23 Dekabr 2024, Bazar ertəsi

 

Avqustun 30-da Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində “Naxçıvan çörəkləri” festivalı keçirilmişdir.
Tədbirin aparıcıları qeyd etmişlər ki, Azərbaycanda çörək əsrlərdən bəri bolluq və bərəkət rəmzi sayılıb. Tarixboyu çörək andımız, alqışımız olub. Böyüklərimiz dostluğu daha da möhkəmləndirmək üçün duz-çörək kəsiblər. Qonaq gələndə süfrəyə birinci duz-çörək gətirilib. Bu ilin may və iyun aylarında muxtar respublikada “Yaradıcı əllər”, “Göycə” və “İstedadlı uşaqlar” festivalları keçirilmişdir. Bu gün keçirilən “Naxçıvan çörəkləri” festivalı da muxtar respublikanın bölgələrinə xas müxtəlif çeşidli çörək növlərinin və onların hazırlanması qaydalarının nümayişi baxımından olduqca əhəmiyyətlidir.

Festivalda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Pərviz Fətullayev çıxış edərək demişdir ki, muxtar respublikada enerji təhlükəsizliyi ilə yanaşı, ərzaq təhlükəsizliyinin təmin olunması da diqqət mərkəzində saxlanılır. Ərzaq təhlükəsizliyinin təminatında isə taxılçılığın inkişafı mühüm yer tutur. Çünki taxılçılıq əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəyən əsas sahədir. AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda Naxçıvan Muxtar Respublikasının torpaq-iqlim şəraitinə uyğun onlarla yerli və məhsuldar taxıl sortu müəyyənləşdirilərək əkininə başlanılmışdır. Hazırda muxtar respublikada 15 taxıl anbarı və gündəlik istehsal gücü 432 ton olan 15 taxıl emalı müəssisəsi fəaliyyət göstərir.
Qeyd olunmuşdur ki, çörək milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar üçün müqəddəs nemətdir. Çörək tarixən xalqın sərvəti olmaqla yanaşı, həm də qüdrəti hesab olunmuşdur. Xalqımız qədim zamanlardan çörəyə xüsusi münasibət bəsləmiş, çörəklə bağlı atalar sözü və məsəllər yaratmışdır. Çörək bəşər övladına 15 min il bundan əvvəl məlum olub. Məhz bu səbəbdən çörəyin tarixi bəşəriyyətin yarandığı gündən hesablanır. Bəşəriyyətin beşiyi olan Naxçıvanda aparılan arxeoloji qazıntılar zamanı isə kömürləşmiş buğda və arpa, eləcə də müxtəlif formalı təndirlər tapılmışdır. Bu da Naxçıvanda buğda bitkisinin becərilməsinin və çörək hazırlanmasının qədim tarixə malik olduğunu göstərir.
Pərviz Fətullayev demişdir ki, Naxçıvanda çörək, bir qayda olaraq, təndirdə, çuqun və gil saclarda, həmçinin xüsusi soba və kürələrdə bişirilir. Muxtar respublikanın bütün yaşayış məntəqələrində çörəyin bişirilməsi tarixən xüsusi mərasimlərlə qeyd edilmişdir. Lavaş, tapı, darı, cadı, dəstana, bozdamac, sac lavaşı, nazik, qalın, çıppa, bombu, kömbə, fətir, bəysumat, xamralı tarixən Naxçıvan mətbəxinə aid olan çörək növləridir. Bu çörək növləri bu gün də süfrələrimizin ən ləziz neməti hesab olunur. Bu gün Naxçıvan Muxtar Respublikasında 124 çörək istehsalı müəssisəsi fəaliyyət göstərir və bunlarda əhalinin tələbatına uyğun olaraq 25 çeşiddə çörək istehsal olunur. Son illər Culfa rayonunun Camaldın, Kırna və Saltaq kəndlərində qədim su dəyirmanlarının bərpa olunması da bu sahədə görülən işlərin tərkib hissəsidir. Hazırda bu su dəyirmanlarında insan sağlamlığı üçün faydalı və ekoloji cəhətdən təmiz un istehsal olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada xalq yaradıcılığı günlərinin keçirilməsi ilə bağlı sərəncamına uyğun olaraq milli dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılması və yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür. Milli dəyərlərimizin bir parçası olan Naxçıvan mətbəxinin öyrənilməsi də diqqət mərkəzində saxlanılır, milli mətbəx nümunələrimiz geniş təbliğ olunur. “Naxçıvan çörəkləri” festivalının keçirilməsi də əsrlərboyu formalaşmış kulinariya mədəniyyətimizin öyrənilməsi və təbliği ilə yanaşı, həm də bu mədəniyyətin gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Pərviz Fətullayev “Naxçıvan çörəkləri” festivalının keçirilməsinə göstərdiyi diqqət və qayğıya görə festival iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmiş, festival açıq elan olunmuşdur.
Sonra tədbir iştirakçıları Naxçıvan çörəklərinin sərgi-satışı və bişirilməsi ilə tanış olmuşlar.
Məlumat verilmişdir ki, festivala Naxçıvan mətbəxinin ayrılmaz parçası olan çörək nümunələri çıxarılmışdır. Muxtar respublikanın hər bölgəsinin özünəməxsus mətbəxi olduğu kimi, həm də müxtəlif formalarda bişirilən çörək nümunələri vardır. Naxçıvan ərazisində aşkar olunan çörək məmulatları, çörək bişirilməsi üçün istifadə olunan əşyalar və əkinçilik alətləri əcdadlarımızın zəngin məişət mədəniyyətinə malik olduğunu təsdiq edir. Bu gün öz dadı və keyfiyyəti ilə seçilən, ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı olan Naxçıvan çörəklərinə tələbat artır. Hazır­da muxtar respublikanın çörək istehsalı müəssisələrində kürə çörəyi, lavaş, çovdar və qarğıdalı çörəkləri, yağlı dəstana və digər çörək növləri ilə yanaşı, həm də hazırlanma forması min illərdir, davam edən qədim çörək nümunələri də bişirilir.
Festivalda “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin, o cümlədən çörək istehsalı ilə məşğul olan 25 fiziki və hüquqi şəxsin hazırladığı müxtəlif çörək çeşidlərinin sərgi-satışı və bişirilməsi təşkil edilmiş, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının çıxışı iştirakçılara xoş ovqat yaşatmışdır. Çörək festivalı Naxçıvan mətbəxinin zənginliyini bir daha nümayiş etdirməklə yanaşı, muxtar respublikaya gələn turistlərin də böyük marağına səbəb olmuşdur.
Festival çərçivəsində “Ən dadlı çörək” nominasiyası üzrə müsabiqə keçirilmiş, qaliblərə diplom, “Naxçıvan mətbəxi” kitabı və hədiyyələr təqdim olunmuşdur.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR