Uzun illərdir, hər ilin sentyabr-oktyabr ayları mədəniyyətimizin əsas aparıcı sahələrindən sayılan teatrların yaradıcılıq mövsümünün açılışı olur. Bu, bir qayda olaraq, Azərbaycanda uzun illərdir ki, ənənə halını alıb. Hətta ölkənin tanınan teatrları müxtəlif rayonlarda, əsaslı teatr tarixi, ənənəsi olan bölgələrimizdə teatr festivallarına qatılmaqla bu əlamətdar hadisəni təntənə ilə qeyd edirlər. Bu ənənə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında da yaşayır. Bu günlərdə Naxçıvan teatrının 134-cü mövsümünün açılışı olacaq. Bu dəfə tamaşaçılara Nəriman Nərimanovun “Nadir şah” faciəsi təqdim ediləcək. Bəs teatrda ümumi işlər necədir, növbəti birillik yaradıcılıq mövsümü ərəfəsində tamaşaçılara hansı maraqlı tamaşalar təqdim olunacaq? Bu sualların cavabını tapmaq üçün Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyevlə söhbətləşdik:
– Rza müəllim, yeni hazırlanan tamaşa haqda məlumat verməyinizi xahiş edirik.
– Mən, əslində, tamaşa yox, tamaşalar deyərdim. Çünki hazırda teatrda iki tamaşanın məşqləri gedir. Bunlardan biri Nəriman Nərimanovun “Nadir şah” faciəsi, digəri isə Elçinin “Arılar arasında ” dramıdır. Kollektiv “Nadir şah”ı məzuniyyətə getməzdən əvvəl hazırlamağa başlayıb. İlk məşqlərə may ayında start verilib. Məqsəd iyun ayının sonuna qədər onu tamaşaçıların ixtiyarına vermək idi. Amma bilirsiniz ki, may və iyun aylarında cəmiyyətin diqqətini çəkən çoxlu hadisələr baş verib. Bunların əksəriyyəti teatrımızda qeyd edilir. Bu isə təbii ki, məşqlərə bir qədər ara verilməsinə səbəb olur. Ona görə də qərara alındı ki, kollektiv məzuniyyətdən qayıdandan sonra, yəni avqust ayının 15-dən növbəti məşqlərə başlansın. Belə də oldu. İndi tamaşa tam hazırdır.
– Bir məqama diqqət yetirək. Teatr, adətən, bütün kollektivlə məzuniyyətə gedir. Bəs mövsüm elə teatrın məzuniyyətdən qayıtması ilə başlamırmı?
– Xeyr, teatrın kollektivi məzuniyyətdən qayıdır. Amma bu yaradıcılıq mövsümünün açılışı demək deyil. İstənilən tamaşanın müəyyən müddətə məşqləri və hazırlığı gedir. Digər tərəfdən aktyorların rol üzərində işləri, yenidən səhnəyə uyğunlaşması prosesi qaçılmazdır. Ona görə də biz “yaradıcılıq mövsümü” deyirik. Tamaşaçı gəlir və bu yaradıcılıq mövsümü mütləq tamaşaçı nəfəsi, alqışı ilə başlayır. Bir sözlə, bu prosesə tamaşaçı xeyir-duası mütləq lazımdır.
– Bəs ikinci tamaşa?
– İkinci tamaşa Elçinin “Arılar arasında” dramıdır. Bu tamaşanın da artıq səhnədə məşqləri gedir. Ona isə avqustun axırından başlamışıq. Tamaşanın rejissoru Xalq artisti Kamran Quliyevdir. Maraqlı burasıdır ki, indiyə qədər məşqlər iki növbədə – səhər və günorta gedirdi. Aktyorların bəziləri “Nadir şah”ın məşqlərindən çıxıb ikinci tamaşanın məşqlərinə qatılırdılar.
– Bu, çətin deyil?
– Düzü, aktyor sənəti ilk baxışdan asan görünsə də, həmişə çətin olub. Biz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində oxuyanda müəllimlərimiz deyirdilər ki, əgər fəhlə gün ərzində, misal üçün, 150 kilokalori itirirsə, aktyor tamaşalarda 250 kilokalori enerji itirir. Çünki bu prosesdə həm məsuliyyət, həm başqalaşma, həm diqqət olur, həm də səsə, mizanlara, özünə nəzarət gedir. Bu isə çox çətindir. Hələ buna tərəf-müqabilinin çaşması, musiqinin, işığın bəzən yerində verilməməsi, tamaşaçı həyacanı da əlavə olunursa, onda aktyor işi daha da çətinləşir. Qaldı ki, iki tamaşanın məşqlərinə, aktyor sənətinin kökündə başqalaşmağı bacarmaq dayanır. Bu isə əsl aktyora məşq prosesində sənətin həzzini yaşadır. Ona görə də heç kəs narazılıq etmədi.
– Məncə, “Nadir şah” faciəsi 1997-ci ildə repertuara salınmışdı.
– Bəli, o zaman Bakıdan Elçin Mirzəbəyli rejissor kimi dəvət olunmuşdu. Nadir şah obrazını Xalq artisti Kamran Quliyev oynayırdı. İsti avqust günləri idi. Kollektiv bu tamaşanı o qədər həvəslə hazırladı ki, cəmi 19 günə tamaşa təhvil verildi. Sonra onunla Bakıda, Sumqayıtda, İran İslam Respublikasında səfərdə olduq. Hər yerdə də maraqla, alqışlarla qarşılandı. Bu dəfə isə tamaşanın rejissoru Tofiq Seyidovdur. Nadir şahı isə özüm oynayıram.
– Sizcə, hansı daha maraqlı alınıb, 19 il əvvəlki, yoxsa indiki?
– Bu sualın cavabını tənqidçilər və tamaşaçılar verəcək. Amma mənim fikrimcə, 1997-ci ildə ilk dəfə səhnəyə qoyulduğu üçün hamıda qəribə bir eyforiya var idi. Bir də bu tamaşa müstəqillik illərində yenidən dirçələn Naxçıvan teatrının canlanmasına səbəb oldu. O zaman teatrın əvvəlki şöhrətinin, yaradıcılıq atmosferinin özünə qaytarılmasına çalışılırdı. Əslində, bu prosesə hələ 1992-ci ildə ulu öndər Heydər Əliyev Naxçıvan teatrını ozamankı ölkə iqtidarının məkrli planlarından qorumaqla başlamışdı. Çünki həmin vaxt ölkəni idarə edən səriştəsiz adamlar teatrların gəlirsiz sahə olduğunu bəhanə gətirməklə onları bağlamaq istəyirdilər. Ümummilli lider isə çox sevdiyi və həmişə hörmətlə yanaşdığı Naxçıvan teatrını qoruya bildi. Bu gün isə ənənə davam edir. 2012-ci ildə teatrımız ən müasir şəkildə təmir edilib, istənilən şərait yaradılıb. Bir neçə il əvvəl Amerika Birləşmiş Ştatlarından gələn musiqiçilər teatrın qarşısında konsert verirdilər. Bina ilə tanış olmaq istədilər, mən də teatrı gəzdirdim. Etiraf etdilər ki, ağıllarına da gəlməzdi ki, belə bir müasir və klassik memarlıq üslubunda olan teatr binası görəcəklər. Nə isə... kənara çıxmayaq, tamaşaçılar gəlib “Nadir şah”da özləri aktyor oyununa və rejissor işinə qiymət verərlər.
– Yeri gəlmişkən, rejissor baxımından vəziyyət necədir? Teatrda yetərincə təcrübəsi olan sənətkarlar var. Bəs rejissor necə?
– Əvvəllər yaxşı rejissorlar olub. Ta Səməd Mövləvidən başlamış Miribrahim Həmzəyev, Baxşı Qələndərli, Vəli Babayev, Əliqismət Lalayev, Vaqif Əsədov kimi teatrda yaxşı rejissorlar olub. 1992-ci ildə şəhid olan Vaqif Əhmədov gənc rejissor kimi son ümid yerimiz idi. Amma onu da Qarabağ uğrunda döyüşlərdə itirdik. Son illər Xalq artisti Kamran Quliyev bu işi öz öhdəsinə götürüb. Düzdür, teatrın aktyorlarının bəziləri rejissor kimi tamaşalar hazırlayır. Xalq artisti Rövşən Hüseynov bir neçə tamaşa hazırlayıb. Amma o, daha çox aktyor kimi çıxış etməyə üstünlük verir. Bu gün teatrın inkişafı üçün təcrübəli, aktyor oyununu, səhnə hərəkətini yaxşı bilən peşəkar rejissorlara ehtiyac var.
– Teatra gənclər cəlb olunurmu?
– Bu mövzu teatrda həmişə müzakirə obyekti olub. Bəli, indi teatra gənclər gəlirlər. Amma bir müddətdən sonra çıxıb gedirlər. Açığı, gələn gənclər elə bilirlər ki, asandır, bir günün içərisində, bir tamaşa ilə peşəkar, tamaşaçıların sevimlisinə çevrilən aktyor və ya aktrisa olacaqlar. Bəzilərinin həm zahiri görünüşü, həm sənətə marağı adamın diqqətini çəkir. İşə gələndə isə hələ çox zəif olduğu ortaya çıxır. Müasir tamaşaçı isə həddindən artıq tələbkardır. Son illər Naxçıvan Dövlət Universitetində Aktyorluq ixtisasının açılması bizi sevindirdi. Hələ ki ordan məzun olan bir aktrisa – Şölə Novruzbəyli teatrda işləyir. Bir də Fidan Qasımova gəlmişdi, o da əlavə təhsil almaq üçün Bakıya getdi. İkinci kurs tələbəsi Səyyad Məmmədov da teatrla sıx əməkdaşlıq edir. Ancaq bu il məzun olub teatra gələn yoxdur.
– Tamaşaçılar yeni mövsümdə ancaq iki tamaşaya baxacaqlar?
– Əlbəttə, yox. Bizim repertuarımızda maraqlı tamaşalar var. Ötən mövsümlərdə Həmid Arzulunun “Əlincə qalası”, Nəriman Nərimanovun “Nadanlıq” dramı əsasında hazırlanan “Nadanlıq və ya qəfil telefon zəngi”, Tuncər Cücənoğlunun “Rəngsaz” komediyası, Tale Həmidin “Yəhya bəy Dilqəm” faciəsi və digər tamaşaları hazırlamışıq. Təbii ki, bunlar da nəinki Naxçıvan şəhərinin, həmçinin rayonlarımızdakı tamaşaçılara da təqdim ediləcək.
– Bəs gələcəkdə hansı tamaşaları hazırlamağı planlaşdırırsınız?
– Düzü, hələ repertuar planını təsdiqləməmişik. Bu iş, adətən, hər ilin noyabr ayında olur. Amma növbəti mövsümdə də çalışacağıq ki, tamaşaçılara maraqlı tamaşalar təqdim edək. Onu da etiraf edim ki, son vaxtlar dram əsərləri baxımından bir az əziyyət çəkirik. Bizim teatrda həmişə tarixi əsərlərə xüsusi yer ayrılıb. Teatr həm də bir məktəbdir. Ali Məclis Sədrinin dediyi kimi, həmişə tarixi tamaşalar tamaşaçılar üçün bir tarix dərsidir. Hadisələri adamlara canlı şəkildə təqdim edəndə o daha təsirli və yaddaqalan olur. Amma o da var ki, əksər maraqlı əsərləri artıq səhnələşdirmişik. Yenisini isə yazanlar çox azdır. Yazılanların bəzisinin üslubu və ustalığı çatmır, bəzisinin süjet xətti qane eləmir, bəzisinin adı gözəl səslənsə də, əsərin tərbiyəvi əhəmiyyəti yox dərəcəsində olur. Ona görə də uzun müddət seçim etmək məcburiyyətində qalırsan. Tamaşaçı bəzən komediya istəyir, bəziləri tarixi dramlara üstünlük verir, bəziləri Avropa ədəbiyyatından hansısa pyesi görmək arzusunda olur. Ona görə də repertuar seçiminə xeyli vaxt sərf edirik. Son nəticədə isə çalışırıq ki, tamaşaçı razı qalsın.
– Çox sağ olun, Rza müəllim, əlbəttə, suallar çoxdur, amma növbəti dəfə tamaşalardan sonra söhbət edərik.
Səməd CANBAXŞIYEV