Son illər aparılan araşdırmalar zamanı Ubeyd mədəniyyəti ilə bağlı bir sıra yeni faktlar aşkar olunmuşdur. Aparılan araşdırmalar göstərir ki, bu mədəniyyətin Naxçıvana müəyyən təsiri olub. Qeyd etmək lazımdır ki, bir sıra tədqiqatçılar İkiçayarasında yayılan Ubeyd mədəniyyətini türkdilli şumer tayfaları ilə əlaqələndirmişlər. Onların təsiri Azərbaycanın digər regionlarında da izlənilmişdir.
Bu barədə AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Vəli Baxşəliyev deyir ki, türk xаlqlаrının Аzərbаycаn ərаzisində е.ə. IV minillikdən bаşlаyаrаq məskunlаşmаsınа dаir xеyli аrxеоlоji və оnоmаstik mаtеriаllаr mövcuddur. Filоlоq аlimlərimizin tədqiqаtlаrı zаmаnı şumеr-türk pаrаlеlləri, е.ə. III-II minilliyə аid yаzılı qаynаqlаrındа turukki, su, subаr tаyfаlаrı hаqqındа vеrilən məlumаtlаr, аrxеоlоji qаzıntılаr zаmаnı şumеrlərin Аzərbаycаndа məskunlаşmаsınа dаir аşkаr оlunаn fаktlаr dа bunu təsdiq еdir. Şumеrlərin türkdilli оlmаsı ilə bаğlı bir sırа Аvrоpа аlimlərinin fikirləri sоnrаdаn siyаsi məqsədlər üçün inkаr olunmuşdur.
Naxçıvan ərazisində Eneolit mədəniyyəti 1951-ci ildə Osman Həbibullayevin apardığı qazıntılar zamanı aşkar edilmişdir. O zaman bu, Qafqazda ilk tapıntı idi. Ondan sonra bu dövrə aid xeyli arxeoloji abidə aşkara çıxarılmışdır. Müəyyən edilmişdir ki, saman qarışığından hazırlanmış keramika Araz çayının orta axarlarından başlayaraq Muğan və Mil düzləri daxil olmaqla, Xəzər dənizinədək geniş bir ərazidə yayılmışdır. Bu mədəniyyət bəzi tədqiqatçılar tərəfindən “Kültəpə mədəniyyəti” adlandırılmışdır. Lakin bu mədəniyyətin meydana gəlməsi, inkişafı ilə bağlı problemlər tamamilə həll edilməmişdir. Məlum olduğu kimi, I Kültəpənin alt təbəqəsində xalaftipli çölmək aşkar olunmuşdur. Buna əsasən, bəzi sovet alimləri Eneolit mədəniyyətinin Şimali Mesopotamiyadan gətirildiyini ehtimal etmişlər. Uzun müddət araşdırmalar aparılmasına baxmayaraq, Qafqazın, o cümlədən Azərbaycanın Eneolit mədəniyyəti də tam şəkildə dəyərləndirilməmişdir. Bəzi maddi-mədəniyyət nümunələri, xüsusilə I Kültəpənin alt təbəqəsindən aşkar olunan keramika tədqiqatçılar tərəfindən Xalaf-Ubeyd tipi kimi xarakterizə olunmuşdur. Osman Həbibullayevin fikrinə görə, I Kültəpədən aşkar edilən boyalı keramikanın bir qismi Mesopotamiyadan gətirilmiş, bir qismi isə yaşayış yerində idxal olunmuş mallara bənzədilərək hazırlanmışdır.
Vəli Baxşəliyev qeyd edir ki, İdeal Nərimanov Naxçıvanın, Mil və Muğan düzlərinin keramikasını araşdıraraq belə bir nəticəyə gəlmişdir ki, bu keramikanın mənşəyi Şərqi Anadolu ilə deyil, Şimal-Qərbi İranla bağlıdır. Onun fikrincə, Naxçıvanda Xalaf mədəniyyətindən sonra Ubeyd mədəniyyətinə mənsub tayfalar məskunlaşmışlar. O, Leylatəpə yaşayış yerini aşkar etdikdən sonra bu yaşayış yerinin Mesopotamiya tayfaları, xüsusilə Ubeyd-Uruk tayfaları tərəfindən salındığını qeyd etmişdir. Hazırda tədqiqatçıların bir qrupu tərəfindən Leylatəpə tipli abidələr Ubeyd mədəniyyətinə, digərləri tərəfindən isə Uruk mədəniyyətinə aid edilməkdədir. Son illər Neolit və Eneolit abidələrinin tədqiqinə əcnəbi tədqiqatçılar da qoşulmuşlar. Onların bəziləri irəli sürülən hipotezləri qəbul etmiş, digərləri isə onu rədd etmişlər. Barbara Helvingin fikrinə görə, Şimali Ubeydin arealı Urmiya gölündən şimala doğru yayılmamışdır. Amma bəzi tədqiqatçılar Xalaf keramikasının onun əsas mərkəzindən şimala və şimal-şərqə doğru yayıldığını qeyd etmişlər. Stephan Kroll isə yazır ki, Azərbaycanın Neolit və Eneolit dövründə özünəməxsus ənənələri olsa da, Son Eneolit dövründə Urmiya hövzəsi Ubeyd ənənələrinin buraya daxil olması ilə xarakterizə edilir.
Naxçıvanın Eneolit keramikası, başlıca olaraq, qırmızı rəngdə bişirilməsi ilə fərqlənir. Qırmızı rəngli keramika Naxçıvan abidələrinin, o cümlədən Yanıq Təpə, Göy Təpə, I Kültəpə və digərlərinin xarakterik xüsusiyyətidir. Qırmızı rəngli, cilalı keramika, həmçinin Urmiya hövzəsinin şərq rayonlarında da yayılmışdır. İ.Nərimanovun fikrinə görə, qırmızı rəngli keramika yerli istehsalın məhsulu olmuşdur. Abidələrin araşdırılması göstərir ki, saman qarışıq keramika Naxçıvanda Neolit dövründən istehsal edilmişdir. Bu tip keramika I Kültəpədə aparılan araşdırmalar zamanı aşkar olunmuşdur. Qeyd etmək lazımdır ki, burada, başlıca olaraq, sarı və qırmızı rəngdə bişirilmiş keramika yayılmışdır. Bununla belə, boz, qəhvəyi və qara rəngli keramikaya da rast gəlinmişdir. Saman qarışığı olan qırmızı rəngdə bişirilmiş keramika Naxçıvanda Son Eneolit dövrünədək davam etmişdir. Son Eneolit dövründə əvvəlki dövrlərə nisbətən keramika məmulatının çeşidi artmışdır. Məlum olduğu kimi, Azərbaycan abidələrində, o cümlədən Naxçıvanda daraqşəkilli ornamentlə naxışlanmış keramika Son Eneolit dövründə meydana çıxır. Amma 2010-cu ildə aşkar olunan Sirab abidələrində daraqşəkilli ornamentlə naxışlanmış keramika yoxdur. Sirab ətrafında Eneolit dövrünə aid mövsümi yaşayış yerlərinin aşkar olunması Eneolit dövrünün erkən və orta mərhələsindən başlayaraq yarımköçəri maldarlığın inkişaf etdiyini göstərir. Bu abidələrin keramikası xüsusiyyətinə görə I Kültəpənin keramikasından fərqlənmir. Bu, keramika istehsalında mədəni varisliyi izləməyə imkan verir.
Araşdırmalar I Kültəpənin boyalı keramikasının Xalaf mədəniyyətinin təsiri ilə meydana çıxdığını göstərir. Azərbaycan abidələrində boyalı keramikanın meydana gəlməsini tədqiqatçılar Mesopotamiya mədəniyyətləri ilə əlaqələndirirlər. Bəzi tədqiqatçılar bunu əhalinin Mesopotamiyadan şimala, Azərbaycana doğru miqrasiyası ilə bağlayırlar. Ola bilsin ki, bu tip keramika müəyyən əhali qrupunun cənubdan miqrasiyası ilə bağlı olmuşdur. Amma bu, qədim əkinçilik mədəniyyətlərinin digər regionlardan gətirildiyini təsdiq etmir. Hər şeydən əvvəl, bu regionda insanlar Paleolit dövründən məskunlaşmışlar. Samanlı keramikanın istehsalı isə Neolit dövründən başlanmışdır. Digər tərəfdən, istehsal vərdişləri Azərbaycanda Şərqi Anadoluda olduğu qədər saxlanmamışdır. Belə nəticəyə gəlmək olar ki, Şimali Mesopotamiya mədəniyyətlərinin təsiri iqtisadi-mədəni əlaqələr nəticəsində meydana çıxmışdır. Lakin Ovçular təpəsindən aşkar olunmuş fauna qalıqlarının araşdırılması miqrasiya proseslərinin də müəyyən rol oynadığını təsdiq edir.
Naxçıvanın Son Eneolit mədəniyyətinin tədqiqi Ubeyd mədəniyyətinin bu regiona təsir etdiyini göstərir. AMEA Naxçıvan Bölməsinin əməkdaşları araşdırma zamanı Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyindən bir ədəd Ubeyd tipli boyalı kasa aşkar etmişlər. Naxışlar qabın cilalanmış səthinə qırmızı boya ilə çəkilmişdir. Naxışlar kasanın ağzının kənarına çəkilən enli zolaqdan ayrılan şüaşəkilli ornamentlərdən ibarətdir. Bu tip naxışlama Ubeyd mədəniyyəti üçün xarakterik olub, onun müxtəlif mərhələlərində istifadə edilmişdir.
Naxçıvan ərazisində 2011-2015-ci illərdə aparılan araşdırmalar zamanı Ubeyd mədəniyyətinin izlərinə Ovçular təpəsində, Uçan Ağıl və Uzun oba yaşayış yerlərində də rastlanmışdır. Ovçular təpəsindən aşkar edilən keramika parçası qırmızı rənglə naxışlanmışdır. Naxışlar birbaşa qabın boyanmamış səthinə çəkilmişdir. Onlar şaquli xətlər arasına alınmış düz xətlər və birləşik üçbucaqlardan ibarətdir. Araşdırmalar bu keramika parçasının idxal edilmiş gil qaba aid olduğunu göstərir. Sirab ətrafında aparılan araşdırmalar zamanı yeni abidələr qeydə alınmış və onların birində – Uçan Ağıl yaşayış yerində Ubeyd tipli idxal mallarına rastlanmışdır. Onlar kasa tipli qabların parçalarıdır. Qabların biri içəridən, digəri isə xaricdən qəhvəyi rənglə çəkilmiş xətlərlə naxışlanmışdır. 2015-ci ildə Uçan Ağıl və Uzun oba yaşayış yerlərindən aşkar olunan boyalı keramika nümunələrində Xalaf-Ubeyd və Dalmatəpə mədəniyyətinin təsiri özünü göstərir və bu, Naxçıvanın qədim sakinlərinin Azərbaycanın cənub bölgələri, həmçinin Şimali Mesopotamiya ilə sıx bağlı olduğunu təsdiq edir.
Ovçular təpəsindən aşkar olunan heyvan qalıqlarının araşdırılması onların vaxtilə qədim əkinçilik mədəniyyətlərinin ardınca Naxçıvana gətirildiyini təsdiq edir. Lakin onlar müəyyən dəyişikliyə uğrayaraq yerli şəraitə uyğunlaşmışlar. Ümumiyyətlə, son illər artan faktlar İkiçayarasının qədim əkinçilik mədəniyyətlərinin Cənubi Qafqaz, o cümlədən Naxçıvan ərazisində formalaşan mədəniyyətlərə müəyyən təsir etdiyini təsdiq edir. Bu təsir müəyyən istehsal sahələrinin inkişafını stimullaşdırmışdır. Belə nəticəyə gəlmək olar ki, Naxçıvan abidələrində yayılan boyalı keramika Ubeyd mədəniyyətinin təsiri ilə ortaya çıxmışdır.
Araşdırmalar göstərir ki, İkiçayarası tayfalarının Naxçıvanla iqtisadi-mədəni əlaqələrini gücləndirən əsas faktorlardan biri bu ərazinin təbii sərvətləri, xüsusilə mis yataqları olmuşdur. Sirab ətrafında qeydə alınan Zirincli, Uçan Ağıl və digər yaşayış yerlərində mis filizinin minerallarına rastlanması, Zirincli yaşayış yerində isə mis baltalar tökmək üçün qəlibin aşkar olunması bunu bir daha təsdiq edir. Demək olar ki, Eneolit mədəniyyətinin Naxçıvanda yayılmasında və Mesopotamiya ilə iqtisadi-mədəni əlaqələrin güclənməsində xammal ehtiyatlarına tələbatın artması da müəyyən rol oynamışdır.
Araşdırmalar davam edir.
Sara Əzimova