Naxçıvan Dövlət Uşaq Teatrında Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Gənclər Təşkilatı 2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirib.
Tədbir Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xalq çalğı alətləri ansamblının ifa etdiyi “Çahargah” rəngi ilə başlayıb, ümummilli lider Heydər Əliyevin gənclər haqqında dediyi fikirlər səsləndirilib: “Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır”.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının Yaradıcı gənclərlə iş üzrə baş məsləhətçisi, nazirliyin Gənclər Təşkilatının sədri Pərvin Həsənov çıxış edərək bildirib ki, müstəqil ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da gənc nəsil hərtərəfli qayğı ilə əhatə edilib. Muxtar respublikada gənclər üçün yeni mərkəzlərin, kitabxanaların, olimpiya-idman komplekslərinin tikilərək istifadəyə verilməsi regionumuzda onlara göstərilən qayğının ifadəsidir. Bütün bu işlərin görülməsində əsas məqsəd sağlam, müasir biliklərə yiyələnmiş, dünyada ölkəmizi layiqincə təmsil edə biləcək gənc nəslin formalaşdırılmasıdır.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Uşaq Filarmoniyasının konserti olub. Filarmoniyanın Xalq çalğı alətləri ansamblının ifasında səslənən mahnılar, muğamlar, rəqslər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb. Azərbaycan bəstəkarları Şəfiqə Axundova, Rauf Hacıyev, Polad Bülbüloğlu, Mehriban Əhmədova və başqalarının mahnılarının ifasından sonra səhnədə Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupunun şən rəqsləri konsert proqramına rəngarənglik gətirib.
Əli Rzayev