AMEA Naxçıvan Bölməsində Xaraba Gilan arxeoloji ekspedisiyasının Ordubad rayonu ərazisində 2016-cı ildə apardığı arxeoloji qazıntılarla bağlı hesabat iclası keçirilib.
Hesabat iclasını giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik Naxçıvan Muxtar Respublikasında aparılan tədqiqatlar barədə geniş məlumat verərək muxtar respublikanın tarixinin öyrənilməsi ilə bağlı məqsədyönlü tədbirlərin görüldüyünü deyib. O bildirib ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Xaraba Gilan arxeoloji ekspedisiyası 2016-cı ildə Plovdağ arxeoloji abidələr kompleksində, Xaraba Gilan orta əsrlər şəhər yerində arxeoloji qazıntı işləri aparıb və tarixi əhəmiyyət daşıyan bir çox məlumatlar əldə edilib. Qazıntı işlərində AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları da yaxından iştirak ediblər.
İclasda ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli çıxış edərək əldə olunan tapıntılar haqqında geniş məlumat verib. Bildirib ki, Plovdağ arxeoloji abidələr kompleksində aparılan arxeoloji tədqiqatların əsas məqsədi nekropolların sərhədləri və ərazilərinin dəqiqləşdirilməsi olub. Bu məqsədlə nekropolların, əsasən I, II və III nekropolun şərq və şimal tərəflərində, II nekropolun qərb tərəfində qəbir abidələri öyrənilib, sərhədləri müəyyən olunub. Eyni zamanda bir çox maraqlı materiallar əldə edilib. Bunlar içərisində əsas diqqəti cəlb edən Orta Tunc dövrünə aid içərisində səkkiz ox ucluğu olan ox qabı, sümükdən hazırlanmış dörd ədəd diş formasında iri bəzək, əqiq və başqa muncuqlardan hazırlanmış düzüm xüsusi vurğulanmalıdır.