Xalçaçılıq sənəti milli sərvətimizdir. Azərbaycan xalçaları zərif toxunuşu, zəngin rəng çaları, kompozisiya quruluşu, toxunma texnologiyası, keyfiyyətinə görə şöhrət taparaq dünya muzeylərinin qiymətli eksponatlarına çevrilib. Bunun nəticəsidir ki, XIII yüzilliyə aid Azərbaycan xalçası nadir toxuculuq sənət əsəri kimi Türkiyədə saxlanılıb və 1932-ci ildə Konya şəhərindəki Mövlana Muzeyinə verilib. Eləcə də 1539-cu ildə Təbrizdə toxunmuş məşhur “Şeyx Səfi” xalçası Londonun Viktoriya-Albert Muzeyində, XVII əsrin birinci yarısında Qarabağda toxunmuş “Qoca”, Şirvanda toxunmuş “Şamaxı”, XVI əsrdə Təbriz karxanalarında hazırlanmış “Ovçuluq” xalçaları Nyu-York şəhərindəki Metropoliten Muzeyində, 1801-ci ildə Bakının Xilə kəndində toxunmuş “Xilə-buta” çeşnili sürmeyi xalça Moskva Dövlət Tarix Muzeyində saxlanılır.
Milli dəyərlərimizin zəngin xəzinəsinə daxil olan xalçaçılıq sənətində min illərin sənət dünyası, incəsənət tariximiz, boyaqçılıq, toxuculuq, naxışvurma mədəniyyətimizin ilmə-ilmə yazılan tarixi yaşayır. Xalqımızın mədəni irsi, ictimai-siyasi və təsərrüfat həyatı, adət-ənənəsi, nənələrimizin bədii təfəkkür dünyası, fikir və düşüncələri xalçalarda əksini tapıb.
Azərbaycan xalçaları növünə, ilmə sıxlığına, keyfiyyətinə görə qiymətləndirilib, naxışına, kompozisiyasına, rəng çalarına, toxunduğu yerə görə xalçalara ad verilib. Bu baxımdan xalçalar xüsusi adı ilə tanınır, toxunma texnikası və naxış əlamətinə görə qruplara ayrılır. İndiyə qədər Azərbaycan xalça sənəti ilə bağlı çox uğurlu və dəyərli tədqiqat işləri aparılıb, bu sahəyə dair monoqrafiya və kitablar yazılıb, xalçaçılıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Bakıda, Naxçıvanda və respublikamızın digər bölgələrində xalça muzeyləri yaradılıb. Ancaq xalça adlarının formalaşma yolları, leksik-semantik mənaları, qrammatik xüsusiyyətləri, etimologiyası haqqında əsaslı fikir söylənilməyib.
AMEA-nın müxbir üzvü, mərhum Adil Bağırovun tədqiqatlarında bununla bağlı maraqlı elmi nəticələrə rast gəlirik. Alim yazırdı ki, Azərbaycan xalçaçılıq məktəbində Naxçıvan qrupunun xüsusi yeri vardır. Bu qrupa daxil olan xalçalar zəngin naxış tərtibatı, çoxsaylı rəng çalarları, milli ornamenti, tarixi-etnoqrafik elementləri, bədii, elmi əhəmiyyəti ilə diqqəti cəlb edir. Naxçıvanda qədim zamanlardan heyvandarlığın inkişafı ilə əlaqədar yun istehsalı mühüm yer tutub, toxuculuq sənəti inkişaf etdirilib, təbii otlar və bitkilərlə iplər boyanıb, qış mövsümündə hər ailədə xalça toxunub.
Etnonim mənşəli xalça adları
Mənbələrin məlumatına görə, xalça toxumaq üçün hər tayfanın, qəbilənin özünəməxsus naxışları, rəng və rəng çalarları olub. Ustalar naxışları və rəngləri məharətlə seçir, nəslin ipboyama sirlərini gizli saxlayır, nəsildən-nəslə keçirirdilər. Tayfaya məxsus xalçalar nəslin və tirənin adı ilə adlandırılırdı. Odur ki, qədim dövrlərdən etnonim mənşəli xalça adları Azərbaycanda geniş yayılıb.
“Billici”. Quba qrupuna daxil olan bu xalça adı Kəngərlilərin “Billici” tayfa adı əsasında yaranıb. Naxçıvan ərazisi Billici tayfasının əsas yaşayış yerlərindən biri olub. Tayfaya məxsus ailələr Qarabağ zonasında da yaşayıblar. Əsasən, heyvandarlıqla məşğul olan tayfaya məxsus ailələr toxuduqları xalçaları tayfa adı ilə adlandırıblar.
“Əlixanlı”. AMEA-nın müxbir üzvü Adil Bağırov belə qənaətə gəlirdi ki, Azərbaycanın əksər ərazilərinə yayılmış “Əlixanlı” tayfa adı Kəngərlilərin əsas qollarından biridir. Ola bilsin ki, vaxtilə Naxçıvanda Əlixanlı tayfasına məxsus ailələr yaşayıb və “Əlixanlı” xalçası da bu tayfa adı əsasında yaranıb.
“Qayıq”. L.Kərimov yazırdı ki, bu xalça adı oğuzların tayfa adı ilə bağlı yaranıb. Adil Bağırov isə ehtimal edirdi ki, xalça adı oğuzların Qayı qolunun adını özündə yaşadır. Xalçaçılıq sənətinə yüksək qiymət verən Qayı tayfasına məxsus ailələr Naxçıvan ərazisində yaşayıblar. Bu faktı bölgədə Qayı tayfasının adı əsasında yaranan toponimlər də təsdiqləyə bilər.
Toponim mənşəli xalça adları
Toponim mənşəli xalça adlarını da tədqiqata cəlb edən Adil Bağırov yazırdı ki, Azərbaycan, o cümlədən Naxçıvanda toxunan xalçaların xeyli hissəsi istehsal olunduğu şəhərin və kəndin adı ilə adlandırılıb. Sənətşünas Rasim Əfəndiyə görə, Azərbaycan xalçaları istehsal olunduğu yerin bədii ənənəsindən, xammalından (yun, ipək, pambıq və sair) asılı olaraq müxtəlif kompozisiyalara, bəzəklərə malik olub, müxtəlif üsullarla toxunub. Bu baxımdan Naxçıvanda toxunan “Naxçıvan”, “Köhnə Naxçıvan”, “Köhnə Ordubad”, “Ordubad”, “Kolanı naxışı” və sair xalçalar diqqəti cəlb edir.
Kompozisiyasına görə ad verilən xalçalar
Adil Bağırovun kompozisiyasına görə ad verilən xalçalarla bağlı fikirləri də maraqlıdır. Onun tədqiqatlarında oxuyuruq: Naxçıvan xalçaları zəngin və mürəkkəb kompozisiya quruluşuna malikdir. Tədqiqatçı Rasim Əfəndinin bununla bağlı maraqlı qənaəti var: “Azərbaycan xalçaları kompozisiya cəhətdən müxtəlifdir. Adətən, xalçalardan harada və hansı məqsəd üçün istifadə ediləcəyindən asılı olaraq, onun ümumi kompozisiyası, ölçüsü, bəzəkləri və hətta rəngi də dəyişir. Xalçaların üzərində insan, heyvan rəsmləri, gül-çiçək naxışları ilə yanaşı, əsl mənada, real səpkidə toxunmuş süjetli kompozisiyalara da rast gəlirik”.
Naxçıvanda toxunan xalçaların kompozisiyası müxtəlif formalı elementlərdən – ara sahə və yeləndən ibarət olur, xalçalara bu əlamətinə görə ad verilir. Məsələn, “Gül gəbə”nin kompozisiyasının əsas hissəsini gül təsvirləri təşkil etdiyi üçün belə adlandırılıb. Şərur, Şahbuz, Culfa və Ordubad rayonlarında toxunan “Qara göl” xalçasına ara sahədə qara rəng çalarlı göl salındığı üçün xalçaya belə ad verilib. XIX və XX əsrlərdə Naxçıvan ərazisində toxunan xalça növlərindən biri “Nəlbəki gül” adlanır. Sənətşünaslıq ədəbiyyatında çox vaxt “Minə xani” adı ilə tanınan və Şərq ölkələrinin xalçaçılıq sənətində geniş yayılmış bu çeşninin orta gölü başdan-başa nəlbəkiyə bənzəyən irihəcmli çiçəklər, xüsusilə zanbaq çiçəyi düzümü ilə bəzədilib tərtibləndiyi üçün xalçaya belə ad verilib.
“Bağçada güllər” adlı xalçalar XIX əsrin II yarısından, əsasən, Şuşada, sonralar Qarabağın digər xalçaçılıq məntəqələrində, o cümlədən Naxçıvan bölgəsində toxunub. Əvvəlcə bu kompozisiya ilə toxunan xalçalar “Gül yaylıq”, yaxud “Güllü yaylıq” adı ilə tanınıb. Xalçada müxtəlif ornamentli çiçək təsvirləri olduğu üçün ona belə ad verilib. Bu fakt “Saxsıda güllər” və “Bulud” xalçaları üçün də xarakterikdir.
“Balıq” Naxçıvan ərazisində toxunan xovlu xalça adıdır. Təbriz qrupuna daxil olan “Əfşan” kompozisiyası əsasında yaradılmış xalçanın əsas elementlərindən olan yarpaqları balığa bənzədiyi üçün ona “Balıq” adı verilib.
“Aynalı” da Naxçıvan ərazisində toxunan xovlu xalça adıdır. Belə xalçaya “Güzgülü” xalça da deyirlər. Xalçaya onun ara sahələrində güzgüyəbənzər medalyonların (fiqurların) salınması ilə əlaqədar ad verilib.
Naxışına görə ad verilən xalçalar
Bununla bağlı Adil Bağırov apardığı tədqiqatlarda belə nəticəyə gəlib: Dilimizdə xalçaçılıq leksikasının öyrənilməsində naxış adlarının əhəmiyyəti böyükdür. Xalçalarda hər bir naxışın öz yeri və tutumu vardır. Bu naxışlar formasına görə müəyyən məzmun daşıyır, xalçanın ümumi kompozisiyasını tamamlayır. Belə naxışları oxumaq, ilmələrlə köçürülən fikri duymaq, incəliyi seçmək, naxışların semantikasını dərk etmək insandan böyük istedad tələb edir.
“Butalı”. Naxçıvan bölgəsində xalçaları xarakterizə edən naxışlar içərisində buta ornamenti xüsusi yer tutur. Xalça toxunuşunda “şabalıd-buta”, “bala-buta”, “lələk-buta”, “küsülü-buta”, “qotazlı-buta”, “badam-buta” kimi buta elementlərindən geniş istifadə olunur.
Naxçıvan ərazisində toxunan xovsuz xalçalara, əsasən, palaz, cecim, şəddə, vərni və zili növləri daxildir. Mənbələrdə şəddə və vərni istehsalının Naxçıvanda meydana gəldiyi güman edilir. Üzərində atlıların və dəvələrin növbələşərək cərgə ilə düzülməsi, sarvan və çullarla bəzədilmiş dəvə karvanı süjetləri daim dövr edən əbədi həyatın, ömür karvanının simvolu olub.
Xalq toxuma növlərindən olan şaquli istiqamətli zolaqlarla bəzədilmiş cecim xovsuz xalçalarının əsas istehsal mərkəzi tarixən Ordubad olub. Əsasən, ipək liflərdən toxunan bu xalçalar ağ, yaşıl, qırmızı, sarı, mavi və sair rəngli zolaqların növbələşməsi ilə bəzədilərək zəriflik baxımından qumaş təsəvvürü yaradıb.
Milli dəyərlərimizin qiymətli xəzinəsi olan xalçaçılıq sənəti və xalça adlarının öyrənilməsi dilin leksik fondunun zənginləşdirilməsi sahəsində çox böyük tarixi və elmi əhəmiyyət kəsb edir.
Hazırladı: Muxtar Məmmədov