23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi “Darıdağ” Futbol Klubunun bir qrup idmançısının “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə ekskursiyası təşkil olunub. 

Naxçıvan Şəhər Gənc­lər və İdman İdarəsi və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi “Darıdağ” Futbol Klubunun təşkilatçılığı ilə keçirilən tədbirdə 25 idmançı iştirak edib. Muzeyin direktoru Nəzakət Əsədova idmançılara muzey haqqında ətraflı məlumat verib. Bildirilib ki, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə yaradılıb. Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir.
Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığının incilərindən biri olan Möminə xatın türbəsi ilə tanışlıq da idmançılarda xoş təəssürat yaradıb. Bildirilib ki, bu möhtəşəm abidə 1186-cı ildə tikilib. Xalqın yaddaşında zaman-zaman “Atabəy günbəzi” adı ilə də qalan abidənin baştağında kufi xətti ilə bu sözlər yazılıb: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Türbə yeraltı, yəni sərdabə və yerüstü hissələrdən ibarətdir.
Kompleksdə açıq səma altında nümayiş etdirilən abidələr haqqında isə məlumat verilib ki, bunlar muxtar respublika ərazisindən tapılmış bu maddi-mədəniyyət nümunələri, əsasən, daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələrdən ibarətdir.
Sonda idmançılar muzeydə olan eksponatlarla yaxından tanış olub və onları maraqlandıran suallar cavablandırılıb.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR