23 Dekabr 2024, Bazar ertəsi

“Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Çingiz Qacarın rus dilində nəşr edilmiş “Naxçıvan. Dünyanın ən qədim şəhərlərindən biri” adlı kitabı indiyə qədər Naxçıvanın tədqiqi sahəsində əldə edilmiş elmi nailiyyətlərin populyarlaşdırılması və dünyaya təbliği baxımından çox önəmlidir. Kitabın üzərində qeyd edilmiş “Ümumdünya daşqınından sonra həyat Naxçıvanda başlamışdır” fikri də məhz Naxçıvanda aparılan elmi tədqiqatların əsas nəticələrindən biridir”. 

Bu fikirlər AMEA Naxçıvan Bölməsində keçirilən təqdimat mərasimində səsləndirilib. Təqdimat mərasimini giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, Çingiz Qacar fizika-riyaziyyat elmləri doktoru olsa da, hələ elmi fəaliyyətinin ilk dövrlərindən başlayaraq Azərbaycanın tarixi şəxsiyyətlərinin həyatının öyrənilməsinə, eləcə də ayrı-ayrı qədim Azərbaycan şəhərlərinin tarixinin təbliğinə çox ciddi maraq göstərib. Heç də təsadüfi deyildir ki, müəllifin müxtəlif illərdə yazdığı rus, ingilis və Azərbaycan dillərində nəşr edilmiş “Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri”, “Qacarlar”, “Köhnə Bakı”, “Köhnə Şuşa”, “Tiflis. Vorontsova 53, 55” kitabları təkcə tarixlə maraqlanan oxucuların deyil, həm də tədqiqatçıların diqqətini cəlb edib. Akademikin Naxçıvana həsr etdiyi kitabı da bu qəbildəndir. Elmi redaktoru və ön söz müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli olan kitab 284 səhifədən ibarətdir. Kitabda müxtəlif alimlərin, o cümlədən naxçıvanlı elm adamlarının əsərlərindən məlumatlar götürülüb və müəllif bu barədə kitabda məlumat verib. Kitab həm tarixi, həm etno­qrafik, həm də mədəniyyət sahəsində məlumatları özündə cəmləşdirib.

Ardını oxu...

Noyabrın 15-də Ordubad şəhərindəki mədəniyyət evində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Ardını oxu...

Noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Bəstəkarlar Təşkilatı Heydər Əliyev Sarayında “Naxçıvan bəstəkarlarının uşaq mahnıları” kitabının təqdimat mərasimi keçirib.

Ardını oxu...

Noyabrın 11-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyi qeyd olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin təşkilatçılığı ilə keçirilən “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016”nın VII mərhələsi Şərur şəhərindəki Mədəniyyət Sarayında keçirilib.

Aparıcılar bildiriblər ki, müsabiqənin əsas turunun birinci mərhələsinə aprel ayının 29-da Naxçıvan şəhərində start verilib. Əsasnaməyə əsasən, müsabiqənin təşkilat komitəsi və muxtar respublikanın tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti yaradılıb. Müsabiqədə iştirak edənlərə yaş həddi və təhsil məhdudiyyəti qoyulmayıb. Müsabiqədə münsiflər heyətinin üzvü olan müəllimlərin öz tələbələrinə səs verməsi məhdudlaşdırılıb. Müsabiqənin gedişində konsertə qədər iştirakçılar həftədə iki dəfə olmaqla, peşəkar müəllimlərin rəhbərliyi altında ansamblla məşq ediblər. Əsas tur ayda bir dəfə olmaqla, 6 mərhələdə və hər mərhələ növbə ilə muxtar respublikanın bir rayonunda təşkil edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası XI-XVII əsrlərə aid bir sıra mühüm mədəni dəyərlər aspektindən Azərbaycan Respublikasının tarixi xüsusiyyətlərini və arxeoloji abidələrini özündə ehtiva edir.
Naxçıvandakı XI-XVII əsrlərə aid zəngin mədəni abidələr Qafqaz regionunda baş vermiş siyasi, iqtisadi və mədəni proseslərə şahid olub və bütövlükdə Azərbaycanın orta əsr tarixini özündə cəmləşdirir. Xarabaşəhər, Xıncab qəbiristanlığı, Astabad nekropolu, Aza körpüsü, Gənzə qəbiristanlığı və Xaraba karvansaray abidələri ərazidə olan mühüm mədəni abidələrdən bəziləridir.
XII əsrə aid yaşayış ərazisi olan Xarabaşəhər XVII əsrə qədər mühüm ticarət mərkəzi olmuşdur. Xarabaşəhər Naxçıvan şəhərinin Qaraçuq kəndinin yaxınlığında yerləşir və 40 hektar ərazini əhatə edir. 1960-cı ilin əvvəllərində bu tarixi yaşayış məskənində azərbaycanlı və beynəlxalq arxeoloqlar tərəfindən qazıntı işləri aparılmış və oradan divar qalıqları, metal kənd təsərrüfatı məmulatları (nal, bıçaq və digər kənd təsərrüfatı alətləri) aşkar edilmişdir. Bunlardan başqa, ərazidən dəmirçixana, məişət və təsərrüfat əşyaları, Elxani sikkələri, bəzək əşyaları, şirli və şirsiz gil qablar, rəngli şüşə, dəri, ağac, sümük və parça məmulatı qalıqları və sair tapılmışdır. Ərazidən aşkar olunmuş gil qablar İran və Yaxın Şərq ərazisində aşkar olunmuş orta əsr keramikası ilə yaxınlıq təşkil edir və eyni dövrə aiddir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 21 oktyabr    2016-cı il tarixdə “Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, “Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planında Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illiyinə həsr olunmuş tədbirin, “Ordubad Şəhər Uşaq Musiqi Məktəbi 50 ildə” mövzusunda konfransın keçirilməsi, məktəbin 50 illik fəaliyyətini əks etdirən nəşrin, tematik verilişlərin və qəzet materiallarının hazırlanması, keçirilən tədbirlərin işıqlandırılması nəzərdə tutulub. 

Dövlətimiz uşaqların, yeniyetmələrin, gənclərin təhsilinə, tərbiyəsinə, geniş dünyagörüşə malik olmalarına, əsl vətəndaş kimi yetişmələrinə xüsusi qayğı göstərir. Bu sahədə muxtar respublikamızda fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin də üzərinə mühüm vəzifələr düşür. Buna görə də musiqimizin, mahiyyət etibarilə, mədəniyyətimizin inkişafı istiqamətində görülən tədbirlər uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini də əhatə edir. Bu gün muxtar respublikamızda 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbinin fəaliyyət göstərməsi müstəqillik illərində bu sahədə həyata keçirilən tədbirlərin davamlı xarakter aldığının göstəricisidir. Təkcə ötən il 4 uşaq musiqi məktəbinin yeni binalarının istifadəyə verilməsi bu sahəyə yüksək diqqət və qayğının ifadəsidir. Muxtar respublikada son illər istifadəyə verilən 2 uşaq musiqi məktəbinin yeni binalarının açılış mərasimində ölkə Prezidenti cənab İlham Əliyev iştirak edib.

Ardını oxu...

Noyabrın 2-də Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Məktəb kitabxanalarının fəaliyyətinin gücləndirilməsi” mövzusunda konfrans keçirilib. Konfransı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi təşkil edib. 

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov açaraq mövzu ilə bağlı məruzə edib. Bildirib ki, 2005-ci ildən indiyədək ümumtəhsil məktəblərinə 2 milyon 354 min 711 nüsxə dərslik verilib. Bunların 202 min 468 nüsxəsi bu ilin avqust-sen­tyabr aylarında gətirilib. Hazırda müəllim və şagirdlərin ixtiyarında 627 min 643 nüsxə latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat, jurnal və məcmuə vardır.

Təhsil naziri qeyd edib ki, kitabxanalar təlim-tərbiyə prosesində fəal iştirak etməli, müəllim və şagirdlərə lazımi kitabxana xidməti göstərməlidirlər. Təəssüf ki, ümumtəhsil müəssisələrinin kitabxanaları heç də həmişə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmirlər. Bir çox hallarda kitabxana fonduna daxil olan çap məhsullarının qeydiyyatı uçot kitablarında qeyd edilmir. Daxil olan kitabların kataloqu düzgün hazırlanmır. Bununla yanaşı, bir sıra məktəb kitabxanalarında yeni daxil olmuş ədəbiyyatlar haqqında oxuculara məlumat vermək üçün sərgi təşkil edilmir və ya həmin ədəbiyyata dair bülleten hazırlanmır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə görüşdən sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli bəstəkar Tofiq Bakıxanovun yaradıcılıq gecəsi keçirilib.

Ardını oxu...

Oktyabrın 27-də Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyində muxtar respublikada fəaliyyət göstərən muzeylərin bələdçiləri üçün seminar-treninq keçirilib.
Seminar-treninqdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazir­liyinin əməkdaşı Qumral Məmiyeva “Muzey bələdçisinin davranış qaydaları” mövzusunda çıxış edib. Qeyd olunub ki, 2015-ci ildən etibarən muzey bələdçiləri üçün muxtar respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən muzeylərdə seminar-treninqlər keçirilir. Bu seminar-treninqlərin keçirilməsində əsas məqsəd ekskursiya işinin təşkili ilə bağlı mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, muzey bələdçilərinin nəzəri və praktik biliklərinin yüksəldilməsidir.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, oktyabr ayının 24-də görkəmli bəstəkar, Xalq artisti, Prezident təqaüdçüsü, Bakı Musiqi Akademiyasının professoru, “Şöhrət” ordenli, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Tofiq Bakıxanov Naxçıvana səfərə gəlib.
Oktyabrın 26-da bəstəkar Naxçıvan Musiqi Kollecinin müəllim və tələbə kollektivi ilə görüş keçirib.
Bəstəkar burada tədris olunan ixtisaslarla maraqlanıb, tələbələrin ifalarına qulaq asıb, onların ifaçılıq imkanları ilə tanış olub. İlk olaraq xanəndəlik sinfinə baş çəkən qonaq üçün burada bir neçə xalq mahnısı səsləndirilib. Tar sinfində isə Tofiq Bakıxanovun öz əsərləri olan “Görüş yerimiz” və “Xəzər balladası” baletindən “Neft fəvvarəsinin rəqsi” nömrələri ifa olunub. Kamança sinfində Qəmbər Hüseynlinin “Ay işığında” əsərinin ifasını dinləyən bəstəkar tələbələrə daha irihəcmli əsərlər, məsələn, konsertlər öyrətməyi müəllimlərə tövsiyə edib, özünün “Kamança və simfonik orkestr üçün konsert”ini kollecə hədiyyə edəcəyini bildirib.
Daha sonra kollecin 40-a yaxın tələbəsindən ibarət təşkil edilmiş Xalq Çalğı Alətləri Orkestrinin bir neçə ifasına qulaq asan bəstəkar orkestrdə bəzi alətlərin çatışmazlığını, lakin buna baxmayaraq, ifanın qənaətbəxş olduğunu bildirib, gələcəkdə ifa etmək istədikləri, lakin tapa bilmədikləri əsərlərin not nümunələrini onlara göndərəcəyinə söz verib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında ali təhsil müəssisəsinin Kitabxanaçılıq kafedrasının müdiri, dosent Nəzakət İsmayılovanın “Naxçıvan ədəbi mühiti: uşaq ədəbiyyatının inkişaf istiqamətləri və problemləri” kitabının təqdimat mərasimi olub.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yeni nəşrin Naxçıvan ədəbi mühitinin Azərbaycan uşaq ədəbiyyatının təşəkkülündəki rolunu ortaya çıxarmaq, gənc ədəbi nəsli uşaqlarla bağlı yaradıcılığa istiqamətləndirmək kimi dəyərlərindən danışıb, müəllifə yaradıcılıq uğurları arzulayıb.
Tarix-filologiya fakültəsinin dekanı, dosent İman Cəfərli “Uşaq ədəbiyyatının tədqiqində yeni mərhələ” adlı məruzəsində məhsuldar elmi fəaliyyətlə məşğul olan Nəzakət İsmayılovanın 4 kitab, 100-dən artıq elmi məqalə müəllifi olduğunu, bir sıra beynəlxalq konfrans və simpoziumlarda iştirak etdiyini xatırladıb. Qeyd olunub ki, kitab Naxçıvan ədəbi mühitinin uşaq ədəbiyyatı sahəsində qazandığı nailiyyətləri, iyirmiyə yaxın şair və yazıçının yaradıcılığını öyrəndiyi üçün Naxçıvanşünaslığa layiqli töhfə hesab oluna bilər. Kitab uşaq poeziyasını müxtəlif tarixi mərhələlər və konkret müəlliflər üzrə təhlil etmək baxımından gələcək elmi tədqiqatlar üçün istinad mənbəyi rolunu oynayacaq.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəddin Eyvazov “Klassik və müasir uşaq ədəbiyyatı yaradıcılarının uğurlu tədqiqi” mövzusunda çıxış edib.
Sonda kitabın müəllifi, dosent Nəzakət İsmayılova tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, gələcək yaradıcılıq planlarından danışıb.

Mehriban SULTAN

Oktyabrın 24-də görkəmli bəstəkar, Xalq artisti, Prezident təqaüdçüsü, Bakı Musiqi Akademiyasının professoru, “Şöhrət” ordenli, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət ­xadimi Tofiq Bakıxanov Naxçıvana səfərə gəlib. Bəstəkar həmin gün Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.
Oktyabrın 25-də Tofiq Bakıxanovun Naxçıvan Dövlət Universitetində musiqi ixtisasında təhsil alan tələbələrlə görüşü keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonağı salamlayaraq Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsinin zəngin yaradıcılığından, sənətinə göstərilən yüksək dövlət qayğısından danışıb.
Sonra İncəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında bəstəkarın əsərləri səsləndirilib. İfalardan və səmimi qəbuldan razılığını bildirən bəstəkar gənc musiqiçilərə yaradıcılıq uğurları arzulayıb.
Həmin gün Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatında keçirilən görüşdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilov çıxış edərək Tofiq Bakıxanovun həyat və yaradıcılığına nəzər salıb, onun Azərbaycan bəstəkarlıq məktəbində böyük xidmətləri olduğunu qeyd edib. Bildirilib ki, 1930-cu ildə Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açmış Tofiq Bakıxanov mükəmməl musiqi təhsili alıb, Azərbaycan və dünya klassik musiqi ənənələrini mənimsəyib. Hələ gənclik illərində skripka ifaçısı kimi də tanınan böyük sənətkar bir çox səhnə əsərlərinə musiqi yazıb, baletlər, simfonik əsərlər, simfonik muğamlar, çoxlu sayda kamera-instrumental və kamera-vokal əsərləri, mahnılar, romanslar bəstələyib.

Ardını oxu...

Xalq yaradıcılığı nümunələri milli-mənəvi dəyərlər sistemində xüsusi əhəmiyyət kəsb edir, gənc nəslin mənəvi tərbiyəsində mühüm rol oynayır.
Bu nümunələr min illər boyu cilalana-cilalana dövrümüzə qədər gəlib çatıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamı muxtar respublikada belə dəyərlərin qorunmasına, təbliği və gələcək nəsillərə ötürülməsinə böyük dövlət qayğısının parlaq ifadəsidir. Sərəncama əsasən, müxtəlif tədbirlərin keçirilməsi davamlı xarakter alıb. Belə tədbirlər unudulmaqda olan folklor nümunələrimizin, milli adət-ənənələrimizin yenidən xalqımıza qaytarılmasında mühüm rol oynayır. Muxtar respublikamızın bütün bölgələrində xalq yaradıcılığının müxtəlif sahələrinə yeni həyat verilir. Xalq sənətinin və yaradıcılığının ağacişləmə, xalçaçılıq, papaqçılıq, dülgərlik, dəmirçilik, toxuculuq, zərgərlik, misgərlik sahələri ilə yanaşı, qədim rəqslərimiz, xalq oyunlarımız və mərasim tamaşalarımız yaşadılır.
Oktyabr ayı ərzində də belə tədbirlər davam etdirilib. Belə ki, Şahbuz rayonunun Aşağı Qışlaq kənd mədəniyyət evinin, Sədərək Rayon Mədəniyyət Evinin və Culfa rayon Kırna kənd mədəniyyət evinin kollektivləri “Xalq yaradıcılığı günü” keçiriblər. “Xalq yaradıcılığı günü”ndə mədəniyyət evlərinin folklor kollektivlərinin, yallı qruplarının, uşaq musiqi məktəbləri şagirdlərinin ifasında qədim diyarımızın dünya yaşıdı söz xəzinəsi, ənənə boxçası, milli rəqs və oyunlarımız tamaşaçılara təqdim edilib. 20-dən çox kollektivin iştirak etdiyi bu tədbirləri 500-dən çox sakin seyr edib.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

Hüseyn Cavidin yenidən xalqımıza və ədəbiyyatımıza qaytarılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Məhz 1982-ci ildə ulu öndərin təşəbbüsü və qətiyyəti nəticəsində onun məzarı sürgün olunduğu Rusiyanın İrkutsk vilayətindən doğulub boya-başa çatdığı Naxçıvana köçürülüb. Bu fakt keçmiş Sovetlər Birliyi məkanında repressiya olunmuş şəxsə dövlət səviyyəsində göstərilmiş münasibətin yeganə cəsarətli nümunəsi idi.

Bu fikirlər Hüseyn Cavid Poeziya Günü münasibətilə oktyabrın 24-də Naxçıvan şəhərində keçirilən tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Hüseyn Cavidin şəhərin mərkəzində ucaldılan məqbərəsini ziyarət ediblər.
Dahi şairin Naxçıvan şəhərindəki ev-muzeyində keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova deyib ki, bu gün istər poeziyada, istərsə də dramaturgiyada orijinallığı ilə seçilən, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan şair-dramaturq Hüseyn Cavidin anadan olmasından 134 il ötür. Hüseyn Cavid 1937-ci ilin iyun ayında günahsız yerə həbs olunaraq “gizli millətçi əks-inqilabi təşkilat”da iştirakı bəhanəsi ilə səkkizillik həbs cəzasına məhkum edilib. Həmin ildən onun bütün əsərlərinə qadağa qoyulsa da, ulu öndər Heydər Əliyevin qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq Cavidin əsərləri nəşr olunmağa başlayıb, rus dilində 2 cildliyi işıq üzü görüb. Azərbaycanın şəhər və rayonlarında yubiley tədbirləri təşkil olunub, əsərləri respublikamızın teatrlarında səhnəyə qoyulub, adına küçələr, məktəblər, kitabxanalar verilib.

Ardını oxu...

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin anadan olmasının 134 ili tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, hər il oktyabrın 24-ü Naxçıvan Muxtar Respublikasında “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilir.
Azərbaycan ədəbiyyatının böyük romantiki Hüseyn Cavid xalqımızın mütəfəkkir sənətkarlarından olmaqla mürəkkəb və çətin yaradıcılıq yolu keçmiş görkəmli simalardan biridir. Böyük sənətkarın həqiqət, ədalət, səadət, məhəbbət, mərhəmət axtaran romantik qəhrəmanları iztirablı və əzablı bir yolun yolçuları kimi daim axtarışdadır. Hüseyn Cavid də sənətkar kimi bəşəriyyətin mənəvi fikir və qəlb dünyası ilə bağlı olan məsələlərlə əlaqədar yaradıcılığının başlanğıcından sonuna qədər daim axtarışda olmuşdur. Sənətkarı real aləmlə ideal aləm arasında olan uçurumlar, bu uçurumları aradan qaldırmaq, xəyal içində səadət arayan bəşəriyyəti nicat yoluna çıxarmaq kimi ümumbəşəri məsələlər ömrü boyu düşündürmüşdür. Bu mənada, Hüseyn Cavid fikir və düşüncələr aləminin həyatiliyi, heyrətamizliyi, zərifliyi, əlvanlığı, qəlblərə hakim kəsilməsi ilə ədəbiyyat tariximizə əbədi daxil olmuşdur. Onun əsərlərində canlanan həyat səhnələri və həqiqətləri, obraz və xarakterlərinin rəngarəngliyi, dolğunluğu və kamilliyi insanı vəcdə gətirir. Məhz buna görə də zaman keçdikcə, illər ötdükcə bu sənət təsir qüvvəsini itirmir, təzə-tər sənət dünyası ilə insanı düşündürür, həyata bağlayır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Azərbaycanın görkəmli şair və dramaturqu Hüseyn Cavidin oğlu, dahi bəstəkar Ərtoğrol Cavidin doğum gününə həsr olunmuş ədəbi-musiqili mərasim keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Cavidlər nəslinin nümayəndələrinin keçdiyi çətin, məşəqqətli, lakin şərəfli ömür yolundan söz açıb.
İncəsənət fakültəsinin dekanı Günay Məmmədova çıxışında gözəl musiqi və rəsm əsərlərinin, ədəbi parçaların müəllifi olan Ərtoğrol Cavidin çoxşaxəli fəaliyyətindən danışıb.
Bildirilib ki, 24 il ömür sürməsinə baxmayaraq, Ə.Cavid 200-dən çox el havasını nota köçürüb, aşıqlarımızın ifasında söylənən dastan və nağılların mətnlərini yazıya alıb, öz yaradıcılığında onlardan faydalanaraq 50-dən çox gözəl şeir və ecazkar musiqi əsərləri yaradıb.
Ərtoğrol Cavid 1943-cü ildə Naxçıvanda vəfat edib. Onun məzarı ölümündən 53 il sonra ulu öndərimiz Heydər Əliyevin göstərişi ilə Hüseyn Cavidin Naxçıvandakı məqbərəsinə köçürülüb.
Tədbirin bədii hissəsində “Eşq olsun” mahnı-marşı, “Skripka və fortepiano üçün poema”, “Səninlə olaydım”, “Melodiya”, “Doqquz variasiya” kimi musiqi əsərləri ifa olunub.

Nərmin CABBAROVA

 Sənət bəzən hansısa bir sənətkara təkcə şan-şöhrət gətirmir. Onun yaşam tərzinə çevrilir, həyat amalına dönür. Bu istəklə yaşayan sənətkarlar öz sevimli sənəti ilə yalnız nəfəs almır, onu həm də qiymətli bir xəzinə kimi öz övladlarına təhvil verirlər. Bununla da həm öz adlarını, həm də sənətin sirlərini yaşadırlar. Naxçıvan teatrında da belə sənətkar ailələri öz sənət ənənəsini yetirmələri olan övladlarına miras olaraq buraxmış və adlarını teatr tarixinin qızıl səhifələrinə yazmışlar. Belə sənətkar ailələrindən biri də Mövləvilərdir. 

Hardasa yüz ilə yaxındır ki, Naxçıvan teatrının afişalarında, pro­qramlarında Mövləvi soyadına rast gəlirik. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının bu görkəmli nəsillə bağlanan tarixi 1920-ci illərdən başlayır. Ailənin ilk sənətkarı Əbdülsəməd Rzalı 1900-cü ildə Təbrizdə anadan olub. Təbrizdəki “Rüşdiyyə” məktəbində təhsil alan gənc Əbdülsəməd burda ilk dəfə Nəriman Nəriman­ovun “Nadir şah” əsərindəki yeganə qadın obrazı olan Gülcahanı oynayıb. 1921-ci ildə baş verən siyasi proseslərin fonunda Naxçıvana köçməyə məcbur olub. İstedadlı gənc elə həmin ildən Naxçıvan teatrında aktyor və rejissor kimi fəaliyyətə başlayıb. Sonradan onu teatrsevərlər Səməd Mövləvi kimi tanıyıblar. Böyük sənətkarın davamçısı olan oğlu Tofiq Mövləvi bu ad dəyişdirməsini atasına qarşı olan təqiblərlə əlaqələndirir: “Həmin illərdə İrandan gələn adamları təqib edir və onlardan şübhələnirdilər. Atam da məcbur qalıb özünə Mövləvi – yəni 13-cü əsrin məşhur türk övliyası Cəlaləddin Ruminin davamçılarının özlərinə götürdüyü ləqəbi soy­ad kimi qəbul edir. Adından isə “Əbdül” sözünü çıxır. Beləliklə, Əbdülsəməd Rzalı Səməd Mövləvi olur. Amma mən öz oğluma atamın adını elə-belə də vermişəm – Əbdülsəməd”.

Ardını oxu...

Son tədqiqatlara görə, şəhər mədəniyyətinin tarixi 5000 ildən çox olan Naxçıvan ərazisində çoxlu sayda şəhərlər mövcud olmuş, bu şəhərlər tərəqqi və tənəzzül dövrlərini yaşamış, onlardan bəziləri şəhər kimi günümüzə qədər varlığını qoruyub saxlamış, bəziləri kəndtipli yaşayış məntəqələrinə çevrilmiş, bəzi şəhərlər isə ümumiyyətlə həm şəhər, həm yaşayış yeri kimi əhəmiyyətini itirmiş, dağıdılmış və yaxud tarix səhnəsindən silinmişdir. 

Məsələn, Naxçıvan, Ordubad, Culfa kimi şəhərlər, demək olar ki, tarixin əksər dövrlərində şəhər kimi varlığını qoruyub saxlaya bilmiş, Əylis, Qarabağlar, Azad şəhər əhəmiyyətini itirsə də, bu günə qədər kənd yaşayış məntəqəsi kimi muxtar respublika ərazisində qalmaqdadır. Lakin tarixdən məlum olan Kiran, Astabad kimi Naxçıvan şəhərləri mövcudiyyətini qoruyub saxlamamışdır. Orta əsr mənbələrində Naxçıvan ərazisində adıçəkilən belə şəhərlərdən biri də Əncandır.
Məlumdur ki, monqol hücumları dövrü Azərbaycan, o cümlədən xüsusən Naxçıvan əraziləri üçün bir sıra dağıntılarla yadda qalmışdır. Lakin monqolların yerli əhali ilə qaynayıb qarışması və yerli dövlət idarəçilik ənənələrini mənimsəmələrindən sonra meydana çıxmış Hülakülər dövləti zamanında bir sıra quruculuq işləri həyata keçirilmişdir. Maraqlıdır ki, dövrün mənbələrində Naxçıvan tüməninin tərkibinə aid olan Naxçıvan, Ordubad, Azad, Makuyə, Dəbil, Qarabağlar şəhərləri ilə yanaşı, daha bir şəhərin – Əncanın da adı çəkilir. “Naxçıvan tarixi”nin I cildində qeyd olunur ki, bəhs etdiyimiz dövrdə Naxçıvan tüməninə 5 şəhər və əlavə olaraq 10 şəhərtipli kiçik yaşayış yeri daxil olmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 4 iyul 2016-cı il tarixdə “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” Sərəncam imzalamışdır. Sərəncamla Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə Qarabağlar Türbə Kompleksində bərpa işlərinin elmi və tarixi əsaslarla aparılmasının təmin edilməsi, AMEA Naxçıvan Bölməsinə “Qarabağlar Türbə Kompleksi” tədqiqat qrupunun yaradılması tapşırılmışdır. Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar AMEA Naxçıvan Bölməsində uyğun mütəxəssislərin daxil olduğu “Qarabağlar Türbə Kompleksi” tədqiqat qrupu yaradılmışdır.

Orta əsr Azərbaycan memarlığı Naxçıvan məktəbinin ən möhtəşəm nümunələrindən biri də Naxçıvan şəhərindən, təxminən, 40 kilometr şimal-qərb tərəfdə yerləşən, bölgənin qədim yaşayış məskənlərindən olan Qarabağlar kəndindəki türbə kompleksidir. Qoşa minarəli baştağ və türbədən ibarət olan bu kompleks zəmanəmizədək qismən dağılmış şəkildə gəlib çatmışdır. Ərazisində aşkar edilən maddi-mədəniyyət nümunələri və orta əsr yazılı mənbələrinin məlumatları göstərir ki, Qarabağlar Azərbaycanın qədim şəhərlərindən olmuş, orta əsrlər zamanı çiçəklənmə dövrü keçirmiş, yüksək inkişaf səviyyəsində olmuşdur. XVII əsr türk səyyahı Övliya Çələbi “Səyahətnamə”sində bu şəhər haqqında maraqlı məlumatlar təqdim edir. Səyyah yazır ki, Qarabağlar bünövrəsi ilk dəfə Mənuçöhr tərəfindən qoyulmuş şəhərdir. İndi Naxçıvan ərazisində ayrıca sultanlıqdır. III Mehmet dövründə (1595-1603) Osmanlıların əlində ikən əcəmilərə keçmişdir. Nursuz Teymur (Əmir Teymur) da bu Qarabağlarda qışlayıb saysız əsgər ilə beş ay qalmışdır. Çox abad və sonu görünməyən münbit torpağı olan bir düzənliyə malikdir. Neçə dəfə Süleyman xan (Osmanlı sultanı I Süleyman Qanuni – 1520-1566 – F.S.) və sair sərkərdələr burada qışlamışdır. ... Allaha həmd olsun ki, bu şəhərin su və havasının gözəlliyindən təbiətimiz xoşlandı.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin birgə layihəsi olan “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016”nın VI mərhələsi başa çatıb.

Müsabiqənin keçirilməsində məqsəd milli musiqi mədəniyyətimizin və incəsənətimizin təbliğ edilməsi, xalq mahnı və təsniflərinin ifaçılığı üzrə istedadlı şəxslərin aşkara çıxarılması, istedadlı ifaçıların yaradıcılıq potensialının düzgün istiqamətləndirilməsidir. Əsas turun birinci mərhələsinə aprel ayının 29-da Naxçıvan şəhərində start verilib. Əsasnaməyə əsasən, müsabiqənin təşkilat komitəsi və muxtar respublikanın tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti yaradılıb. Müsabiqədə iştirak edənlərə yaş həddi və təhsil məhdudiyyəti qoyulmayıb. Münsiflər heyətinin üzvü olan müəllimlərin öz tələbələrinə səs verməsi məhdudlaşdırılıb.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda rəssam Kirman Abdinin “İsinsin azacıq bu daş duyğular” adlı fərdi sərgisi açılıb. Muxtar respublika Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən qrafik sərgi Xalq şairi Məmməd Arazın poeziyasına həsr olunmuşdu. Fərdi yaradıcılıq sərgisi sənət adamları və geniş ictimaiyyət tərəfindən maraq və rəğbətlə qarşılanıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva sərgiyə təqdim olunan əsərlərin əhəmiyyətindən söz açıb, muxtar respublikada rəssamlıq sənətinə, eləcə də Məmməd Araz irsinə göstərilən dövlət qayğısından danışıb.
Ülviyyə Həmzəyeva deyib ki, rəssamın sərgidə nümayiş olunan 60-dək sənət əsəri görkəm­li şairin yaradıcılığını əhatə edir. Məmməd Araz şəxsiyyətinə, poeziyasına və fəlsəfəsinə Azərbaycan təsviri sənət aləmində çox az rəssamlar müraciət edib. Doğrudan da, Məmməd Araz poeziyasının və yaradıcı təxəyyülünün bədii görüntüsünü və bədii estetik obrazını yaratmaq, ilk növbədə, rəssamdan xüsusi məsuliyyət tələb edir. Rəssamın Məmməd Araz poeziyasının Vətən haraylı çağırışlarını özündə əks etdirən bədii sərgisinin təşkil olunması təqdirəlayiq haldır. Məmməd Araz bədii duyumu və Məmməd Araz dünyagörüşü heç bir çərçivəyə, məhdud məkan sərhədinə sığa bilməz. Ona görə də rəssamın mücərrəd biçimli bədii axtarışları və Məmməd Araz poeziyası ilə çuğlaşan əksliklər burulğanı sonda rəssam tərəfindən şairin poetik fikirləri ilə tam üst-üstə düşən, bədii estetikliyi ilə diqqəti cəlb edən görüntülərə çevrilib. Sərgidəki tablolarda rahatlıqla Məmməd Araz poeziyasının nəhayətsizliyinin və rəssam fantaziyasının çalarlarının vəhdətini görmək və sezmək mümkündür. Əgər Məmməd Araz poeziyası, Məmməd Araz duyumu hansısa şərhi-bəyansız, izahsız qəbul edilirsə, bunu rəssam Kirman Abdinin şairin yaradıcılığına həsr edilmiş tablolarına da şamil etmək olar.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında “Milli-mənəvi dəyərlərin qorunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək bildirib ki, Azərbaycan xalqının mənəvi zənginliyinin, tarix və mədəniyyətimizin qədimliyinin inikası olan, birliyimizi təcəssüm etdirən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər bir azərbaycanlının, xüsusilə də gənclərin müqəddəs borcudur. Saleh Məhərrəmov gəncliyi xalqımızın əsrlərdən bəri qoruyub yaşatdığı mənəvi dəyərlərə daha həssas münasibət göstərməyə, dünya xalqları arasında təbliğində fəal olmağa çağırıb.
Müxtəlif fakültələrin tələbələrinin iştirak etdiyi tədbirdə Musiqişünaslıq və metodika kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İnara Məhərrəmova, Fəlsəfə və politologiya kafedrasının müdiri, dosent Novruzəli Rəhimov xalqımızın milli-mənəvi dəyərlər sisteminə daxil olan bir sıra sahələr barədə danışıblar.
Tədbirdə tələbələr Azərbaycan xalqının milli varlığının təzahürü olan milli dəyərlər sisteminin yaşadılması və təbliği ilə bağlı fikirlər səsləndirib, milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasında, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rolundan danışıblar. Qeyd edilib ki, böyük qüvvə olan bugünkü gənclər milli-mənəvi dəyərlərə biganə münasibət göstərənlərə, mədəni irsimizi, milli zövqümüzü korlayanlara qarşı kəskin mübarizə aparmalı, milli dəyərlərimizin dünya mədəni irsində yer alması istiqamətində ardıcıl fəaliyyət göstərməlidirlər.

Mehriban SULTAN

Bu günlərdə Culfa rayonunun Xanəgah kəndi yaxınlığında (Orta Anzır kəndinin qalıqlarından şərq tərəfdə) dağdan qopan iri qaya parçasının üzərində qaya işarələri qeydə alınıb. Bu işarələr haqqında Xanəgah kənd məktəbinin müəllimi Nəcəf Nəcəfov məlumat verib.
İlkin araşdırmalar nəticəsində aydın olub ki, tapılan qaya üzərindəki təsvir ayrılıqda çəkilmiş üç rəsmdən ibarətdir. Rəsmlərin ikisi döymə, biri isə kəsmə texnikası ilə çəkilib.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin verdiyi məlumata görə, təsvirlər müxtəlif dövrlərdə çəkilib. Döymə üsulu ilə çəkilmiş rəsmlərin bənzərləri Gəmiqaya təsvirlərindən elmə məlumdur. Məlumat üçün onu da qeyd edək ki, çoxmənalı məzmuna sahib olan bu tip təsvirlər başlıca olaraq insanı və həyat ağacını simvolizə edib. Çəkilmə texnikasına görə fərqlənən üçüncü təsvir metal alətdən istifadə olunmaqla hazırlanıb. Bu təsvir də o birilər kimi insanı, daha geniş mənada, həyatı, həyat ağacını simvolizə edib.
Vəli Baxşəliyevin fikrincə, qaya parçasının üzərindəki qaya işarələrinin iki təsvirini e.ə. II-I minilliklərə, üçüncü təsviri isə bizim eranın I minilliyinə, orta əsrlərə aid etmək olar.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

Ümummilli liderimiz sağlam düşüncəli gənc nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifələrindən biri kimi müəyyənləşdirmişdir. Ulu öndərin müəllifi olduğu dövlət gənclər siyasəti bu gün ölkəmizdə, eləcə də muxtar respublikada uğurla həyata keçirilir. Gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakı təmin edilir, gənc istedadlara dövlət qayğısı günbəgün artırılır. Xüsusilə onların yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda və vətənpərvər böyüdülməsi diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı qədim yurdumuzun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır. Sərəncama uyğun olaraq dünən Naxçıvan     Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə yaradıcılıq sahəsində fərqlənən istedadlı uşaq və gənclər Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini və Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət ediblər. Onlar hər bir muzey haqqında ətraflı məlumat alaraq eksponatlarla yaxından tanış olublar.

Ceyhun Məmmədov

Arıçılıq iqtisadi cəhətdən gəlirli, qida və müalicəvi əhəmiyyət baxımından ən xeyirli təsərrüfat sahəsidir. Belə ki, arıçılıq təsərrüfatının yaradılmasına lazım olan xərc az, qoyulmuş xərcin qaytarılma müddəti qısa, iş şəraiti ekoloji-sağlamlıq cəhətdən əlverişlidir. Elm sübut edib ki, tərkibi sadə şəkərlər, qlükoza və fruktozadan ibarət olan bal insan orqanizmi tərəfindən 100 faiz mənimsənilir.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, oktyabrın 15-16-da Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları – bal” festivalı keçiriləcək. Bu tədbirə muxtar respublikanın müxtəlif bölgələrindən 212 arıçı bal, arı südü, güləm, bəramum və digər məhsullar çıxaracaq. Festivalda münsiflər heyəti tərəfindən arıçılıq məhsullarının keyfiyyəti yox­lanılacaq və ilk üç yerə layiq görü­lən arıçılara qiymətli hədiyyələr veriləcək.

Ardını oxu...

Bir-birindən gözəl, incə naxışlarla, ornamentlərlə bəzədilmiş milli geyimlər, üzərində tarixi abidələrimizin əksi olan xalılar, xurcunlar, heybələr, al-əlvan rənglərin bəzədiyi tablolar, maketlər, cürbəcür daşlardan, muncuqlardan yığılmış bilərziklər, boyunbağılar, içində iplərdən toxunma gül-çiçək olan güldanlar və daha nələr, nələr...

Son 10 gündə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayına gedənlər qadın əlinin, qadın təxəyyülünün, qadın zərifliyinin və istedadının sehrinə düşüblər. Çünki ötən ayın 28-dən əzəmətli Heydər Əliyev Sarayının foyesi sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış üçün ayrılmışdı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq, Bilik Fondunun Himayəçilik Şurasının, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi sərgi-satışa böyük maraq göstərilib. Buraya üz tutan muxtar respublika sakinləri və qonaqlar hədiyyəlik əşyalar alıb, sərgidə nümayiş etdirilən digər nümunələrlə maraqlanıblar. Telli Dadaşovanın, İradə Abbasovanın, Sona Əliyevanın, Sonay Hacızadənin, Pakizə Məmmədlinin, Məhbubə Əliyevanın və başqalarının sərgidə nümayiş etdirilən əl işləri incə qadın zövqündən və sənətə həvəsdən xəbər verirdi.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin tələbə və müəllimləri Bəhruz Kəngərli Muzeyində olublar.
Muzeyin baş fond mühafizi Nazəndə Məcidli buradakı eksponatlar haqqında ətraflı məlumat verib.
Bildirilib ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamına əsasən yaradılıb. 2002-ci il iyun ayının 18-də ümummilli lider Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı olub. Muzeyin fondunda, ümumilikdə, minə yaxın eksponat mühafizə olunur. Bunlardan 366-sı ekspozisiyada sərgilənir. Muzeydə görkəmli rəssamın 341 rəsm əsəri var. Əsərlərdən 58-i orijinaldır.
Muzeyin ayrı-ayrı zallarında rəssamın ailəsinə və özünə məxsus şəxsi və məişət əşyaları, rəssamlıq ləvazimatları, əsər və eskizlərinin fotosurətləri, büstü, heykəli və digər dəyərli eksponatlar sərgilənir.
Məlumat verilib ki, indiki muzey binası XX əsrin əvvəllərində pedaqoji texnikum kimi fəaliyyət göstərib və ulu öndər Heydər Əliyev 1936-1939-cu illərdə burada təhsil alıb. Bu səbəbdən burada dahi şəxsiyyətin həyatının müxtəlif anlarını, təhsil illərini əks etdirən rəsm və fotoların, eləcə də müxtəlif sənədlərin qorunub saxlanıldığı otaq yaradılıb.
Tələbələr muzeydən yüksək təəssüratlarla ayrılıblar.

Nərmin Cabbarova

Oktyabrın 5-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Nəriman Nərimanovun “Nadir şah” tarixi faciəsi əsasında hazırlanmış tamaşa ilə 134-cü teatr mövsümünə başlayıb.
Tamaşadan əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək Naxçıvan teatrının keçdiyi inkişaf yolundan danışıb, bu sənət ocağının tamaşaçıların maariflənməsindəki xidmətlərindən söhbət açıb.

Ardını oxu...

 M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Zaur Vedilinin “Şahzadə Bəndalı” pyesi əsasında hazırlanmış eyniadlı tamaşaya ictimai baxış olub. 

Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq artisti Yasəmən Ramazanova, quruluşçu rəssamı Murad Babayev, bəstəkarı Əli Məmmədovdur. Dönməz iradə, saf əqidə uğrunda çətinliklərə mətanətlə sinə gərmək, arzuya çatmaq üçün zəhmətə qatlaşmaq kimi tərbiyəvi keyfiyyətlərin aşılandığı səhnə əsərində tamaşaçılar Şahzadə Bəndalı (Arzu Səfərov), padşah (İlham Babayev), məmləkət padşahı (İlqar Babayev), əjdaha (Süleyman Süleymanov), div (İlham Babayev), ağ ayı (İlqar Babayev), çolaq qarışqa (Vəsmə Quliyeva), qarı nənə (Ulduz Süleymanova), başqa məmləkət padşahı (İbad Nəbiyev) və Gülgəz xanım (Əfqanə Ələsgərova) obrazları ilə tanış olacaqlar.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev, nazirliyin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru ­Səyyar Məmmədov çıxış edərək tamaşa haqqında fikir və rəylərini bildiriblər. Vurğulanıb ki, xalq nağılları motivləri əsasında səhnələşdirilmiş “Şahzadə Bəndalı” tamaşası nağıllarımızda təbliğ olunan tərbiyəvi ideyaların təbliği baxımından təqdirəlayiqdir.
Sonda əsərin müəllifi Zaur Vedili çıxış edərək uşaqlar üçün yazdığı pyesin tamaşaya qoyulmasına görə minnətdarlığını bildirib.

Xəbərlər şöbəsi

Sovet dövrü Naxçıvan ədəbi mühitinin istedadlı və məhsuldar simalarından sayılan Müzəf­fər Nəsirli çoxşaxəli yaradıcılıq fəaliyyəti ilə tanınmışdır. O, daha çox şair kimi sənət axtarışları aparıb ideya-bədii mükəmməlliyə malik dolğun əsərlər yazmaqla yanaşı, dramaturgiya, publisistika, ədəbi tənqid sahəsində də müvafiq xidmətlər göstərmişdir.
Müzəffər Qasım oğlu Nəsirli 1911-ci ilin sen­tyabrında Şahbuz rayonunun Sələsüz kəndində dünyaya göz açmış, Naxçıvan şəhərində ilk təhsil almış, sonra pedaqoji texnikumu bitirərək əmək fəaliyyətinə başlamış, həmçinin Bakıda pedaqoji institutun ədəbiyyat fakültəsində qiyabi yolla təhsilini davam etdirmişdir.
İkinci Dünya müharibəsinin iştirakçısı olan M.Nəsirli ordudan tərxis edildikdən sonra da uzun illər pedaqoji sahədə işləmiş, müəllimlik etmişdir. Onun fəaliyyətinin mühüm bir mərhələsi də Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan bölməsinə rəhbərlik etdiyi illərdir. Müzəffər Nəsirli səmərəli fəaliyyətinə görə müxtəlif fəxri fərmanlarla və bir sıra medallarla təltif olunmuşdur. Tanınmış ədib 1980-ci ildə dünyasını dəyişmişdir.

Ardını oxu...

 Bəlkə də, dünyanın ən gözəl xoşbəxtliyidir torpaqla qucaqlaşan yağış damlalarının nəğməsini dinləmək. Tanrının Nəqşi-cahan adlı rəsm əsərinə payız adlı qızılı fırçası ilə həkk etdiyi nəqşlərin sehrində özünü unutmaq. Bir başqadır bu yerlərin payızı.

Bir azdan bütün qızmar yay boyunca bircə an belə olsun dincini almayıb çölün-düzün ortasında ətrafa kölgə salan narbənd ağacları payızın yağışında yuyunub yazadək yuxuya dalacaq. Ağrıdağdan enən küləklərin səsi Şərur düzündəki narbənd ağaclarına şirin bir layla olacaq. Sis, duman Batabatdan enərək torpağı salamlayacaq. Fəsillərin nazlı qızı payız Payız meşəsində qızıl donunu əyninə geyəcək.
Bəli, Nəqşi-Azərbaycana, Nəqşi-cahana, dünyanın bəzəyinə çevrilmiş Naxçıvana fəsillərin nazlı qızı obrazında gələcək payız. Öncə Əcəmi seyrəngahına gedərək öpəcək böyük ana Möminə xatının əlini. Qızıl ipəklərlə ilmələnmiş don verəcək 40 incəbelli qıza – Möminə xatın ətrafındakı ağaclara. Tanrıdan yenə daşqın olacağını soruşmaq üçün müdrik baxışlarla Araza boylanan Nuhun məqbərəsini də ziyarət edəcək payız.

Ardını oxu...

Uzun illərdir, hər ilin sentyabr-oktyabr ayları mədəniyyətimizin əsas aparıcı sahələrindən sayılan teatrların yaradıcılıq mövsümünün açılışı olur. Bu, bir qayda olaraq, Azərbaycanda uzun illərdir ki, ənənə halını alıb. Hətta ölkənin tanınan teatrları müxtəlif rayonlarda, əsaslı teatr tarixi, ənənəsi olan bölgələrimizdə teatr festivallarına qatılmaqla bu əlamətdar hadisəni təntənə ilə qeyd edirlər. Bu ənənə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında da yaşayır. Bu günlərdə Naxçıvan teatrının 134-cü mövsümünün açılışı olacaq. Bu dəfə tamaşaçılara Nəriman Nərimanovun “Nadir şah” faciəsi təqdim ediləcək. Bəs teatrda ümumi işlər necədir, növbəti birillik yaradıcılıq mövsümü ərəfəsində tamaşaçılara hansı maraqlı tamaşalar təqdim olunacaq? Bu sualların cavabını tapmaq üçün Cəlil Məmməd­quluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyevlə söhbətləşdik:

– Rza müəllim, yeni hazırlanan tamaşa haqda məlumat verməyinizi xahiş edirik.

– Mən, əslində, tamaşa yox, tamaşalar deyərdim. Çünki hazırda teatrda iki tamaşanın məşqləri gedir. Bunlardan biri Nəriman Nərimanovun “Nadir şah” faciəsi, digəri isə Elçinin “Arılar arasında ” dramıdır. Kollektiv “Nadir şah”ı məzuniyyətə getməzdən əvvəl hazırlamağa başlayıb. İlk məşqlərə may ayında start verilib. Məqsəd iyun ayının sonuna qədər onu tamaşaçıların ixtiyarına vermək idi. Amma bilirsiniz ki, may və iyun aylarında cəmiyyətin diqqətini çəkən çoxlu hadisələr baş verib. Bunların əksəriyyəti teatrımızda qeyd edilir. Bu isə təbii ki, məşqlərə bir qədər ara verilməsinə səbəb olur. Ona görə də qərara alındı ki, kollektiv məzuniyyətdən qayıdandan sonra, yəni avqust ayının 15-dən növbəti məşqlərə başlansın. Belə də oldu. İndi tamaşa tam hazırdır.

Ardını oxu...

Sentyabrın 30-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat, Mədəniyyət və Turizm nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Plov” və “Yallı” festivalları keçirilib. “Plov” festivalında 50 həvəskar qadın, 20 iaşə obyekti, “Yallı” festivalında isə muxtar respublikanın 14 yallı kollektivi iştirak edib.

Festivalların açılış mərasimində aparıcılar qeyd ediblər ki, qədim oğuz yurdu Naxçıvanın bugünkü sosial-iqtisadi, elmi-mədəni inkişafı burada keçirilən beynəlxalq elmi simpozium və konfranslarla, eləcə də beynəlxalq və yerli əhəmiyyətli mədəni tədbirlərlə müşayiət olunmaqdadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamından sonra xalq yaradıcılığının müxtəlif sahələrini əhatə edən, adət-ənənələrimizin təbliğinə yönəlmiş tədbirlərin əhatəsi daha da genişlənib. Təkcə bu ilin may-avqust aylarında Naxçıvanda 4 festival keçirilib. “Yaradıcı əllər”, “Göycə”, “İstedadlı uşaqlar” və “Naxçıvan çörəkləri” adlı festivallar ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Bu gün keçirilən “Plov” və “Yallı” festivalları da muxtar respublikanın mədəni həyatında əlamətdar hadisə olmaqla, bölgələrimizə xas müxtəlif çeşidli plov növlərinin və onların hazırlanması qaydalarının nümayişi, xalqımızın ən qədim folklor nümunələrindən olan, birlik və mübarizlik rəmzi sayılan yallılarımızın təbliği baxımından olduqca əhəmiyyətli tədbirdir.

Ardını oxu...

Qədim oğuz yurdu Naxçıvanın bugünkü sosial-iqtisadi, elmi-mədəni inkişafı burada keçirilən beynəlxalq elmi simpozium və konfranslarla, eləcə də beynəlxalq və yerli əhəmiyyətli mədəni tədbirlərlə müşayiət olunmaqdadır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamından sonra xalq yaradıcılığının müxtəlif sahələrini əhatə edən, adət-ənənələrimizin təbliğinə yönəlmiş tədbirlərin əhatəsi daha da genişlənib. Təkcə bu ilin may-avqust aylarında Naxçıvanda 4 festival keçirilib. “Yaradıcı əllər”, “Göycə”, “İstedadlı uşaqlar” və “Naxçıvan çörəkləri” adlı festivallar ictimaiyyət tərəfindən maraqla qarşılanmaqla muxtar respublikaya olan diqqət və marağı artırıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata görə, bu tədbirlərin davamı olaraq sentyabrın 30-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Plov” və “Yallı” festivalları keçiriləcəkdir. Festivallarda milli mətbəximizin incisi plov nümayiş etdiriləcək, qədim yallılarımız ifa olunacaqdır. “Ən dadlı plov” müsabiqəsinin qalibləri və “Ən yaxşı yallı” kollektivləri mükafatlandırılacaqlar.

Ardını oxu...

Sentyabrın 23-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Naxçıvan –­ bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının albom-kataloqunun təqdimatı olmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi, Turizm və otel­çilik ixtisaslarının II kurs tələbələri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət ediblər, tariximizi əks etdirən eksponatlarla tanış olublar.
Muzeyin bələdçisi Şahnaz Əliyeva tələbələrə kompleks haqqında məlumat verərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” 5 iyun 2013-cü il tarixli Sərəncamı təkcə tariximizin qorunması və təbliğinə deyil, həm də gələcəkdə bir millət kimi bu torpaqların əzəli və əbədi sakinləri olduğumuzun elmi dəlillərlə sübutuna xidmət edən mühüm dövlət sənədidir. Naxçıvanqalanın bərpası, qalanın əvvəlki görkəminin özünə qaytarılması, burada “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması, ümumilikdə, Naxçıvanın tarixinin öyrənilməsi, tədqiqi və təbliği baxımından mühüm və tarixi addımdır.
Komplekslə tanışlıq zamanı burada nümayiş olunan eksponatlar haqqında məlumatlar əldə edən tələbələr Nuh ­Peyğəmbərin məzarüstü türbəsini də ziyarət ediblər.

Mina QASIMOVA

Muxtar respublikamızın zəngin tarixi və bu tarixin şahidləri olan çoxsaylı tarixi, dini, mədəni abidələrin mövcudluğu Naxçıvanda mədəni tanışlıq tu­rizminin inkişafına təkan verən amillərdəndir. Muxtar respublikadakı ayrı-ayrı tarixi abidələr barədə məlumat verən kiçikhəcmli kitabçaların və broşürlərin nəşrinin xüsusi əhəmiyyəti vardır. Belə məlumat kitabçaları və broşürlər insanların bu abidələrlə bağlı qısa, lakin əsaslı məlumat almasına, eyni zamanda tariximizin kütləvi təbliğinə xidmət edə bilər. Danılmaz bir faktdır ki, informasiyanın bu qədər bolluğu şəraitində insanlar hər hansı ərazi və abidələrlə bağlı irihəcmli tədqiqat əsərlərinə nisbətən kiçikhəcmli kitablara və kitabçalara daha çox üstünlük verirlər.

Bu mənada, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərlinin bu günlərdə çapdan çıxmış “Əshabi-Kəhf Ziyarətgahı” Dini Mədəni Abidə Kompleksi” adlı kitabı xüsusi əhəmiyyətə malikdir. AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çapdan çıxan 72 səhifəlik kitabda Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən, Azərbaycanın müxtəlif bölgələrinin, hətta qonşu Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasının əhalisi, buraya müxtəlif ölkələrdən gələn qonaqlar tərəfindən ziyarət edilən, adı “Qurani-Kərim”də xatırlanan Əshabi-Kəhf ziyarətgahından bəhs edilir. Kitabda orta əsr qaynaqlarına, tarixi və etnoqrafik faktlara, tədqiqatçıların fikirlərinə əsaslanaraq “Qurani-Kərim”in “əl-Kəhf” surəsində haqqında bəhs olunan Əshabi-Kəhfin Naxçıvan şəhərinin şərq tərəfində yerləşən müqəddəs yer – Əshabi-Kəhf olması fikri vurğulanır.

Ardını oxu...

Teatr elə bir aləmdir ki, səhnə həyatının emosiyasını bir dəfə dadanlar uzun müddət ondan ayrıla bilmirlər. Bu adamların əksəriyyəti özünü bu aləmə həsr edir, onunla yaşayır, həyatın bədii inikası olan səhnəni sevərək onu müqəddəs sayır. Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan Naxçıvan Dövlət Musiqili Dram Teatrında da bu cür sənətkarlar, aktyorlar həmişə olub və gələcəkdə də olacaqdır.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ömrünün 33 ilini səhnə həyatına həsr edən Azərbaycan Respublikasının Əməkdar artisti Əli Əliyev bu günlərdə 60 yaşını sevimli kollektivi ilə birlikdə qeyd etdi. 1956-cı il sen­tyabrın 20-də Culfa rayonunun Xanəgah kəndində anadan olan Əli Əliyev 1983-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyoru fakültəsini bitirib. Həmin illərdə bu universitetdə oxumaq ürəyində sənət sevgisi olan hər bir gəncin arzusu idi. Çünki Azərbaycanda kino və teatrın inkişafı ötən əsrin 70-80-ci illərində özünün ən yüksək zirvəsinə çatmışdı. O zaman Azərbaycana rəhbərlik edən ümummilli liderimiz Heydər Əliyev bu sahə ilə şəxsən maraqlanır, mədəniyyətimizi keçmiş SSRİ-də və dünyada uğurla təbliğ edirdi. Sənət adamları yaxşı bilir ki, o vaxtlar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu ixtisasına daxil olmaq və oranı bitirmək çox çətin idi. Ölkə səviyyəsində istedadı olan və aktyor olmaq istəyən bütün gənclərin hədəfi bu ixtisas idi. Bu ixtisasa qəbul da çox məhdud sayda aparılırdı.

Ardını oxu...

Sədərək rayonunun Heydərabad qəsəbə tam orta məktəbi şagirdlərinin rayon Tarix-Diyarşünaslıq Muzeyinə ziyarəti təşkil olunub.
Sədərək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirin məqsədi yeniyetmə və gənclərin tariximizi əks etdirən eksponatlar haqqında ətraflı məlumatlandırılması, tarixi keçmişimizin unudulmaması və gələcək nəsillərə çatdırılması olub.
Muzeyin bələdçisi bildirib ki, 1995-ci ildən fəaliyyət göstərən rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün Heydərabad qəsəbəsində 2010-cu ildə yeni bina ucaldılıb. 2002-ci ildə muzeyin 4 bölməsi, 613 eksponatı olub. Hazırda isə eksponatların sayı 2 mini ötüb. Muzeyin ekspozisiyasında 16 bölmədə 1200-dən çox eksponat nümayiş etdirilir.
Qeyd olunub ki, muzeydə qədim və orta əsrlərə aid zəngin nümunələr, nadir əşyalar çoxdur və onların hamısı rayon ərazisində yerləşən qədim yaşayış məskənlərində – Kərki nekropolunda, Vəlidağ ətəklərində, “Sədərək qalası”, “Kültəpə”, “Şəhər yeri”, “Bulaq başı”, “Karvansara” adlanan yerlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılıb. Muzeyin arxeologiya və etnoqrafiya bölməsində nümayiş etdirilən Tunc dövrünə və orta əsrə aid eksponatlar – daş baltalar, çapacaqlar, küpə, çölmək, həvəngdəstələr, dən daşları və digər nümunələr Sədərək torpağında hələ eramızdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərindən yaşayış olduğunu təsdiqləyir.

Ardını oxu...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olduğu günün – 18 sen­tyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması haqqında Fərman imzalamışdır. Artıq 21 ildir ki, sen­tyabrın 18-i ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur.

Ardını oxu...

Muxtar respublikada mədəni-kütləvi tədbirlərin keçirilməsi avqust ayında da diqqətdə saxlanılmış, kitabxanaların və muzeylərin fəaliyyətinə diqqət artırılmışdır. Ordubad rayonunda kitabxana işi ilə bağlı zona müşavirəsi keçirilmişdir. 

Ötən ay kitabxanalarda, ümumilikdə, 41 tədbir və 19 sərgi keçirilmiş, kitabxanalara 42 adda 44 nüsxə çap məmulatı paylanılmış, yeni oxucu sayı 161 nəfər, oxucu gəlişi 4896 nəfər, kitab verilişi 23 min 576 ədəd olmuşdur. Ötən ay muxtar respublikadakı muzeyləri 4695 xarici ölkə vətəndaşı olmaqla, ümumilikdə, 24 min 172 tamaşaçı ziyarət etmişdir. Bu dövrdə muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi sahəsində də işlər görülmüş, muzey fondlarına 302 ədəd eksponat daxil edilmişdir. Muzey bələdçilərinin peşə biliklərinin artırılması, təcrübə mübadiləsinin aparılması məqsədilə Dövlət Bayrağı Muzeyində seminar-treninq keçirilmiş, “Əlincəqala” Tarix-Mədəniyyət və Bəhruz Kəngərli muzeylərinin bukletləri hazırlanaraq nəşr olunmuşdur. Bununla yanaşı, Şahbuz, Culfa, Şərur, Kəngərli Rayon Tarix-Diyarşünaslıq muzeylərində və Naxçıvan Dövlət Tarix Muzeyində 60-dan çox eksponatın üzərində olan yazılar, eləcə də Gəmiqaya Tarix Bədii Qoruğunun ərazisində 1290 qayaüstü təsvir öyrənilərək qısa təsvirləri hazırlanmışdır.

Ardını oxu...

 Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olduğu günün – 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması haqqında Fərman imzalamışdır. Həmin tarixdən etibarən hər il sentyabrın 18-i ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur.

Azərbaycan musiqi mədəniyyətinin tarixi çox qədimdir. Gəmiqaya və Qobustan qayaüstü rəsmləri, eləcə də “Kitabi-Dədə Qorqud” dastanı xalqımızın qədim musiqi mədəniyyəti haqqında zəngin məlumat verir. Hələ XIII əsrdə Səfiəddin Urməvi, sonralar isə onun davamçıları Azərbaycan musiqisinin nəzəri məsələlərini araşdırmış, musiqimizin səs sistemi, ladları, musiqi alətləri haqqında dəyərli əsərlər yazmışlar. Bu nadir elmi əsərlər dünyanın bir sıra dillərinə tərcümə edilmiş, Şərqin və Qərbin böyük tədqiqatçıları və musiqişünaslarının marağına səbəb olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Bizim gözəl incəsənətimiz, mədəniyyətimiz, bənzərsiz xalq musiqimiz və ondan bəhrələnən, onun əsasında yaranan müasir, peşəkar musiqimiz var. Zənnimcə, peşəkar musiqimiz həm görkəmli bəstəkarlarımızın, həm də mahir ifaçılarımızın ən böyük nailiyyətidir”.

Ardını oxu...

Milli Musiqi Günü münasibətilə Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı ilə birgə tədbir keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müəllim və tələbələri yeni dərs ilinin başlanması və Milli Musiqi Günü münasibətilə təbrik edib, bu günün tarixindən, Azərbaycan klassik musiqi janrının inkişafında böyük xidmətləri olan dahi bəstəkar Üzeyir Hacıbəyovun yaradıcılığından, milli mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıb.
Qeyd olunub ki, Üzeyir Hacıbəyov elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoyub və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına xidmət edib. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub.
Sonra İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının məsul katibi Günay Məmmədovanın bəstəkarın həyat və yaradıcılığı haqqında çıxışı dinlənilib.
Tədbirin bədii hissəsində müəllif əsərləri ilə yanaşı, bəstəkara ithaf olunmuş musiqi nömrələri də ifa olunub. Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədimovanın və baş müəllim Xalubər Namazovanın müşayiəti ilə “Cəngi”, “Arşın mal alan” operettasından Əsgərin ariyası, Telli ilə Vəlinin dueti, Gülçöhrənin ariyası, “Çırpınırdı Qara dəniz”, “Qaragöz” kimi əsərlər, həmçinin Kamal Əhmədovun bəstələrindən “Aşıqsayağı”, Yaşar Xəlilovun ifasında isə “İblis” operasından parçalar səsləndirilib.

Nərmin CABBAROVA

Naxçıvan Muxtar Respublikasında Paleolit dövrü Ali Məclisin Sədri Vasif Talıbovun rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən geniş tədqiq edilmişdir.
Ordubad və Sədərək rayonlarında aparılmış qazıntılar zamanı aşkar olunmuş arxeoloji xəzinələr və qiymətli qədim alətlər təsdiq edir ki, Paleolit dövrü Naxçıvanda, təxminən, 1 milyon il əvvəl mövcud olmuşdur. Ordubad rayonunun Tivi kəndinin cənub-şərqində olan İlikliqaya nekropolunda aparılmış qazın­tılar zamanı oradan daş alətlər və yerli daşlardan hazırlanmış kəsici əşyalar, həmçinin Erkən Tunc və Dəmir dövrlərinə aid maddi-mədəniyyət nümunələri tapılmışdır. Aşkar olunmuş materiallar başlıca olaraq gil məmulatlarından ibarətdir. Kuzə, fincan, vaza tipli qabların parçalarından ibarət olan keramika nümunələri boz rəngdə olub, yaxşı bişirilmişdir. Bu keramika nümunələri 2-ci minilliyə, Son Tunc dövrünə aiddir. Bir neçə Paleolit daş alətləri ilə yanaşı, keramika nümunələri də İlikliqaya ərazisində aşkar olunmuşdur. İlikliqaya çox qədim yaşayış məskənidir və təpənin üzərində yerləşir. Mövcud olmuş tikililərin qalıqlarına əsaslanaraq demək olar ki, binalar yonulmamış qaya parçalarından inşa olunub və orada mədəni təbəqənin qalınlığı 1 metrə çatır. Keramika məmulatları isə çəhrayı və boz rəngdə bişirilmişdir.

Ardını oxu...

Sentyabrın 12-də müqəddəs Qurban bayramı ilə əlaqədar Naxçıvan şəhərindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında “Xalq mahnı və təsniflərinin ifaçı­lıq müsabiqəsi-2016”nın iştirakçılarının konsertı olub. Konsertdən əvvəl aparıcı şəhərimizin sakinlərini və qonaqlarını salamlayaraq bildirib ki, belə tədbirlərin keçirilməsi bayram günlərində insanların asudə vaxtının və istirahətinin səmərəli təşkilinə xidmət edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Bilik Gününə həsr olunmuş “İrs” adlı uşaqların rəsm sərgisi keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, xüsusi istedad tələb edən bir sənət kimi rəssamlığa balacaların da maraq göstərmələri çox sevindirici haldır. Onların istedadlarının üzə çıxarılması, düzgün formalaşdırılması üçün muxtar respublikada hərtərəfli şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin vəzifələrindən biri də onlara gələcək sənət yollarında irəliləmək üçün kömək etməkdir.
Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbər-direktoru, Azərbaycan Respublikasının Xalq artisti Yasəmən Ramazanova və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Namiq Novruzov çıxış edərək vurğulayıblar ki, muxtar respublikada bütün sahələrdə istedadlı gənclər yetişir. Bu gün rəssamlıq sənətinə maraq göstərən uşaqların da gələcəkdə yaxşı sənət adamı kimi formalaşmasında belə tədbirlərin böyük rolu var. Çıxış edənlər balaca rəsm həvəskarlarına uğurlar arzulayıblar.
Uşaq rəsm sərgisində fəallığına görə fərqlənən balaca rəssamlara diplomlar təqdim edildikdən sonra sərgiyə baxış keçirilib. Burada Aysel Əmrahovanın, Aysu Zeynalovanın, Şəhrizad Quliyevanın, Nərgiz Hacıyevanın, Sevinc Quliyevanın, İsmayıl Bilalovun, Bağdagül Hüseynovanın və başqa balaca rəsm həvəskarlarının rəsmləri nümayiş olunur.
Rəsmlərdə uşaq dünyasının böyüklərin dünyasından fərqləndiyi açıq-aşkar hiss edilirdi. Sərgi salonunda təbiət mənzərələrindən tutmuş cizgi filmlərinin qəhrəmanları da daxil olmaqla rəsmlər yerləşdirilib. Uşaqların rəngli dünyası sərgiyə baxmağa gələnlərin diqqətini cəlb edir, onlar hər bir rəsmə xüsusi nəzər yetirirdilər.
Qeyd edək ki, 47 istedadlı uşağın hərəsinin 3-4 rəsmi nümayiş olunan bu sərginin ən böyük iştirakçısının 14 yaşı var.

Fatma Babayeva

Muxtar respublika məktəblilərinin yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkili məqsədilə həyata keçirilən tədbirlər davamlı xarakter alıb.
Naxçıvan şəhərində məktəbdənkənar tərbiyə müəssisələrinin iştirakı ilə “Yay tətili uşaqların gözü ilə” devizi altında musiqili konsert pro­qramı da yaddaqalan olub.
Tədbirdə vurğulanıb ki, muxtar respublikanın məktəbdənkənar tərbiyə müəssisələrinin fəaliyyət dairəsini genişləndirmək üçün belə müəssisələrə hərtərəfli qayğı göstərilir.
Sonra konsert proqramına start verilib.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin qarşısında keçirilən tədbir əhalinin, əsas da uşaqların böyük marağına səbəb olub.
Tədbirdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Gənc Heydərçilər” dəstəsi şeirlərlə, “Əlvan çiçəklər” mahnı və rəqs ansamblı isə rəngarəng musiqi və rəqs nömrələri ilə çıxış ediblər.
Estetik Tərbiyə Mərkəzinin vokal qrupunun ifa etdiyi “Azərbaycan” mahnısı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Mərkəzin “Fidanlar” qrupu gözoxşayan rəqsləri ilə seçilib.

Xəbərlər şöbəsi

Naxçıvan qədimlərdən bəri tarix və mədəniyyətin vəhdətinə şahidlik edib. Bunun əsas səbəbi odur ki, bu diyar ilkin yaşayış məskəni kimi ulu əcdadlarımızın daimi yaşadığı, fəaliyyət göstərdiyi, beləliklə, yaşayış məskəni kimi formalaşan bir ərazi olub. Yəni tarix məhz əcdadlarımızın əli ilə yazılıb bu torpaqda. Digər tərəfdən dünyanın hansı ərazisi olursa-olsun, əgər həmin yer bəşəriyyətin ilk insanları üçün yaşayış məskəni kimi qəbul olunubsa, demək ki, qədim mədəniyyətin də izlərini bu cür ərazilərdə axtarmaq lazımdır. 

Əgər tarix olmayıbsa, mədəniyyətin formalaşmasından, mədəniyyət olmayıbsa, tarixin əhəmiyyətindən danışmaq mümkünsüzdür. Buna görə də tarix və mədəniyyət bir-biri ilə sıx əlaqəlidir. Qürurverici haldır ki, bu gün Naxçıvanın keçmişindən bəhs edərkən tarixçilər bu diyarı ilkin yaşayış məskəni olmaqla yanaşı, həm də 5000 illik şəhər mədəniyyətinin formalaşdırıldığı və inkişaf etdirildiyi ərazi olaraq dəyərləndirirlər. Bu dəyərləndirməyə əsas verən amillər isə tarixin bütün dövrlərində burada yaradılmış zəngin mədəniyyət və memarlıq abidələridir. Belə abidələrdən biri də bu gün Naxçıvanın özünəməxsus ənənələrinin və dəyərlərinin təbliğində əhəmiyyətli rol oynayan Naxçıvanqaladır. Aparılan tədqiqatlar göstərir ki, Naxçıvanqala təkcə qalatipli memarlıq abidəsi olmayıb, eyni zamanda bu tarixi ərazidə formalaşmış ilkin şəhər mədəniyyətinin bir elementidir.

Ardını oxu...

Sentyabrın 6-da Sədərək rayonunda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə istedadlı qadınların əl işlərindən ibarət sərgi-satış açılıb.
Sərginin açılış mərasimində Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov çıxış edərək bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında dövlət qadın siyasəti uğurla həyata keçirilir. Bu siyasətin tərkib hissəsi olaraq qadınlarımız dövlət quruculuğunda, ictimai-siyasi sahədə fəal iştirak edir, onların əməyi yüksək qiymətləndirilir. Sədərək rayonunun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində çalışan qadınlar da öz bilik və bacarıqları, işgüzarlıqları və ictimai-siyasi həyatdakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Qadınların əl işlərindən ibarət sərgilərin təşkil olunması da bu tədbirlərin davamı kimi mühüm əhəmiyyət daşıyır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR