23 Dekabr 2024, Bazar ertəsi

Tarixi abidələrin bərpası və onların qorunaraq gələcək nəsillərə çatdırılması mədəni cəmiyyətin mühüm tələbatlarından biridir. Tarixin yaşadılması, gələcəyə sağlam addımlar atılması cəmiyyətin sosial-mədəni inkişaf imperativləri arasında özünü təsdiq etdiyi kimi, xalqın minillik keçmişindən bu günə qədər gəlib çatmış tarixi abidələrin  yaşa­dılması da bu günün tələbidir. Naxçıvanın qədim tarixini, onun zənginliyini özündə yaşadan Qarabağlar türbəsinin də bərpası məhz belə humanist amala, mədəniyyətlərarası dialoqa xidmət edir. 

Qarabağlar türbəsi Kəngərli rayonunun eyniadlı kəndinin şimal-qərb hissəsində yerləşir. Qarabağlara kənd desək də, tarixi mənbələrə görə, bir zamanlar bu yaşayış məntəqəsi kifayət qədər böyük bir şəhər olub. Daha dəqiq desək, elmi mənbələrdə XII-XIV əsrlərdə Qarabağların bir şəhər kimi inkişaf etdiyi və bu zaman da bu türbənin tikildiyi bildirilir. Başqa sözlə, Qarabağlar türbəsi orta əsrlər Şərq və Azərbaycan memarlığının mühüm bir nümunəsi olmaqdan əlavə, həm də bu dövrdə güclənmiş dövlətlərin iqtisadi-mədəni inkişaf səviyyəsindən, həmin dövlətlərin insana, onun ad-sanına, xidmətlərinə verdiyi qiymətdən və nəhayət, bir zamanlar bu torpaqlara sahiblik edəcək varislərə bir iz qoyub getmək kimi mühüm motivlərdən xəbər verən qiymətli tarixi əsərdir.

Naxçıvanda mövcud olan digər tarixi abidələr kimi, Qarabağlar türbəsi də beş-on dəqiqə tamaşa edilib keçiləcək sadə bir tikili deyildir. Türbə özünün yeri, memarlıq üslubu, inşasına sərf olunmuş materialların orijinallığı və digər bənzərsizliklərilə təkcə tarix bilicilərini deyil, eyni zamanda hər kəsi saatlarca düşündürən sirli bir kitabədir. Şərq tarixinin mühüm bir hissəsi olan Naxçıvanda formalaşmış qədim şəhər mədəniyyəti, burada Qarabağların yeri və əhəmiyyəti kimi sualların bir çoxunun cavabı məhz bu türbənin öyrənilməsi ilə gün üzünə çıxacaq. Buna görə də “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 4 iyul 2016-cı il tarixli Sərəncamı sahib olduğumuz tarixi zənginliklərin qorunub saxlanılmaqla gələcək nəsillərin istifadəsinə verilməsi, onların dünya mədəni mirasına qazandırılması yolunda mühüm addımdır.
Kompleksin bərpası üzrə işlərin necə getdiyini öyrənmək üçün Qarabağlar kəndinə üz tutduq. İş icraçısı Ziya Əliyevlə söhbətimizdə bildirdi ki, bərpa işlərinə iyulun 15-dən start verilib. Xeyli miqdarda iş görülüb. Qarabağlar Türbə Kompleksi qoşa minarə, onlar arasındakı baştağ, qoşa minarələrə birləşən dini binanın qalıqları və türbədən ibarətdir. Aparılan bərpa işləri zamanı türbə və qoşa minarə hissələri bərpa ediləcək, bunlar arasındakı bölüm, habelə dörd təndir konservasiya olunacaq. Zaman ərzində baş verən proseslər nəticəsində türbənin daha çox aşınma və dağılmaya məruz qalmış dam örtüyü hissəsinin, giriş qapılarının bərpası üzərində xeyli işlər görüləcək.
Qarabağlar türbəsi sərdabə və yerüstü xatirə abidəsindən ibarətdir. Sərdabə onikibucaqlı olub divarları daşdan, günbəzi isə kərpicdən inşa edilib. Türbənin yerüstü hissəsi daş kürsülük üzərində inşa olunan 12 yarımsilindrdən ibarətdir. Türbənin dörd giriş qapısından biri olan əsas giriş qapısı üzərindəki kitabədə müqəddəs “Qurani-Kərim”dən 6 ayə (“Mülk” surəsi) həkk olunub. Bu qapının kənarları çox incə naxışlarla işlənilib. Görüləcək işlər zamanı bu naxışlar da bərpa olunacaq .
Həmsöhbətim onu da bildirdi ki, həyata keçirilən bərpa işləri zamanı kompleksin ətrafı abadlaşdırılacaq, kəndin girişindən buraya yeni yol çəkiləcək. Ümumilikdə, kollektiv bu mühüm abidənin bərpasının uğurla başa çatacağına əmindir. Muxtar respublika rəhbərinin tarixi abidələrin qorunmasına göstərdiyi böyük diqqət və qayğı, Naxçıvandakı digər tarixi əsərlərin bərpası zamanı əldə olunmuş təcrübə bunu deməyə əsas verir. “Tarixi abidələrin bərpası daha çox zehni iş tələb edir. Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisləri Arif Əzizov və Qoçəli Əliyevin bu işlərin öhdəsindən layiqincə gələcəyinə inanırıq”, – deyir iş icraçısı.
Qarabağlar türbəsi və Naxçıvanın tarixi abidələri Azərbaycan xalqının milli sərvətidir. Bu gün ərsəyə gətirilən əsərlər kimi min il əvvəl də yaradılmış bütün maddi və mədəni sərvətlərimizə sahib çıxılması, onlara qayğı göstərilməsi bugünkü iqtisadi-mədəni gücümüzün yaratdığı tarixi bir fürsətdir. Hər yüz ildən bir yetişən belə fürsətlərdən qazandıqlarımızın qiymətini isə yenə tarix verəcək.

Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR