23 Dekabr 2024, Bazar ertəsi

“Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Çingiz Qacarın rus dilində nəşr edilmiş “Naxçıvan. Dünyanın ən qədim şəhərlərindən biri” adlı kitabı indiyə qədər Naxçıvanın tədqiqi sahəsində əldə edilmiş elmi nailiyyətlərin populyarlaşdırılması və dünyaya təbliği baxımından çox önəmlidir. Kitabın üzərində qeyd edilmiş “Ümumdünya daşqınından sonra həyat Naxçıvanda başlamışdır” fikri də məhz Naxçıvanda aparılan elmi tədqiqatların əsas nəticələrindən biridir”. 

Bu fikirlər AMEA Naxçıvan Bölməsində keçirilən təqdimat mərasimində səsləndirilib. Təqdimat mərasimini giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, Çingiz Qacar fizika-riyaziyyat elmləri doktoru olsa da, hələ elmi fəaliyyətinin ilk dövrlərindən başlayaraq Azərbaycanın tarixi şəxsiyyətlərinin həyatının öyrənilməsinə, eləcə də ayrı-ayrı qədim Azərbaycan şəhərlərinin tarixinin təbliğinə çox ciddi maraq göstərib. Heç də təsadüfi deyildir ki, müəllifin müxtəlif illərdə yazdığı rus, ingilis və Azərbaycan dillərində nəşr edilmiş “Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri”, “Qacarlar”, “Köhnə Bakı”, “Köhnə Şuşa”, “Tiflis. Vorontsova 53, 55” kitabları təkcə tarixlə maraqlanan oxucuların deyil, həm də tədqiqatçıların diqqətini cəlb edib. Akademikin Naxçıvana həsr etdiyi kitabı da bu qəbildəndir. Elmi redaktoru və ön söz müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli olan kitab 284 səhifədən ibarətdir. Kitabda müxtəlif alimlərin, o cümlədən naxçıvanlı elm adamlarının əsərlərindən məlumatlar götürülüb və müəllif bu barədə kitabda məlumat verib. Kitab həm tarixi, həm etno­qrafik, həm də mədəniyyət sahəsində məlumatları özündə cəmləşdirib.

Akademik İsmayıl Hacıyev kitabın müəllifinin fikirlərini və salamlarını təqdimat mərasimi iştirakçılarına çatdırıb.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Dünyanın ən qədim şəhərlərindən biri – Naxçıvan tarixinə həsr edilmiş dəyərli əsər” adlı məruzəsində kitabın elmi məziyyətlərindən danışıb və Naxçıvanın tarixi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından rus dilində çıxan kitabın əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası ərazisində uzun illər ərzində aparılmış tədqiqatlar zamanı əldə edilmiş maddi-mədəniyyət nümunələri də Naxçıvan şəhərinin dünyanın ən qədim şəhərlərindən biri olduğunu sübut edir.
İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev və institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıx­əliyev çıxış edərək Çingiz Qacarın “Naxçıvan. Dünyanın ən qədim şəhərlərindən biri” adlı kitabının həm də tədqiqata cəlb oluna biləcək zəngin materiallar verdiyini qeyd ediblər. Vurğulanıb ki, müxtəlif dövlət arxivlərindən və şəxsi arxivlərdən əldə edilərək kitabda təqdim edilən foto­şəkillər hər biri özündə bir tarix yaşadır. Təbii ki, müəllifin özünün də qeyd etdiyi kimi, əsər elmi-tədqiqat əsəri xarakterində yox, təbliğat və tanıtım məqsədlidir. Elə bu səbəbdən də kitabda təqdim olunan materiallar gələcəkdə daha geniş elmi tədqiqatlara cəlb edilə bilər.

 Elnur Kəlbizadə

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR