23 Dekabr 2024, Bazar ertəsi

 Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzi və Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Aşağı Yaycı Kənd Mərkəzində xalq yaradıcılığı günü keçirilib.

Tədbiri giriş sözü ilə Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əli Qənbərov açaraq muxtar respublikamızda xalq yaradıcılığı günlərinin keçirilməsinin ənənəvi hal aldığını bildirib və belə tədbirlərin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru Nizami Əziz­əliyev çıxışında diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamına əsasən, qədim diyarımızda milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlər qiymətli sərvətimiz olan milli dəyərlərin yaşadılmasına xidmət edir. Qeyd olunub ki, xalq yaradıcılığını, xalqımızın min illər boyu yaratdığı bu milli-mənəvi dəyərləri yaşatmaq, təbliğ etmək, öyrənmək mühüm əhəmiyyətə malikdir.
Sonra Şərur Xalq Yallı Ansamblı, Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı, Xələc kənd klubunun “Gülüm­ey” folklor ansamblının ifasında qədim rəqslər, xalq oyun və tamaşaları tədbir iştirakçılarına təqdim edilib, Şərur Şəhər Mədəniyyət Sarayının muğam üçlüyü muğamlarımızdan nümunələr səsləndirib.
Bəhruz Kəngərli adına Şərur Şəhər Uşaq İncəsənət Məktəbinin şagirdi Sərxan Əliyevin balabanda ifası, Ələkli Kənd Uşaq Musiqi Məktəbinin sazça­lanlar ansamblının çıxışları da maraqla qarşılanıb.
Belə tədbirlərin başqa mədəniyyət müəssisələrində keçirilməsi də nəzərdə tutulub.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR