23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin birgə layihəsi olan “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016”nın VI mərhələsi başa çatıb.

Müsabiqənin keçirilməsində məqsəd milli musiqi mədəniyyətimizin və incəsənətimizin təbliğ edilməsi, xalq mahnı və təsniflərinin ifaçılığı üzrə istedadlı şəxslərin aşkara çıxarılması, istedadlı ifaçıların yaradıcılıq potensialının düzgün istiqamətləndirilməsidir. Əsas turun birinci mərhələsinə aprel ayının 29-da Naxçıvan şəhərində start verilib. Əsasnaməyə əsasən, müsabiqənin təşkilat komitəsi və muxtar respublikanın tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti yaradılıb. Müsabiqədə iştirak edənlərə yaş həddi və təhsil məhdudiyyəti qoyulmayıb. Münsiflər heyətinin üzvü olan müəllimlərin öz tələbələrinə səs verməsi məhdudlaşdırılıb.

Tədbirdən əvvəl aparıcılar bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin birgə təşkilatçılığı ilə “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016”ya 7 aydır ki, start verilib. Müsabiqənin əsas turunun birinci mərhələsində 15 iştirakçı çıxış edib və münsiflər heyətinin müvafiq balları ilə qiymətləndiriliblər.
Bildirilib ki, müsabiqənin əsas turunun ikinci mərhələsi iyunun 3-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində, üçüncü mərhələsi iyunun 30-da Ordubad rayonunda, dördüncü mərhələsi iyulun 28-də Babək rayonunda, beşinci mərhələsi avqustun 31-də Naxçıvan şəhərində keçirilib.
Qeyd olunub ki, dördüncü mərhələdən başlayaraq müsabiqənin növbəti keçiriləcək hər mərhələsində 1 nəfər olmaqla, ən az bal toplayan ifaçı müsabiqəni tərk edir.
Aparıcılar müsabiqənin münsiflər heyətini tamaşaçılara təqdim ediblər. Əsas turun beşinci mərhələsində iştirak etmiş ifaçılar haqqında qısa məlumat verilib, onların V mərhələdə topladıqları ballar bir daha elan olunub.
Sonra xalqımızın ruhundan süzülüb gələn, qəlbləri riqqətə gətirən təsniflər səsləndirilib. Tarda Cəlil İsmayılovun, kamançada Nurlan Nuriyevin, udda Elməddin Axund­ovun, qanunda Günel Fərəcovanın, balabanda Nihad Quliyevin, nağarada Mahir Rüstəm­ovun müşayiəti ilə müsabiqə iştirakçıları Aqil Adilzadə (Culfa rayonunun Bənəniyar kəndi, 324 bal) “Dəşti”, Fərman Allahverdiyev (Şərur rayonunun Tənənəm kəndi, 347 bal) “Bəstə-nigar”, Fuad Qədimov (Sədərək rayonunun Qaraağac kəndi, 341 bal) “Zəminxarə”, İlham Məmmədov (Kəngərli rayonunun Böyükdüz kəndi, 352 bal) “Dilkeş”, Əsmər Hüseynova (Ordubad şəhəri, 357 bal) “Şur”, Bəhruz Quliyev (Culfa rayonunun Saltaq kəndi, 347 bal) “Bayatı-şiraz”, Təyyar Mədətli (Şahbuz rayonunun Kolanı kəndi, 344 bal) “Mahur”, Rəşad Nəcəfov (Culfa şəhəri, 353 bal) “Bayatı-Qacar”, Səfər Cəfərov (Babək rayonunun Nehrəm kəndi, 360 bal) “Üşşaq”, Elmar Qasım­ov (Naxçıvan şəhəri, 358 bal) “Segah”, Yusif Hacıyev (Naxçıvan şəhəri, 390 bal) “Şur” təsniflərini ifa ediblər. Müsabiqə iştirakçılarından Ataxan Quliyev Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olunduğuna görə müsabiqədə iştirak etməyib.
Sonda müsabiqənin Naxçıvan şəhərində keçirilən mərhələsinin nəticələri elan edilib. Beləliklə, müsabiqənin şərtlərinə əsasən bu turda ən az bal (59) toplamış Aqil Adilzadə müsabiqəni tərk edib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR