23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 21 oktyabr    2016-cı il tarixdə “Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, “Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planında Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illiyinə həsr olunmuş tədbirin, “Ordubad Şəhər Uşaq Musiqi Məktəbi 50 ildə” mövzusunda konfransın keçirilməsi, məktəbin 50 illik fəaliyyətini əks etdirən nəşrin, tematik verilişlərin və qəzet materiallarının hazırlanması, keçirilən tədbirlərin işıqlandırılması nəzərdə tutulub. 

Dövlətimiz uşaqların, yeniyetmələrin, gənclərin təhsilinə, tərbiyəsinə, geniş dünyagörüşə malik olmalarına, əsl vətəndaş kimi yetişmələrinə xüsusi qayğı göstərir. Bu sahədə muxtar respublikamızda fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin də üzərinə mühüm vəzifələr düşür. Buna görə də musiqimizin, mahiyyət etibarilə, mədəniyyətimizin inkişafı istiqamətində görülən tədbirlər uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini də əhatə edir. Bu gün muxtar respublikamızda 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbinin fəaliyyət göstərməsi müstəqillik illərində bu sahədə həyata keçirilən tədbirlərin davamlı xarakter aldığının göstəricisidir. Təkcə ötən il 4 uşaq musiqi məktəbinin yeni binalarının istifadəyə verilməsi bu sahəyə yüksək diqqət və qayğının ifadəsidir. Muxtar respublikada son illər istifadəyə verilən 2 uşaq musiqi məktəbinin yeni binalarının açılış mərasimində ölkə Prezidenti cənab İlham Əliyev iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin rolunu yüksək qiymətləndirərək demişdir: “Musiqi hər bir xalqın mədəni inkişafının göstəricisidir. Azərbaycan xalqının zəngin xalq yaradıcılığı nümunələri, milli dəyərləri və adət-ənənələri vardır. Bunlar hər xalqa nəsib olmur. Çünki xalq yaradıcılığını, milli dəyərləri ancaq zəngin mədəniyyətə malik olan xalq yarada bilər. Bu gün muxtar respublikada musiqi məktəblərinin yaradılmasında əsas məqsəd xalq yaradıcılığı nümunələrini qoruyaraq gələcək nəsillərə çatdırmaqdan, o cümlədən musiqi mədəniyyətimizin inkişafına töhfələr verməkdən ibarətdir”.
Qədim diyarımızda uşaq musiqi məktəblərinin sırasında öz tarixi və çoxillik fəaliyyəti ilə fərqlənən təhsil ocaqlarından biri də Ordubad Şəhər Uşaq Musiqi Məktəbidir. Bu uşaq musiqi məktəbi rayonda yaradılan ilk, muxtar respublikamızda isə ikinci uşaq musiqi məktəbidir.
Ordubad Şəhər Uşaq Musiqi Məktəbi 1965-ci ilin oktyabr ayında Naxçıvan Şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin filialı kimi fəaliyyətə başlayıb. O zaman filiala 60 nəfər, o cümlədən fortepiano şöbəsinə 24 nəfər, klarnet şöbəsinə 12 nəfər və tar şöbəsinə 24 nəfər qəbul edilib. Həmid Qəniyev, Rəsul Məmmədov (not və tar ixtisası üzrə), Lyuba Poltavskaya (fortepiano ixtisası üzrə), Tofiq Tağıyev (klarnet ixtisası üzrə) məktəbin ilk müəllimləri olublar. 1966-cı ilin avqustundan bu təhsil ocağı öz fəaliyyətini müstəqil uşaq musiqi məktəbi kimi davam etdirməyə başlayıb. Ötən bu illər ərzində məktəbi 1600-dən çox məzun bitirib. Məzunların içərisində bu gün də mədəniyyət və incəsənətimizin inkişafı üçün çalışanlar çoxdur.
50 yaşlı təhsil ocağının direktoru Azər Məmmədov bizimlə söhbətində dedi: “Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam məktəbimizin 70 nəfərlik müəllim kollektivində böyük ruh yüksəkliyi yaradıb. Belə böyük qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığımızı bildiririk. Kollektivimiz çalışacaq ki, bundan sonra uğurlarımız daha çox olsun. Bunun üçün məktəbdə bütün şərait və imkan var”.
Fəaliyyəti dövrü məktəbin nail olduğu inkişafı aydın görmək mümkündür. 4 müəllim və 3 ixtisasla fəaliyyətə başlayan məktəbdə bu gün 70 müəllim 9 ixtisas üzrə gənc nəslə musiqi sahəsində təhsil verir. Hazırda Ordubad Şəhər Uşaq Musiqi Məktəbində 300-ə yaxın şagird təhsil alır.
Söhbət zamanı məktəbin direktoru onu da bildirdi ki, təhsilin keyfiyyəti ən əvvəl müəllimdən asılıdır. Gərək uşaqların musiqi yaradıcılıq təhsili ilə məşğul olan müəllim pedaqoji və psixoloji amilləri, fərdi yanaşma prinsiplərini yaxşı bilsin, uşaqların ürəyini oxumağı bacarsın. Bizim məktəbdə belə işgüzar müəllimlər çoxdur. Onlar çalışırlar ki, şagirdlərimiz yüksək səviyyədə musiqi təhsili ala bilsinlər. Buna görə də məktəbin uğurları getdikcə artır. Məktəbi bitirmiş məzunlarımızdan Naxçıvan Musiqi Kollecinə, Bakı Musiqi Kollecinə, Bakı Musiqi Akademiyasına, Naxçıvan Dövlət Universitetinə qəbul olanlar da çoxdur. Məktəbimizin şagirdləri Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası üzrə keçirilən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müsabiqələrində uğurlu nəticələr göstərir, diplom və fəxri fərmanlarla təltif edilirlər.
Ordubad Şəhər Uşaq Musiqi Məktəbi bir neçə il qazandığı uğurlara görə muxtar respublika uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri arasında “İlin məktəbi” adına layiq görülüb. Məktəbin müəllimlərindən Kamal Qəniyev (ilin dirijoru), Səbinə İbrahimova (ilin xormeysteri), Zülfiyyə Seyidova (ilin müəllimi) və başqalarının qazandığı uğurlar kollektivin çoxsaylı nailiyyətlərinin az bir qismidir. Bu illər ərzində müəllimlərdən fəxri adlara, dövlət mükafatlarına layiq görülənləri də olub ki, bu da onların əməyinə verilən qiymətin ifadəsidir. 2009-cu ilin noyabrında Ordubad Şəhər Uşaq Musiqi Məktəbi üçün 4 mərtəbəli binanın istifadəyə verilməsi, burada hər cür şərait yaradılması məsuliyyətimizi daha da artırıb.
Məktəbdə xalq çalğı və nəfəs alətləri orkestrləri, xor kollektivi, skripkaçalanlar, qarmonçalanlar və nağaraçalanlar ansamblları fəaliyyət göstərir. Bu musiqi kollektivlərinin repertuarında milli musiqimiz, Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, dünya musiqisinin görkəmli nümayəndələrinin əsərləri də özünə yer alıb.
Bu günlər Ordubad Şəhər Uşaq Musiqi Məktəbində bir canlanma var. Məktəbin məşq zallarından, sinif otaqlarından musiqi təranələri ətrafa yayılır. Böyük Üzeyir Hacıbəyovun “Koroğlu” operasından parçalar, muğamlarımızdan nümunələr, xalq mahnıları, bəstəkar mahnıları səslənir. Məktəbdə hamı 50 illik yubileyə hazırlaşır.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR