23 Dekabr 2024, Bazar ertəsi

Tarix elminə görə, bəşəriyyətin ilk yaranışından ibtidai insanların əsas yaşayış “evi” mağaralar olub. İnsanlar bu cür sığınacaq yerlərində ictimai mədəniyyətin ilkin nümunəsi olan birgə yaşamaq mədəniyyətini formalaşdırıblar. Mağaralar onları sərt iqlimdən, vəhşi heyvanların hücumundan qoruyub. Daş hörgünün meydana gəlməsi isə qazma və yarımqazma evlərin yaranmasında mütərəqqi rol oynayıb. Ancaq buna baxmayaraq, mağaralar öz əhəmiyyətini min illər boyu saxlayıb. Müasir dövrdə isə mağaralar tarixi öyrənmək baxımından əvəzolunmaz obyektlərdir. Çünki bu qədim sığınacaq yerləri keçmişdə insanların məşğuliyyəti, yaşam tərzi haqqında dolğun məlumatları özündə saxlamaqla yanaşı, aid olduğu regionun keçmişi haqqında da bizə bir sıra məlumatları çatdıran mənbələrdir. Qədim Naxçıvan diyarı da məhz bu cür mənbələrlə zəngindir. Elə bu yazıda da “Naxçıvan Abidələri Ensiklopediyası”na istinadən onlardan bir neçəsi haqqında bəhs edəcəyik. 

 Əvvəlcə onu qeyd edək ki, Naxçıvanın qədim və zəngin tarixə malikliyinin əsas səbəbi bu diyarın ilkin yaşayış məskəni olmasındadır. Bir bölgənin və ya regionun ilkin yaşayış məskəni olmasını zəruri edən əsas səbəblərdən biri həmin ərazidə insanların yaşayış üçün tələbatının ödənilməsidir. Bu tələbatın ödənilməsində birinci rolu iqlim şərtlərinin əlverişliliyi oynayır. Ölkə­mizin, o cümlədən Naxçıvanın əlverişli iqlimi tarixboyu insanların yaşamaq uğrunda mübarizəsində mühüm rol oynayıb. Eyni zamanda bu reallığı da qəbul etməliyik ki, Naxçıvanın özünəməxsus relyefində dağlıq ərazilərin çoxluğu burada xeyli sayda mağara və mağaratipli sığınacaqların yaranmasına, bu da, öz növbəsində, həmin yerlərin ilk yaşayış məskəni kimi formalaşmasına səbəb olub. Sanki uca Yaradan bəşəriyyətin incisi sayılan insanlara burada məskunlaşması üçün gözəl iqlim, bərəkətli torpaqlar, saysız-hesabsız su mənbələri ilə yanaşı, həm də onları müəyyən çətinliklərdən qoruyacaq mağaralar bəxş edib. Belə mağaralardan biri Sədərək rayonunun ərazisində yerləşən Əjdəhan mağarasıdır. 

Əjdəhan mağarası Sədərək kəndindən şimalda, qayalıqların arasında yerləşir. Yaxınlığında 7 ildən bir qaynayıb çıxan Cincili bulaq var. Mağaranın uzunluğu 12 metr, eni 3-4,5 metr, hündürlüyü 2-2,5 metr arasındadır. Ötən əsrin sonlarında məlum hadisələr zamanı mağaranın üzərinə mərmilər düşdüyündən onun tavanının bir qismi dağılaraq girişi tutulub. Eyni zamanda tavanı ocaq yanmasından qaralıb. Mağaranın ön tərəfi kiçik meydan şəklindədir. İçərisi nəm torpaq qatı ilə örtülüb. Araşdırmalar zamanı mağaranın girişindən erkən orta əsrlərə aid keramika məmulatları aşkar olunub ki, bu da mağaradan müəyyən müddət yaşayış məskəni kimi istifadə edildiyini göstərir. Burada qədim mədəniyyət izlərinin olmasının müəyyənləşdirilməsi arxeoloji araşdırmalar tələb edir. Alimlər bu yaşayış yerini III-VIII əsrlərə aid edirlər.
Şərur rayonunda Hadiqaib yaşayış yeri yaxınlığında (Şərur rayonunda Axuraçayın sol sahili) sıldırım qayaların yanında yerləşən mağara da öz qədimliyi ilə seçilir. Mağaranın uzunluğu 10 metrdən artıq, hündürlüyü 2 metr, bəzi yerlərdə 3 metrə çatır. Ağız hissəsi aşağıdan daşlarla hörülüb. Giriş hissədən 2 metr içəriyə doğru qazıl­mış yerdə itiuclu obsidian (dəvə­gözü) qəlpələri səpələnib. Burada arxeoloji tədqiqat işləri aparılmayıb. Əldə olunan silah nümunəsinə əsasən, mağaranın Daş dövründə ibtidai insanların yaşayış məskəni olması ehtimal edilir.
Pisdər mağarası da Şərur rayonunun Axura kəndinə yaxın ərazidə yerləşir. Kəndin şərq səmtindəki Tana qalası yaxınlığındakı bu arxe­oloji abidə yarımdairəvi formadadır. Mağaranın dərinliyi 10 metrdən artıqdır. Aşağı hissəsi torpaqla örtülüb. Bu mağara da arxeoloji tədqiqatlara cəlb olunmayıb. Mağaradan ibtidai insan məskəni kimi istifadə olunduğu ehtimal edilir.
Şərur rayonunun Tənənəm kəndindən 3 kilometr cənub-şərqdə, Arpaçayın sol sahilində yerləşən Qazma mağarası isə böyüklüyünə görə yuxarıdakılardan fərqlənir. Bu arxeoloji abidə Paleolit dövrünə aid edilir. Dəniz səviyyəsindən, təqribən, 1500 metr yüksəklikdə yerləşən mağaranın uzunluğu 22 metr, eni 1-6,5 metrdir. 1987-90-cı illərdə tədqiq edilən abidədə 6 mədəni təbəqə qeydə alınıb. Burada çöküntünün ümumi qalınlığı 3 metrə bərabərdir. 20 kvadratmetr sahədə aparılan arxeoloji qazıntılar nəticəsində 12 mindən artıq ovlanmış heyvan sümüyü və 1000-ə qədər obsidian, çaxmaqdaşı və daşlı şistdən hazırlanmış əmək alətləri aşkar edilib. 4-cü təbəqədən daş alətlərlə yanaşı, sümükdən biz, bıçaq, kəsici və oyucu alətlər də aşkar olunub. 5-ci və 6-cı təbəqələrdə bir neçə ocaq yeri qeydə alınıb. Düşərgənin 4-cü təbəqəsində çapılıb doğranmış fauna qalıqlarının çoxluğu ovçuluğun o dövrdə ibtidai insanların əsas məşğuliyyəti olduğunu göstərir. Qazma mağarasında tapılmış daş məmulatının hazırlanma texnikası və tipoloji xüsusiyyətləri bu ərazidə qədim insanların hələ Mustye mədəniyyəti dövründə, yəni 80-90 min il bundan əvvəl məskunlaşıb yaşadıqlarını göstərir. Tədqiqatlara görə, eradan əvvəl 3-cü minillikdə bu ərazi türklərin ərazisi olmaqla Kas türklərinə məxsus olub və qalanın adı qazıntı ilə heç bir əlaqəsi olmayan Kas bəylərinin adındandır.
Haqqında bəhs edəcəyimiz növbəti mağara isə Culfa rayonunun Gülüstan kəndi yaxınlığında, Dərəşam dəmiryol stansiyasından şərqdə, qayaların arasında yerləşir. Təbii mağara 3 salondan ibarətdir. Yaşayış, əsasən, bir salonda olub. Lakin mağaranın daxilinə doğru uzanan ikinci və üçüncü salon da ən çətin hava şəraitində hər hansı təhlükədə etibarlı sığınacaq sayılır. Təbii mağaranın ön tərəfi əhəng məhlulundan istifadə edilməklə daşdan hörülmüş hündür divarla kəsilib. Vaxtilə mağaranın təbii girişi olub. Lakin divarın bir qismi və girişi tamamilə dağılıb. Buradakı mədəni təbəqə, əsasən, mağaranın divar hörülmüş qabaq hissəsində olub. Divarla mağaranın arasındakı döşəmə müxtəlif tullantılar və bitki çürüntüləri ilə dolub. Yığılan mədəni təbəqənin qalınlığı 2,5 metrə qədərdir. Mağaranın qabağına hörülmüş divarın uçurulması ilə buradakı keramika məmulatı dərəaşağı yayılıb. Araşdırma zamanı orta əsrlərə aid şirli və şirsiz keramika parçalarına rastlanıb. Tikinti qalıqlarına və keramika məmulatlarına əsasən, tədqiqatçılar mağaradan orta əsrlərdə yaşayış yeri kimi istifadə edildiyini bildirirlər. Əldə edilmiş materiallara əsasən, yaşayış yeri XIV-XVII əsrlərə aid edilir.
Muxtar respublika ərazisində ən əhəmiyyətli rola malik mağaralardan biri, təbii ki, uzaq keçmişdən ziyarətgah kimi istifadə olunan Əshabi-Kəhf mağarasıdır. Bu ad ərəb dilində “mağara sahibləri” deməkdir. Müqəddəs “Qurani-Kərim”də “Əl-Kəhf” surəsinin 9-27-ci ayələrində Allahdan başqasına inananlardan ayrılıb mağaraya sığınan 7 gəncin 300 ildən artıq yatdıqlarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. “Qurani-Kərim”də mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapıb. Uzun illər bir sıra ədəbiyyatlarda mövcud olmuş yanlış fikrə görə, hadisə xristianlıqla əlaqələndirilib, “Qurani-Kərim”də adıçəkilən mağaranın Kiçik Asiya və ya Fələstin ərazisində, hətta dünyanın digər ölkələrində olduğu güman edilib. Həmin ədəbiyyatlarda Naxçıvanda olan Əshabi-Kəhf mağarasından və rəvayətdən bəhs olunmayıb. Lakin son dövrdə aparılmış araşdırmalar sübut edib ki, “Qurani-Kərim”də adıçəkilən Əshabi-Kəhf mağarası Naxçıvan ərazisindədir və bunun xristianlıqla heç bir əlaqəsi yoxdur. Mağaranın sonunda olan məscidin mehrabında kitabə vardır. İrihəcmli mərmər lövhələrdən ibarət olan kitabənin mərkəzi hissəsində çərçivələr içərisində “Qurani-Kərim”in Əshabi-Kəhf hadisəsindən bəhs edən “Əl-Kəhf” surəsindən 9-12-ci, 17-18-ci ayələri həkk edilib. Lövhənin kənarlarında, sağ tərəfdə yuxarıdan başlayaraq sol tərəfdə başadək ensiz, lentvarı haşiyə şəklində yazılan kitabənin məzmunu belədir: “Qar, yağış təsirindən burada yazıl­mış xətlər məhv olmuşdu. Ona görə də bu əzəmətli məkanın taleyi barəsində Naxçıvan ölkəsinin hakimi Şükrulla xan Kəngərli – adıçəkilən ölkənin keçmiş hakimi, xeyirxah əməllər banisi Heydərqulu xanın xələfi qərar verərək buyurdular ki, həmin lövhənin üzünü təzədən, səhvsiz ayrı bir daş lövhəyə yazdırsınlar və yadigar olaraq keçmiş lövhənin yerinə nəsib etsinlər. Bu əmrə əsasən, mərhum, mömin Molla Mustafanın oğlu Məhəmməd Xətib Naxçıvani işə başlayıb, 1190-cı ilin səfər əl-müzəffər ayında (22.03-20.04.1776) lövhəni yazıb qurtarmışdır”. Göründüyü kimi, əvvəllər bu kitabənin yerində “Qurani-Kərim”in qeyd olunan ayələri həkk edilmiş ayrı bir kitabə olub, ancaq zaman keçdikcə təbii amillərin təsirindən aşındığı üçün həmin vaxt Naxçıvan ölkəsinin hakimi olan Şükrulla xan Kəngərlinin əmri ilə mətn ayrı bir mərmər lövhəyə yazı­lıb onun yerinə qoyulub. 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyevin tapşırığı və himayəsi ilə ziyarətgahda abadlıq-bərpa işləri aparılıb və görülən bu işlər ziyarətgahın girişindəki kitabədə qeyd olunub. Son illərdə isə burada yenidənqurma işləri aparılıb, zəvvarlar üçün hərtərəfli şərait yaradılıb, ziyarətgaha gedən avtomobil yolu abadlaşdırılıb, kənarlarında yaşıllıq zolaqları salınıb.
Bir məqamı da vurğulayaq ki, muxtar respublika ərazisində, yazının əvvəlində də qeyd etdiyimiz kimi, saysız-hesabsız mağaralar mövcuddur. Hətta bu mağaraların çoxu sonralar xalqın müxtəlif inanclarına görə pirlərə çevrilərək müqəddəsləşdirilib. Məsələn, Babək rayonunun Cəhri kəndindən qərbdə 34 metr uzunluğundakı Qaş piri, Şərur rayonunun Havuş kəndinin şimal-şərq qurtaracağındakı sıldırım qayalar arasında yerləşən Havuş piri və digərləri məhz belə mağaralardandır və bu cür təbii abidələrin sayını xeyli artırmaq mümkündür.
Ümumilikdə isə gəldiyimiz nəticə bundan ibarətdir ki, Naxçıvan ərazisindəki mağaraların çoxluğu bu diyarda məskunlaşmanın tarixinin çox uzaq dövrlərə dayandığının göstəricisi olmaqla yanaşı, həm də bu məskunlaşmanın kütləviliyinə dəlalət edir. Yəqin ki, zaman gələcək, bu sahə ilə məşğul olan tədqiqatçılar Naxçıvanın 5000 illik şəhər mədəniyyətinədək qət etdiyi yolun ilkin yaşayışın və mədəniyyətin formalaşdığı mağaralardan başlandığını təsdiqləyəcəklər.

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR