AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevdən aldığımız məlumata görə 2016-cı ilin avqust ayında I Kültəpə yaşayış yerində arxeoloji tədqiqatlara başlanılıb.
Məlumatda qeyd edilib ki, arxeoloji tədqiqat işləri ilə bərabər, ekspedisiyanın üzvləri qədim mədən yerlərini və köçmə maldarlıqla bağlı yaşayış yerlərini, köç yollarının istiqamətlərini araşdırırlar. Araşdırmalar nəticəsində məlum olub ki, I Kültəpə yaşayış yeri Cənubi Qafqazın Neolit abidəsidir. Cənubi Qafqazda ən qədim metallurgiya mərkəzinin də Naxçıvan olduğunun müəyyənləşdirilməsi üçün müəyyən işlər görülməkdədir. İlk tədqiqatlar Naxçıvandakı mis yataqlarının insanlar tərəfindən istifadə olunduğunu təsdiq edir. Mis, qurğuşun alətlərin mis yataqları ilə qarşılıqlı analizi Naxçıvanın qədim metallurgiyasının yerli xammala əsaslandığını deməyə əsas verir.
Telli MUSTAFAYEVA