Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Girdab” bədii filmi nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Mədəniyyət və Turizm nazirlikləri və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkil etdiyi tədbirdə əsas məqsəd gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmasıdır.
Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Arzu Abdullayev bildirib ki, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndər Heydər Əliyevin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Bu siyasətə sadiq olan Azərbaycan gəncliyi hər zaman ictimai-siyasi sabitliyin tərəfdarı olub. Bununla yanaşı, Azərbaycanı sevməyən xarici qüvvələr bir çox hallarda gənclərimizi yanlış yollara çəkməyə cəhd edirlər. Amma həmin qüvvələr bu gün gəncliyimizin doğru yolda irəliləməsinə mane ola bilməyiblər. Çünki gənclərimiz aldadıcı vədlərə inanmır.
Qeyd olunub ki, kənar qüvvələrin gəncləri cəlb etmək məqsədilə verdiyi vədlər dövlətimiz tərəfindən çoxdan reallaşdırılıb. Bu gün gənclərimizin təhsili, karyerası, gələcək inkişafı, hətta əyləncəsi üçün istədiyi hər şeyi dövlətimiz təmin edir. Bütün bunlara baxmayaraq, biz yenə də bu mövzuya xüsusi həssaslıqla yanaşmalıyıq. Çünki bir çox üstünlükləri, təbii və mənəvi sərvətləri ilə dünyaya səs salan ölkəmiz və muxtar respublikamız daim xarici ölkələrin diqqət mərkəzindədir. Bizim daha bir sərvətimiz də var ki, o da gənclərimizdir. Ona görə də gənclərimiz daim ayıq-sayıq olmalı, kənar təsirlərə qarşı davamlı mübarizə aparmalıdırlar.
Sonra “Girdab” bədii filmi nümayiş etdirilib.
Türkiyə istehsalı olan film universitetə daxil olan bir türk gəncinin faciəvi həyatından bəhs edir. Həmin gənc təhsil aldığı şəhərdə ev axtararkən xarici kəşfiyyat orqanlarının tələsinə düşür. Onlar həmin gənc üçün kirayəlik ev tutur və guya kirayəni də özləri ödəyirlər. Bir müddətdən sonra onu dini təbliğatla ələ alaraq din pərdəsi altında özlərinin çirkin əməllərini yerinə yetirməyə sövq edirlər. Kənar təsirə düşən gənc sonda bir avtobusda özünü partladır və onlarla insanın həlak olmasına səbəbiyyət verir.
Filmdəki son səhnələr isə daha dəhşətlidir. Bir tərəfdə oğlunu itirən çarəsiz ana və atanın acı fəryadı, digər tərəfdə isə onu bu çirkin addıma cəlb edən terrorçuların qəhqəhələri reallıqları bütün çılpaqlığı ilə ortaya qoyur.
“Girdab” bədii filmini muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin 400-dən çox tələbəsi izləyib.
Qeyd edək ki, bu səpkidə filmlərin qarşıdakı aylarda da nümayiş etdirilməsi nəzərdə tutulub.
Xəbərlər şöbəsi