23 Dekabr 2024, Bazar ertəsi

Su gözəllər yüküdü

Xalqımızın ən qədim və ən əziz bayramı olan Novruz həm də insanın inkişaf dövrlərini, təbiətin canlanma ardıcıllığını özündə əks etdirir. Xüsusilə Novruzdan əvvəlki boz ay adlandırdığımız son dörd həftənin çərşənbələri bu baxımdan xüsusi mənalar kəsb edir. Artıq biz boz ayın ilk çərşənbəsini yaşayırıq.
Su çərşənbəsi boz ayın əzəl çərşənbəsidir. Xalq arasında “Əvvəl çərşənbə”, “Gözəl çərşənbə”, “Su çərşənbəsi”, “Sular Novruzu”, “Gül çərşənbə” kimi də adları mövcuddur.
Qədim türk inamlarına görə, əzəl çərşənbədə təzə ilin gəlməsi münasibətilə əvvəlcə su oyanır, təzələnir, elə buna görə də bu çərşənbə su ilə, suyun təzələnməsi ilə əlaqələndirilir. Təbii ki, türk xalqlarının mifik düşüncəsində su kultu ən qədim kultlardan sayılır.
Su çərşənbəsi suya tapınma inamı ilə başlanır. İnsanlar gün doğmamışdan su üstünə gedir, təzə suda əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atdanır, yaralıların yarasına su səpirdilər. İnama görə, “təzə su”, daha doğrusu, əzəl çərşənbənin sübh tezdən köpüklənən ağ suyu dərdlərə dərman olarmış. Ehtimal ki, Xızırın dirilik çeşməsindən, Koroğlunun “Qoşa bulaq”dan su içdiyi gün də elə su çərşənbəsi günü baş vermişdir.

Əski inamlarda su həm də sağlamlığı ifadə edirdi. Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını-bezarını ona verənlər ilboyu xəstəliklərdən uzaq olardılar. Həmin gün su üstündə bir sıra ayinlər icra edilərdi. Səsi batanlara, danışa bilməyənlərə o sudan içirərdilər.

Su qırağında, bulaq başında, arx kənarında suyu çağıran, onun qüdrətini, bütövlüyünü, müqəddəsliyini tərənnüm edən nəğmələr oxunurdu.
Su çərşənbəsi ilə bağlı gənc qızlar arasında su falları da geniş yayılmışdır. Həmin fallardan birinə görə, su çərşənbəsində sübh tezdən gedib axar sudan – bulaqdan, çaydan, arxdan “lal su” gətirərlər, yəni suyu evə gətirənəcən heç kimlə danışmırlar. Onu bir neçə piyaləyə töküb saxlayırlar. Axşam qızlar yığışırlar, hərə öz bəxtinə üzüyünü suya atır. Üzük piyalənin divarına toxunub cingildəyir. Üzük neçə dəfə cingildəsə, deməli, qız həmin sayda ildən sonra gəlin köçəcək.
Digər bir fala görə isə iki sevgilinin bir-birinə qovuşacağını bilmək üçün iki iynənin ulduzlu tərəfinə pambıq dolayır və hərəsini piyalənin bir tərəfindən suya salırlar. İynələr piyalədə oynayıb bir-birinə qovuşsa, demək, sevgililər də qovuşacaq, yox, əgər hərəsi bir tərəfə gedib suyun üzündə qalsa, demək, onların bəxti başqası ilə barışacaqdır. İynələr piyalənin dibinə çöksə, onda su “lal su” deyildir.
Su çərşənbəsində Azərbaycanın bir çox bölgəsində mərasimlər keçirilir. Həmin mərasimlərdən birinə görə adamlar əzəl çərşənbədə sübh tezdən bulaq, arx, su dəyirmanı üstə gəlir, “ağırlığım-uğurluğum suya”, “azarım-bezarım suya”, – deyib su üstündən atdanırlar. Sonra əl-üzlərini yuyur, bir-birinin üstünə su atır, üzlərinə su çiləyirlər. Müxtəlif xəstəliklərə tutulan adamları da su üstündən hoppandırırlar. Erkən tapınmalara görə, insanlar bir anlıq təzə suya qovuşmaqla bütün dərd-sərini, xəstəliklərini unudur, onları elə oradaca “təzə su” üstündə qoyurdular.
İnanca görə, suya etiqad bəsləyənlərin bütün xəstəliklərini, günahlarını yalnız ildə bir dəfə – su çərşənbəsi mərasimində təzə su yuyub aparırdı. Adamlar elə buradaca günah işlətməyəcəklərinə, ancaq və ancaq yaxşılıq edəcəklərinə and içərdilər. Mərasim suyun başına dövrə vuran adamların aşağıdakı nəğməsi ilə başa çatardı:

Sel çapar, su çapar,
Bir günah işlətdim,
Gəl onu tut apar.
Sel çapar, su çapar,
Gəl apar, gəl apar...

Su kultunun xalqımızın milli varlığındakı önəmini göstərən kifayət qədər folklor nümunələri də mövcuddur. Bayatılarımızın birində də deyildiyi kimi:

Suya gedən igidi,
Saçı məxmər təkidi.
Allah, məni su elə,
Su gözəllər yüküdü.

Yaxud açması “su” olan “Yer altında yaza gedir” tapmacası da milli kimliyimizin su koduna işarədir.
Bundan əlavə, atalarımız deyib ki, su axarında salınan el-oba baxarlı olar, su olan yerdə dirilik olar, su istəyənindir, su bulanmayınca durulmaz, su ehsandır, su murdarlıq götürməz. Xalq inamları da atalarımızın sözlərini təsdiqləyir. İnamlara görə, süfrəyə su dağılması aydınlıqdır, su içən adamı qəfil vurmazlar, su içən adamı ilan çalmaz, su dolu qabla qabağına çıxsalar, işin avand olar, yuxuda su görmək aydınlıqdır. Məhz bu inamlara görə də səfərə çıxan adamın arxasınca su atarlar.
Su çərşənbəsində qorxan adamın başından üç dəfə sağdan, üç dəfə soldan su atsalar, qorxusu keçər, ürəyi keçən adamın üzünə su çiləsən, özünə gələr, su çərşənbəsində qorxan adama qorxduğu yerdə su içirərlər kimi su türkəçarələrini də, yəqin ki, əksəriyyətimiz eşitmişik.
Ümumiyyətlə, boz ayın ilk çərşənbəsi – su çərşənbəsində qışdan sonra təbiətin ilk oyanışı təbliğ olunur. Su oyanır, buz tutmuş su yenidən canlı varlıqlara həyat verməyə tələsir.
Biz də bütün oxucularımıza Dədə Qorqud alqışıyla üzümüzü tutub deyirik ki, “Qamən axan görklü suyun qurumasın”.

Elxan Yurdoğlu
AMEA Naxçıvan Bölməsinin
İncəsənət, Dil və Ədəbiyyat
İnstitutunun Folklorşünaslıq
şöbəsinin müdiri

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR