Kəngərli rayonunda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun istedadlı qadınlarının əl işlərindən ibarət sərgi-satışın açılışı olub.
Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək muxtar respublikanın hər yerində olduğu kimi, Kəngərli rayonunda da qadınlara göstərilən dövlət qayğısından danışıblar. Çıxışlarda qeyd olunub ki, Kəngərli rayonunda yerli özünüidarəetmə orqanlarına 5 qadın üzv seçilib, 1 qadın rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib. Rayonda fəaliyyət göstərən təhsil, mədəniyyət və səhiyyə müəssisələrində çalışan qadınların sayı artıb, onların dövlət qulluğunda, hüquq-mühafizə orqanlarında təmsilçiliyi genişlənib.
Vurğulanıb ki, yaradılan şərait nəticəsində muxtar respublikada istedadlı qadınların sayı ildən-ilə artır. Onların əl işlərindən ibarət sərgilərin təşkili isə ənənə halını alıb. Bu gün Kəngərli rayonunda yaşayan istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışın təşkil edilməsində məqsəd rayon üzrə qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi gənclərə aşılamaq, yüz illərdir, ailələrimizdə qorunub saxlanılan mənəvi irsimizi, zəngin dəyərə malik həyat tərzimizi yaşatmaqdır.
İstedadlı qadınlardan Arzu Əsgərova çıxış edərək deyib ki, hazırda rayonun mərkəzi xəstəxanasında tibb bacısı işləyir. Boş vaxtlarında rəsm çəkməyi sevir. Bu sərgidə həmin rəsm əsərləri ilə iştirak edir. O bildirib ki, belə sərgilərin keçirilməsi rayonun istedadlı qadınlarını daha da həvəsləndirir, onlara böyük stimul olur. Arzu Əsgərova bütün qadınlar adından yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını ifadə edib.
Sonra sərgi-satışa baxış olub. Sərgi-satışda rayon üzrə 35 qadının 430-dək əl işinin satışı təşkil edilib. Sulu və yağlı boya ilə işlənən tablolar, milli geyimlər, toxuculuq və bir-birindən maraqlı dekorativ-tətbiqi sənət nümunələri maraqla qarşılanıb.
Sərgi iştirakçısı Nazimə Seyidovanın dediklərindən:
– Uzun illərdir, toxuculuq sənəti ilə məşğul oluram. Birinci dəfədir ki, belə bir tədbirdə iştirak edirəm. Sevinirəm ki, əl işlərim geniş auditoriya qarşısına çıxıb. Bundan sonra bütün tədbirlərdə iştirak etməyi düşünürəm.
Qeyd edək ki, növbəti sərgi-satış Sədərək rayonunda təşkil olunacaq.
Xəbərlər şöbəsi