Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 fevral tarixli Sərəncamına əsasən, görkəmli yazıçının yubileyi muxtar respublikada qeyd olunmuş, həyat və yaradıcılığı haqqında geniş tədqiqatlar aparılmışdır. Bununla da, unudulmaqda olan ziyalımız daha geniş şəkildə ictimaiyyətə təqdim olunmuş, xalqımız qarşısındakı xidmətləri layiqincə qiymətləndirilmişdir.
Eynəli bəy Sultanovla bağlı araşdırmaların davam etdirilməsi, xüsusilə də görkəmli ziyalının həyat və fəaliyyətinin Tiflis dövrünün geniş tədqiq olunması bu gün qarşıda duran əsas vəzifələrdəndir. 1908-ci ildə Naxçıvandan Tiflisə köçən və ömrünün sonuna qədər bu şəhərdə yaşayan ədibin həyatının bəzi məqamlarının araşdırılmasına böyük ehtiyac vardı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığına uyğun olaraq Gürcüstan Milli Arxivində və Gürcüstan Parlamentinin Kitabxanasında araşdırmalar aparılmış, Eynəli bəy Sultanovla bağlı bir sıra sənədlər aşkarlanmışdır. Tapılan yeni sənədlərin bəziləri o dövrdə rus dilində nəşr olunan və illik ümumi statistik yekunlara həsr olunmuş sənədlərdən ibarət “Qafqaz təqvimi” məcmuəsində (1909, 1912, 1913, 1914-cü illər üzrə) yer almışdır.