Hər bir xalqın bədii yaradıcılığı, estetik təfəkkürü onun həyatı ilə sıx bağlıdır. İncəsənət, xüsusilə teatr ictimai-tarixi inkişafla şərtlənib. Xalqın gerçək həyatını real boyalarla, canlı obrazlarla əks etdirən teatr sənəti zirvə yürüşündə həmişə öndə olub, öz orijinallığı ilə seçilib.
Onu da qeyd edək ki, teatr tarixində xalq yaradıcılığı onun milli-mənəvi dəyərlərinin və dünyagörüşünün təzahür formalarından biridir. Azərbaycanın xalq yaradıcılığı da əsrlərboyu formalaşaraq və inkişaf edərək günümüzədək gəlib çatıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 fevral 2009-cu il tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncam milli-mənəvi dəyərlərimizə böyük diqqət və ehtiramın bariz nümunəsidir. Bu tarixi sənəddən irəli gələn vəzifələri yerinə yetirmək məqsədilə Babək Rayon Mədəniyyət Evinin nəzdində yaradılmış dram dərnəyinin uzunmüddətli səmərəli fəaliyyəti, rayon sakinlərinin asudə vaxtlarının səmərəli təşkilinə verdiyi töhfələr və yaradıcılıq uğurları nəzərə alınaraq 2009-cu il 13 iyulda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Xalq teatrı” adına layiq görülüb. Ötən müddət ərzində kollektiv bir neçə əsəri səhnələşdirərək teatrsevərlərə təqdim edib.
Bu barədə rayon Mədəniyyət Evinin müdiri Faiq Heydərov bildirdi ki, xalq qəhrəmanı Babəkə həsr olunmuş Ə.Məmmədxanlının “Xürrəmilərin ağ şahini” əsəri ilə fəaliyyətə başlayan teatr elə ilk tamaşadan özünə geniş auditoriya qazana bilib. Sonra Braziliya yazıçı-dramaturqu Q.Fiqeyredonun “Ezop” əsəri tamaşaya qoyulub. Bundan sonra Xalq şairi B.Vahabzadənin “Yollara iz düşür” əsəri və M.Əlizadənin “Şeyx Rəhmətulla” tamaşası rayon ictimaiyyətinə nümayiş etdirilib.
Faiq Həsənov onu da diqqətimizə çatdırdı ki, tamaşa seçimində ideya olaraq zəhmətsevərlik, düzgünlük, vətənpərvərlik hissləri əsas götürülür. Kollektivin üzvlərindən Sədaqət Əliyeva, Yusif Əliyev, Firdovsi Səfərov, Mahir Vəliyev, İsmayıl Qurbanov, Stella Babayeva və başqaları ali təhsilli mədəniyyət işçiləridir. Tamaşalara Naxçıvan Dövlət Universitetinin tələbələri də cəlb olunublar. Bu həvəskar aktyorların ifasında Cəfər Cabbarlının “Solğun çiçəklər” dramını, Bəxtiyar Vahabzadənin “İkinci səs”, Səttar Axundovun “Məhəbbət nişanəsi”, N.B.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük (Hacı Qənbər)”, Səid Rüstəmovun “Durna” musiqili komediyası, filosof şair Hüseyn Cavidin 130 illik yubileyi münasibətilə “Ana” əsərləri uğurlu səhnə həllini tapıb. 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən xalq teatrlarının festivalında N.B.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük (Hacı Qənbər)” tamaşası ilə kollektiv birinci yerə layiq görülüb.
Teatrın tamaşaya qoyduğu Hüseynbala Mirələmovun “Xəcalət” əsəri də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Kollektiv bu əsərlə Naxçıvan şəhərində və Şərur rayonunda da uğurla çıxış edib.
Hafizə Əliyeva