəkdiyi əsərlərdən ibarət sərgi təşkil edildi. Həmin rəssamlardan bir neçəsi ilə həmsöhbət olduq, onların festival və Naxçıvan barədə təəssüratlarını öyrəndik.
Hülya Sezgin – Türkiyənin FEMİN ART Beynəlxalq Assosiasiyasının üzvü, rəssam-yazıçı: – “Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalı çox yüksək səviyyədə keçirildi. Hər şey möhtəşəm idi. Qeyd edim ki, bundan əvvəlki festivalda da iştirak etmişdim və həmin festival məndə xoş təəssüratlar yaratmışdı.
Naxçıvanda şəhər mədəniyyətinin tarixi beş min ildən çoxdur. Bu diyar qədim tarixi, zəngin mədəniyyəti ilə hər bir rəssamın diqqətini cəlb edir. Təsadüfi deyil ki, qədim yunan alimi Ptolomey Naxçıvan barədə yazarkən, buradan insanların rifah halının yüksək olduğu şəhər kimi bəhs edib. Əsrlər boyunca baş verən ardıcıl işğallar nəticəsində dəfələrlə dağıdılan və təkrar qurulan Naxçıvan bu gün bir elm və mədəniyyət mərkəzidir. Buradakı tarixi abidələrə göstərilən diqqət isə alqışa layiqdir. Əlincəqalanın bərpası timsalında biz bunun bir daha şahidi olduq.
Mən görkəmli rəssam Bəhruz Kəngərlinin adını daşıyan parkın və onun abidəsinin istifadəyə verilməsi ilə əlaqədar keçirilən tədbirdə də iştirak və çıxış etdim. Əminəm ki, gələcəkdə bu parkda rəssamlar vətənpərvər sənətkar Bəhruz Kəngərli sənətindən ilham alaraq dəyərli əsərlər yaradacaqlar. Necə ki biz möhtəşəm Əlincəqaladan ilham alaraq əsərlər yaratdıq. Biz – dünya rəssamları bu gözəl addımı birlikdə atdıq. Naxçıvan bu tədbirlə bəşəriyyəti dostluğa, birliyə və sülhə səslədiyini bütün dünyaya göstərmiş oldu.
Tamar Lamparadze – Gürcüstan-Azərbaycan Assosiasiyasının rəhbəri: – Bu gün Naxçıvan Muxtar Respublikasına müxtəlif ölkələrdən gələn biz rəssamların ortaq fikri budur ki, “Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalı rəssamlar arasında artıq sənət və dostluq simvoluna çevrilib. Bu festivalda, eləcə də Bəhruz Kəngərli adına Rəssamlar Parkının açılışında iştirak etmək mənim üçün böyük şərəfdir.
Bu iki möhtəşəm hadisəni nəinki Naxçıvanın, hətta bütün regionun sənət tarixinin çox əhəmiyyətli hadisələri kimi qiymətləndirərdim. Böyük Azərbaycan rəssamı Bəhruz Kəngərli Gürcüstanda da sevilir, onun yaradıcılığına yüksək qiymət verilir. Bəhruz Kəngərlinin həyatının bir hissəsi Tiflisdə keçib, orada təhsil alıb. Bu baxımdan onun xatirəsi gürcü xalqı üçün də əzizdir.
Naxçıvana gəlməyə həm də ona görə sevinirəm ki, Bəhruz Kəngərli yaradıcılığı ilə bir daha yaxından tanış olmaq imkanı qazandım. Bəhruz Kəngərli Muzeyində onun əsərləri qarşısında heyranlığımı gizlədə bilmədim. Müşahidə etdim ki, o, nə çəkibsə, qəlbən çəkib və gözəl rəsm əsərləri yaradıb. Naxçıvan əsl sənət məkanıdır. Bu qədim diyarın füsunkar təbiəti, əzəməti qarşısında söz də aciz qalır, rəng də, fırça da. Mən bir daha beynəlxalq festivalın təşkilatçılarına, xalqlar arasında dostluq, mədəniyyət körpüsü salanlara səmimi minnətdarlığımı bildirirəm.
Javidus Gülçin Ruqeyya – İran İslam Respublikasının Urmiya şəhəri: – Naxçıvan çox gözəl bir diyardır. Burada Əshabi-Kəhf kimi möhtəşəm bir ziyarətgah, bölgənin tarixini özündə əks etdirən, nəsillərə çatdıran tarixi abidələr var. Hər biri də bir-birindən gözəl və maraqlıdır. Onların qorunub saxlanılması böyük vətənpərvərliyin, tarixə bağlılığın nişanəsidir. “Əlincəqala” tarixi abidəsi də bu baxımdan diqqəti cəlb edir. Bizə məlumat verildi ki, çox yüksəklikdə yerləşən bu tarixi abidə əsrlərin yadigarı kimi bərpa olunub.
Naxçıvan şəhəri də özünün gözəlliyi ilə məni heyran etdi. Hər tərəfdə təmizlik, abadlıq hökm sürür. Muxtar respublikanın şəhərləri, kəndləri, tarixi abidələri, təbiəti hər bir rəssam üçün ilham mənbəyidir. Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilməsinin bu diyarın daha yaxşı tanıdılmasına təkan verəcəyi şübhəsizdir. “Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalında iştirak etdiyim üçün çox məmnunam.
Rauf Əliyev