23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qədim tarixə malik eksponatlar – Zoğala yaşayış yerindən tapılmış qolbaq və medalyon AMEA Naxçıvan Bölməsinin muzeyinə hədiyyə olunub.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, bu gün Naxçıvanda 29 muzey fəaliyyət göstərir. Həmin mədəniyyət müəssisələrində xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 112 mindən çox maddi-mədəniyyət nümunələri qorunub saxlanılır. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tariximizin və mədəniyyətimizin yaşadılması istiqamətində işini günün tələbləri səviyyəsində qurmağa çalışır. Nazirlik tərəfindən muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işi diqqətdə saxlanılır və bu işdə muxtar respublika sakinləri yaxından iştirak edirlər. 2016-cı il ərzində muzeylərə 1500-ə yaxın yeni eksponat daxil olub ki, bu eksponatlar da muzeylərə hədiyyə edilib. Muzeylərə hədiyyə olunan eksponatların nazirlik tərəfindən təqdimatı keçirilib.

Natəvan Qədimova maddi-mədəniyyət nümunələrinin toplanması işində səy göstərən Babək rayon Nehrəm kənd sakini, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyevə minnətdarlığını bildirib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək deyib ki, artıq 14-cü ildir fəaliyyət göstərən AMEA Naxçıvan Bölməsi elmi tədqiqatlarla yanaşı, maddi-mədəniyyət nümunələrinin aşkarlanması ilə də məşğul olur. Aşkar edilən eksponatlar profillərinə uyğun olaraq müxtəlif muzeylərə hədiyyə edilir, bəziləri isə bölmənin muzeyində saxlanılır.
Bölmə sədri onu da diqqətə çatdırıb ki, bəzi vətəndaşlar qədim əşyaları muzeylərə təqdim etməkdə laqeydlik göstərirlər, onları evlərində saxlayırlar. Bilmək lazımdır ki, evdə saxlanılmaqla onlar təbliğ olunmur. Lakin muzeylərə təqdim olunan eksponatlar həm təbliğ edilir, həm də lazımi şəkildə qorunur.
İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsinin muzeyinə hədiyyə olunan eksponatlara görə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinə və Akif Hacıyevə minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev çıxışında deyib ki, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında Naxçıvan həmişə böyük rol oynayıb. Bu qədim diyarda ərsəyə gətirilən bir sıra xalq sənəti nümunələri Naxçıvanın şöhrətini dünyaya yayıb. Naxçıvanlı ustanın yaratdığı dolça bu gün “Luvr” muzeyində saxlanılaraq görənləri heyrətə salır. Buna görə də biz muzey işçilərinin, həmçinin vətəndaşların qarşısında mühüm vəzifələr dayanır. Biz qədim tarixə malik olan, dədə-babalarımızın bizə yadigar qoyub getdikləri sənət nümunələrini, arxeoloji materialları, numizmatik əşyaları, ümumiyyətlə, tarixi əhəmiyyətli nə varsa, toplayıb muzeylərə təqdim etməliyik. Mən də, öz növbəmdə, çalışıram ki, bu işdə əlimdən gələni əsirgəməyim. Hazırda eksponat toplanması işini davam etdirirəm. Sevindirici haldır ki, muzeylərə verilən eksponatların təqdimat mərasimlərinin keçirilməsindən sonra muxtar respublikanın bütün rayonlarından bizə qoşulan insanlar var. İnsanlar dərk edirlər ki, tarixi əhəmiyyətli bir əşyanı evdə saxlamaqla o məhv olur, lakin onlar muzeydə qorunub saxlanılır və gələcək nəsillərə ötürülür.
Akif Hacıyev deyib ki, tarixi eksponatlar xalqın milli sərvətidir. Onları qoruyub gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcuna çevrilməlidir.
Sonda AMEA Naxçıvan Bölməsinə hədiyyə edilmiş eksponatlar təqdim olunub.

 Fatma Babayeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR