23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərində fəaliyyət göstərən “Gənclik” Xalq Teatrı Şərur Rayon Mədəniyyət Sarayının səhnəsində yazıçı-dramaturq Məhərrəm Əlizadənin “Şeyx Rəhmətullah” komediyasının motivləri əsasında hazır­lanmış “Qəşəmin yuxusu” tamaşasını teatrsevərlərə təqdim edib.
“Qəşəmin yuxusu” tamaşasındakı hadisələr ötən əsrin 30-40-cı illərində cəhalət və xurafatın hökm sürdüyü bir mühitdə baş verir. Dinin əsl mahiyyətini bilməyən, əhalinin cahil və savadsız təbəqəsinin avamlığından faydalanan və müqəddəs dini dəyərləri anlamayan, insanların sadəlövhlüyündən istifadə edərək öz mənafeyini düşünən Molla Qılınc (Azərbaycan Respublikasının Əməkdar artisti Bəhruz Haxverdiyev) əslində din adamı deyil, fırıldaqçı, yalnız özünü düşünən, dini dəyərləri qazanca çevirən bir tipdir. Əslində, Molla Qılınc M.F.Axund­ov, C.Məmmədquluzadə, N.Vəzirov, Ə.Haqverdiyev və başqa böyük yazıçılarımızın əsərlərində rast gəldiyimiz fırıldaqçılığı din pərdəsi altında həyata keçirən surətlərin xələfidir. Zaman dəyişdikcə bu tiplər də buqələmun kimi sifətlərini dəyişib yeni mühitə uyğunlaşırlar. Molla Qılınc həbsxanadan yenicə azad olunmuş Ataxanı (aktyor Yusif Əliyev) öz təsiri altına salır. Başqa bir mənəvi şikəst Qəşəmdir. Qəşəm (aktyor Akif Əsədov) varına və puluna arxalanaraq çirkin bir əmələ əl atır. Ataxanın arvadı Sərvinazla (aktyor Zülfiyyə Zeynalova) ailə qurmaq istəyir. Tamaşanın başqa qadın surəti İstiqraz (aktyor Maral Rzayeva) da bu hadisələrin iştirakçısıdır. Aktyorlar rollarının öhdəsindən bacarıqla gələrək satirik gülüş yarada biliblər.
Qeyd edək ki, “Qəşəmin yuxusu” tamaşasının quruluşçu rejissoru Akif Əsədov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov, rəssamı Günel Mustafayevadır.
Tamaşa alqışlarla qarşılanıb.

Əli Rzayev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR