Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi, Turizm və otelçilik ixtisaslarının II kurs tələbələri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət ediblər, tariximizi əks etdirən eksponatlarla tanış olublar.
Muzeyin bələdçisi Şahnaz Əliyeva tələbələrə kompleks haqqında məlumat verərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında” 5 iyun 2013-cü il tarixli Sərəncamı təkcə tariximizin qorunması və təbliğinə deyil, həm də gələcəkdə bir millət kimi bu torpaqların əzəli və əbədi sakinləri olduğumuzun elmi dəlillərlə sübutuna xidmət edən mühüm dövlət sənədidir. Naxçıvanqalanın bərpası, qalanın əvvəlki görkəminin özünə qaytarılması, burada “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması, ümumilikdə, Naxçıvanın tarixinin öyrənilməsi, tədqiqi və təbliği baxımından mühüm və tarixi addımdır.
Komplekslə tanışlıq zamanı burada nümayiş olunan eksponatlar haqqında məlumatlar əldə edən tələbələr Nuh Peyğəmbərin məzarüstü türbəsini də ziyarət ediblər.
Mina QASIMOVA