Ta qədimdən bir sıra Şərq ölkələrində istifadə olunan udun tarixi olduqca mürəkkəbdir. Adına ilk dəfə İshaq ibn İbrahim və Əbu Nəsr Fərabinin əsərlərində rast gəldiyimiz “əl-ud” ərəbcə “ağac” mənasını verir. Özünün “Kitabül-Ədvar” adlı əsərində bu alət haqqında geniş məlumat verən Səfiəddin Urməvi eyni zamanda məharətli ud ifaçısı olmuşdur. Bu musiqi alətinin yaranması ilə bağlı bir sıra mənbələrdə məlumatlara rast gəlinsə də, bunların əksəriyyətində fərqli fikirlər irəli sürülür.
Belə ki, XVII-XVIII əsrlərdə ən yüksək inkişaf səviyyəsinə çatmış udun bir çox qaynaqlarda orta əsrlərdə Azərbaycanda və ümumiyyətlə, Yaxın Şərq ölkələrində ifa olunan musiqi aləti olması məlumatına rast gəlsək də, bəzi mənbələrdə isə onun əvvəlcə Siciliya adasına və İspaniyaya gətirildiyi, orta əsrlərdən etibarən isə bütün Avropada yayıldığı iddiası ilə qarşılaşırıq. Hətta bəzi materiallarda onun ərəblər tərəfindən İspaniyaya gətirildiyi, sonralar isə Qərbdə “ lütnya” adı ilə geniş yayıldığı iddiasına da rast gəlirik. Nizami Gəncəvinin yazdığına görə isə farsca “bağırsaq” mənasını verən bu alət qədim yunan filosofu Platon tərəfindən icad olunub, sonradan Şərqə keçərək, xüsusən də Azərbaycanda özünün ən təkmil formasına sahiblənib. Ümumiyyətlə, yazılı mənbələrin əksəriyyətində bu fikir doğrulanır, onun Platonun icadı olduğu qeyd edilir.
Udun öz adını qədim “rud” alətindən aldığı hesab edilir. Yəni XVI əsrdən rudun öz yerini uda verdiyi iddia olunur. Bu alət udun sələfi hesab olunsa da, bəziləri onun və eləcə də rudun sələfi olaraq Orta Asiyada istifadə olunan beşsimli udabənzər qopuzu işarə edirlər. Onu daha qədim alət olub, “ördək döşü” mənasını verən bərbət alətinin təkmilləşmiş forması, hətta çağdaş gitaraların azacıq qalın forması hesab edənlər də var. Son dövrlərdə bu sahədə aparılan araşdırmaların nəticəsinə əsaslanaraq deyə bilərik ki, ud 6 simli gitara, yəni ispan gitarasının sələfidir. Deyilənlərə görə, rusların “lyutnya”, almanların “laot”, italyanların “lyuto”, ispanların “laud” alətlərinin adları məhz “əl-ud”un adından götürülüb.
Təbii ki, bu məlumatların nə dərəcə doğru olduğunu bilməsək də, bu alətin Azərbaycanda qədim zamanlardan istifadə olunduğu danılmazdır. Muğamlarımızın ifasında ondan milli musiqi alətimiz olan tarla eyni səviyyədə istifadə olunub. Dövrünün bir çox musiqişünaslarının əsərlərində bəhs olunan bu alətin xüsusiyyətləri haqqında daha çox Məhəmməd Füzuli özünün “Yeddi cam” əsərində söhbət açıb.
Hazırda bu alətdən muxtar respublikanın musiqi kollektivlərində orkestr və ansambllarda istifadə olunur. O, solo və müşayiətçi alət kimi orkestrlərin tərkibinə daxil edilib. Ud alətinin mahir ifaçısı kimi tanınan Hüseyn Qafarov ud haqqında bunları deyir:
– Çanağı səndəl ağacından, bəzən də balqabaq qabığından hazırlanan qədim udun əvvəllər 4 qoşa simi olub. Onlar bəm, misləs, məsna və zir adlandırılıb. X əsrdə türk alimi Əbu Nəsr Fərabi ona doqquzuncu tək simi əlavə edir. XVI-XVII əsrlərdə isə udun 5 cüt, bir tək simi olub. Uddakı simlərin sayı bu günədək dəyişməyib. Udun “Ərəbi” və “Şərqi” adlanan iki növü var. Hazırda isə “Cürənd”, “Sinəud” və “Vəlud” kimi növlərindən istifadə olunur. O, çanağı sağ dizin üzərinə qoyularaq çalınır. Keçmişdə qartal və ya toyuq lələyi vasitəsilə səsləndirilən bu alətin müasir dövrdə ifasında plastik mizrablardan istifadə olunur. Cüzi dəyişiklikləri nəzərə almasaq, o, təqribən, min ildir ki, öz görünüşünü qoruyub saxlayıb. Bu alətin adına risalələrlə yanaşı, incəsənət nümunələrində də rast gəlinir ki, bu sənət əsərlərindən də ən diqqətəlayiqi Mikelancelo Merizi da Karavanconun məşhur əsəri olan “Ud çalan qız” əsəridir.
Udun özünəxas səsi insanlar tərəfindən xüsusilə sevilir. Hamı onun incə, qəlboxşayan səsinə qulaq asmaqla dinclik tapır. Hazırda udun Azərbaycanda Həsən Dadaşov, Mircavad Cəfərov, Yasəf Eyvazov kimi mahir ifaçıları var. Musiqiçi olmayanlar arasında da ud musiqi alətinin sirlərinə yiyələnmək istəyənlər az deyil. Naxçıvan Dövlət Universitetinin tələbəsi Murtuz Haqverdiyev tar ifaçısı olsa da, ud alətində ifa etməyi qarşısına məqsəd qoyaraq qısa zamanda bu məqsədinə çatıb. Ondan ud ifa etməyi öyrənməyinin səbəbini soruşduqda dedi:
– Ümumiyyətlə, musiqinin insanlara yaşatdığı hissləri sözlərlə izah etmək mümkün deyil, xüsusilə də udda çalınan musiqilərin. Onun səsində sanki bir sehr var. Məhz elə həmin sehr bu alətin sirlərini öyrənib, ifa bacarığına yiyələnməyə məni sövq etdi. Ud səsi başağrısının, yuxusuzluğun aradan qaldırılmasına da kömək edir.
Tar ifaçılarının əksəriyyəti ud alətində ifa etməyə maraq göstərirlər. Buna da səbəb olaraq onun səsində olan yumşaqlığı, həzinliyi, sehri misal gətirirlər. Təbii ki, hər alətin öz dinləyici auditoriyası var. Əsas odur ki, həmin alətin ifa potensialını ortaya çıxara biləcək, onu dinləyiciyə aşılaya biləcək ifaçılar olsun.
Fatma Babayeva