Ədəbiyyat, mədəniyyət, mətbuat və maarifin inkişafında böyük xidmətləri olan Eynəli bəy Sultanov zəngin və çoxcəhətli yaradıcılıq fəaliyyəti ilə xalqımızın ədəbi-mədəni tərəqqisinə unudulmaz töhfələr vermişdir. “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 fevral 2016-cı il tarixli Sərəncamında qeyd olunduğu kimi: “Publisistika sahəsində səmərəli fəaliyyət göstərən Eynəli bəy Sultanov bədii yaradıcılıqla da məşğul olmuş, ictimai fikrə və maarifçi mühitə təsir göstərən hekayə və dram əsərləri, şeirlər yazmış, tərcümələr etmişdir”.
Uzun illər Tiflisdə (Tbilisi) yaşayıb işləyən Eynəli bəy həmin şəhərdə Azərbaycan və rus dillərində çıxan müxtəlif mətbuat orqanlarında bədii və publisistik əsərlər dərc etdirmiş, hətta onlardan bəzilərinin rəhbər heyətində təmsil olunmuşdur. Bu baxımdan onun Tiflisdə Azərbaycan dilində çıxan “İşıq yol” qəzetindəki fəaliyyəti diqqəti çəkir. İndiyədək lazımınca araşdırılmadığını nəzərə alıb Eynəli bəyin həmin qəzetdə dərc olunmuş yazılarının müəyyən qisminə diqqət yetirmək istəyirik.
Tanınmış ziyalı Mirzə Davud Rəsulzadənin sədrliyi ilə fəaliyyət göstərən Yeni Türk Əlifbası Tiflis Komitəsinin məsul katibi olan Eynəli bəy Sultanov “İşıq yol”un da fəaliyyətinə rəhbərlik edən əsas simalardan biri idi. “İşıq yol”un ilk buraxılışı 9 mart 1924-cü ilə aiddir. Həmin tarixdə ilk dəfə olaraq “Yeni fikir” qəzetinin bir səhifəsi “İşıq yol”a ayrılmışdı. 18 mart 1924-cü il tarixli ikinci saydan etibarən isə “İşıq yol” ayrıca nəşr olunmuşdur. İlk vaxtlar “Yeni Türk Əlifbası Tiflis Komitəsinin naşiri-əfkarı olan hələlik həftəlik vərəqədir” qeydi ilə dərc olunan “İşıq yol” bir müddət sonra “Yeni Türk Əlifbası Tiflis Komitəsinin həftəlik qəzetidir” təqdimatı ilə çıxmışdır. Qəzetin ilk səkkiz sayındakı materiallar paralel olaraq həm ərəb, həm də latın əlifbası ilə verilmişdir. 16 may 1924-cü il tarixli doqquzuncu saydan etibarən isə bütün materiallar ancaq latın əlifbası ilə dərc olunmuşdur.
“İşıq yol”un səhifələrində Mirzə Davud Rəsulzadənin, Eynəli bəy Sultanovun, Əli Nazimin, Əziz Şərifin, Əliyar Qarabağlının, Məmməd Rzazadə Mühəqqərin və başqalarının müxtəlif səpkili yazıları mühüm yer tuturdu. Maraqlıdır ki, o zaman Naxçıvanda yaşayıb fəaliyyət göstərən bəzi ziyalılar və gənclər də “İşıq yol”a yazılar göndərirdilər. Qəzetin müxtəlif saylarında Naxçıvandan göndərilmiş “M.B.Əsgərov”, “X” və digər imzalı xəbərlər, Cavad Şərifin şeirləri bu baxımdan maraq doğurur.
Qeyd etdiyimiz kimi, “İşıq yol”un əsas müəlliflərindən biri Eynəli bəy Sultanov idi. O, “İşıq yol” qəzetində “Birisi”, “Es”, “S” və digər imzalarla müxtəlif səpkili yazılar dərc etdirmişdir.
“İşıq yol”un 28 mart 1924-cü il tarixli üçüncü sayında tanınmış ədibin “Birisi” imzası ilə “Neçün anlamırlar?” adlı məqaləsi var. Həmin məqalədə E.Sultanov ərəb əlifbasından latın əlifbasına keçidin zəruriliyini vurğulamış, bu islahata qarşı çıxanları tənqid etmişdir.
Eynəli bəy Sultanov əlifba islahatını zamanın qarşıya qoyduğu aktual vəzifə, sosial-mədəni tərəqqiyə rəvac verən mühüm faktor kimi qiymətləndirir, onu dağdan axan, qarşısıalınmaz güclü selə bənzədirdi: “Bu işin qabağını siz saxlıya bilmiyəcəksiniz. Əgər dağdan gələn selin qabağını saxlamaq mümkündürsə, bu işin də qabağını saxlamaq olar... Çəkilin yeni əlifbanın yolundan...Yoxsa axırda peşman olarsınız”.
“İşıq yol”un 4 aprel 1924-cü il tarixli dördüncü sayında E.Sultanovun “S” imzası ilə verilmiş “İstədiyimiz nədir?” adlı məqaləsi də əlifba məsələlərinə həsr edilmişdir. Məqalədəki maarifçilik ruhu, yeni əlifbaya keçidin böyük əhəmiyyətini izah etmək niyyəti ilk baxışda nəzərə çarpır. Müəllif mükəmməl elmə çatmağın savad vasitəsilə gerçəkləşdiyini, savadsız cəmiyyətdə elmin mümkünsüzlüyünü nəzərə çatdırır, savadın isə ilkin əsasında əlifba təliminin durduğunu vurğulayaraq yazırdı: “Vətəndaşlar! Gördiyimə və eşitdiyimə görə, biz sizi yeni əlifbanın tərəfinə çağıranda siz bizdən ülkürsiz, bizim sözlərimizi düşünmirsiz. Amma bizdən sizə xeyirdən başqa bir şey dəyməz. Dediyimə yaxşı qulaq asın, məqsədlərimizi bir-bir sizə sayım, ondan sonra görüm, sizin söziniz nədir?
Bizim ən ümdə məqsədimiz budur ki, cümlə türk eli elmli olsun. Bu sözə bir irad edən varmı? Yox? Əlbəttə ki, ola bilməz. Elmə nə ilə çatmaq olar? – savadlıq ilə. Savadsız bir tayfanın, bir sinfin, ya bir cəmaətin içində elm yeriməz. Bu mətləb isə o qədər sadədir ki, adam utanır onu təkrar etməyə. Böylə olan surətdə türk xəlqi elmli olmaqdan qabaq gərək savadlı olsun”.
Ərəb əlifbasının çətinliyinin, bütövlükdə, xalqın elmi-mədəni səviyyəsinə mənfi təsir göstərdiyinə diqqət yönəldən E.Sultanov latın əlifbasına keçidin mahiyyət etibarilə ən müxtəlif təbəqələrin maarif yolunu asanlaşdıracağına inamını da ifadə etmişdir: “Türk xəlqi bu zəmanədək savadı ərəb hürufatının vasitəsilə öyrənirdi. Demirəm ki, ərəb hürufatı ilə elm oxumaq mümkün dəyil, yox. Amma ərəb hürufatı çox çətindir. O səbəbə də türklərin içində bu hürufatda kamil savadlı və elmli olan azdır. Elm və savad neçün gərək azların malı olsun? Bu neməti bütün xəlqə rəva görmiyənlər, yəqin, xəlqin düşmənidirlər, dostu dəyillər. Dediyimizdən o çıxır ki, biz xəlqimiz üçün elmin yolunu asanlaşdırmaq istiyirik. Bu, gün kimi aşkar bir mətləbdir, amma bununla böylə bu sadəcə sözləri biz o qədər və o vəqtədək təkrar edəcəyik ki, yeni əlifbanın əmələ və kəndli içində bir düşməni qalmasın”.
Qəzetin 4 aprel 1924-cü il tarixli dördüncü sayında E.Sultanovun digər bir yazısı da vardır. “Es” imzası ilə verilmiş “Ədəbi dilimiz barəsində” adlı məqaləsində Eynəli bəy ədəbi dilin inkişafında şair və yazıçıların mühüm rolunu vurğulamış, bununla yanaşı, müxtəlif vaxtlarda dilimizi süni alınmalarla ağırlaşdıran bəzi qələm sahiblərini də pisləmişdi. Məqalədə oxuyuruq: “Türk tayfasının ədəbiyyat dilinə qüvvət verənlər ancaq ədiblərimiz və şairlərimiz olubdur. Bunlar da qüvvət verdikdə, əlbəttə, dilimizi gözəlləndirmək istiyiblər. Lakin özləri ərəb və fars dillərində təlim tapdıqlarına görə dilimizi də ərəbləşdirməyə və farslaşdırmağa çalışıblar... O səbəbdən zamanamızda bir öylə ədəbi türk dili meydana çıxıbdır ki, onu başa düşmək hər adamın işi deyil. Böylə dilin bizə heç bir xeyri yoxdur və ola da bilməz, çünki bu dil bütün millətin dili olmuyub, yalnız bir neçə nəfər ziyalıların dili hesab edilə bilər. Çarəmiz onu asanlaşdırmağa qalıbdır”.
Maraqlıdır ki, Eynəli bəy öz yazılarının da dilində rast gəlinən alınmalara diqqət yönəldir, obyektiv təhlil və dəyərləndirmələr yolu ilə ədəbi dili sadələşdirmək kimi vacib bir vəzifəni bütün aktuallığı ilə önə çəkirdi: “Baxın, elə mənim bu məqaləmdə, görün, onun içində nə qədər ərəb və fars kəlmələri vardır. Amma bacardıqca gərək öylə yazaq və öz dilimizdə olan sözün əvəzinə heç yad sözü işlətmiyək ki, oxuyanların hamısı yazdığımızı başa düşsün”.
Məqalə müəllifi bu prosesdə xalq içərisində tanınan məşhur ədiblərin, eləcə də nəşriyyatların, mətbuat orqanlarının öhdəsinə də ciddi vəzifələr düşdüyünü nəzərə çatdıraraq yazırdı: “Ədəbi dilimizi birdən-birə asanlaşdırmaq çox çətindir: bunu ancaq çox qüvvəli bir ədib bacara bilər ki, yazdığı kitablar çox olub, xəlqin içində böyük şöhrət qazansın... Tədric ilə də dilimizi asanlaşdırmaq ancaq mətbuatımızın və nəşriyyatımızın vasitəsi ilə mümkündür. Ancaq bu şərt ilə ki, mühərrirlərimiz və qəzetə müdirlərimiz özlərinə söz versinlər ki, nə bir qəliz ibarəli məqalə yazsınlar, nə də böylə məqaləni mətbuata buraxsınlar”.
Görkəmli ədibin ibrətli nümunə kimi məşhur rus ədibi Lev Tolstoyun əsərlərinin dili üzərində necə işləməsini, canlı danışıq dilindən lazımınca bəhrələnməsini xatırlatması da maraq doğurur: “Çox yaxşı olardı ki, yazıçılarımız bu barədə rusların və Avropanın ən məşhur ədibi Tolstoydan ibrət alaydılar. Böylə deyirlər ki, Tolstoy hər bir şeyi yazıb qurtaranda kəndçiləri başına yığıb yazdığını onlara oxuyardı və sonra təklif edərdi ki, kəndçilər onun oxuduğunu öz sözləri ilə nağıl etsinlər. Kəndçilərin birbəbir söylədiklərinə diqqət ilə qulaq asıb, Tolstoy qələmi alardı əlinə və yazdığını kəndçilərin təkbirinə münasib düzəldərdi. Odur ki, rus tayfasının içində bir adam tapılmaz ki, Tolstoy kimi böyük ədibin dilini anlamasın”.
“İşıq yol” qəzetinin 23 may 1924-cü il tarixli onuncu sayında Eynəli bəy Sultanovun “Xan, bəy, seyid” adlı maraqlı bir hekayəsi “Birisi” imzası ilə verilmişdir. Həmin hekayə də indiyədək müəllifin kitablarına düşməmişdir. Əsərin adından sonra “həyatdan bir şəkil” qeydi diqqəti çəkir ki, belə təqdimata ədibin bəzi digər əsərlərində də rast gəlirik. Məsələn, yazıçının “Podratçı”, “Əmələ ailəsi” hekayələrinin adlarından sonra “həyatdan bir şəkil” qeydi vardır. Əsərdə əsas yeri köhnə cəmiyyətdəki bəzi nöqsanların tənqidi tutur.
Müəllif əsərin əvvəlində qonşu kəndə gedərkən qəbiristanlıqda “Oğul vay! Bala vay!” – deyə ah-nalə çəkib ağlayan bir qadını gördüyünü yazır. Bunun ardınca yazıçı əsas diqqəti ağı deyib ağlayan qadının təsvirinə yönəldir: “Sonra iki əllərini dizlərinə çırpıb, yanğın səs ilə bayatı çəkib oxuyur:
Sən öldün, anan qaldı, ay oğul!
Dərdinə yanan qaldı, ay bala!
Nə dünyadan kam aldın,
Nə bir nişanan qaldı, ay quzum!”
Təhkiyənin davamı müəllifin təsvirlərindəki əsas məramı yaxınlaşdırır: “Bir qədər ağlayandan sonra qarı söylədi: – Xan oğlum vay, bəy oğlum vay, seyid oğlum vay! Oğul, ölüm sənin dəyil, gərək mənim olaydı”.
Qarı ağlayıb kiriyəndən sonra onun öz övladı haqqında belə ifadələr işlətməsinin səbəbi barədə suala cavab olaraq bildirir ki, oğlum xan, bəy, yaxud seyid deyildi. Amma xan olmasa da, xanlar kimi tənbəl idi, əlini ağdan qaraya vurmazdı. Bəy kimi heç bir işə yaramazdı, həmişə də cibi boş olardı. Bəzi seyidlər kimi boyu uzun, ağlı bir qədər kəm idi. Ona görə də oğlumu xan, bəy, seyid deyə ağlayıram.
Eynəli bəy Sultanovun bir sıra nəsr əsərləri üçün xarakterik olan faciə ilə gülüşün üzvi vəhdəti burada da özünü göstərir.
“İşıq yol”un 30 may 1924-cü il tarixli on birinci sayında E.Sultanovun “Birisi” imzası ilə “Adammı, köpəkmi?” əsəri oxuculara çatdırılmışdır. Lətifə kimi təqdim olunan bu əsərdə müəllif kəndlərin birinə gedərkən adamları dini məkanlara ziyarətə aparmaq üçün haray çəkən çavuş ilə rastlaşmasını və onun çağırışının oyatdığı həyəcanı təsvir edir. Xəbər-ətərsiz kəndə yaxınlaşan çavuşun qəfildən uca səslə hayqırtısı camaatı qorxudur: “Çavuşun səsi çıxan kimi kəndə bir vəlvələ düşdü: itlər səs-səsə verib başladılar ulaşmağa; arvadlar işlərini tulluyub baş-açıq, ayaq-yalın bayıra çıxıb, üz qoydular çölə qaçmağa; balaca uşaqlar analarının dallarınca başladılar ağlaşmağa; kişilər kimisi dəyənək, kimisi xançal götürüb bayıra tullandılar... Xülaseyi-kəlam, bir böyük qiyamət qopdu”.
Sakitlik yaranandan sonra kənd qadınlarından birinin qonşusuna dediyi sözlər, əslində, bir qədər üstüörtülü şəkildə olsa da, müəllifin əsas qayəsini aydınlaşdırır: “Dərvanın dönsün, ay urus, dərvanın dönsün!... Bunu da gördük”. Yəni burada çavuşun yaratdığı qarışıqlığın təsviri zahiri faktordur. Əslində, yazıçı dövrana, cəmiyyətdə qorxu, xof, təlaş yaradan rus işğalına dolayı yolla olsa da işarə etmişdir.
“İşıq yol”un 1924-cü ildəki 27 iyun və 4 iyul tarixli on beşinci və on altıncı saylarında Eynəli bəy Sultanovun “İnsafsız kimdir?” hekayəsi verilib. Bu əsər də “Birisi” imzası ilə dərc olunmuşdur. Həmin hekayə 2016-cı ildə ədibin tədqiqatçısı Elxan Məmmədov tərəfindən çapa hazırlanmış hekayələr kitabına da daxil edilmişdir.
“İnsafsız kimdir?” əsərində də yumoristik ovqat hakimdir. Köhnə vaxtlarda Hacı Əli adlı bir fanatik dükançı hansısa işinin düzəlməsi üçün nəzir edir ki, məqsədinə çatsa, ən nainsaf adama on manat qızıl pul verəcək. Təsadüfən Hacının işi düz gətirir, amma o ən insafsız şəxsi tapmaqda çətinlik çəkir. Üz tutduğu əzazil qorodovoy Murad daha nainsaf olan pristavı, pristav naçalniki nişan verir. Naçalnik isə qazının lap insafsız olduğunu bildirir. Qazı Hacıdan nəziri qəbul etməsi müqabilində guya ona bir şey satmasının vacibliyini nəzərə çatdırır və həyətindəki qarı Hacıya satır. Bir müddət sonra həmin qarı Hacıya təmizlətdirir. Yayda isə satdığı qarı ondan geri istəyir, bu, baş tutmadıqda əvəzində əlavə olaraq yüz manat da alır.
Seçilmiş yumoristik süjetin imkanları daxilində müəllif çar hökuməti dövründəki müxtəlif təbəqələrin əsl simasını təqdim edə bilmişdir.
Nəhayət, “İşıq yol” qəzetinin 4 iyul 1924-cü il tarixli sayındakı bir elandan öyrənirik ki, E.Sultanov azərbaycanlılara latın əlifbasını öyrətmək üçün Tiflisdə təşkil olunmuş kurslarda da pedaqoji fəaliyyət göstərmişdir. Bütün bunlar Eynəli bəy Sultanovun çoxcəhətli fəaliyyətinin bəzi səhifələrinə işıq salır.
Hüseyn HƏŞİMLİ
filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi