23 Dekabr 2024, Bazar ertəsi

Bu gün Naxçıvan Muxtar Respublikasında yaşayıb-yaradan qadınlar hərtərəfli qayğı ilə əhatə ediliblər. Onlar dövlət quruculuğunda, ictimai həyatda fəal iştirak edir, sosial-iqtisadi, elmi və mədəni inkişafa öz töhfələrini verirlər. İstedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaşadan qadınlara da xüsusi diqqət göstərilir.

Gənc qızların müəyyən peşələrə yiyələnməsi, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün muxtar respublikada xalçaçı, keçəçi, dərzi, ağac üzərində oyma və sair peşə kursları təşkil olunur. 2012-ci ildə “Milli dəyərlər ili” ilə əlaqədar 71 istedadlı qadının 428, 2014-cü ildə “Muxtariyyət ili” ilə əlaqədar 157 istedadlı qadının 343 rəsm və əl işi sərgi-satışlara çıxarılıb. Ötən ilin oktyabr ayının 5-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Muxtar respublika qadınları müstəqillik illərində” mövzusunda təşkil olunan istedadlı qadınların əl işlərinin sərgisi də onlara göstərilən diqqət və qayğının parlaq təzahürü kimi dəyərləndirilib. Həmin tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri çıxış edərək aidiyyəti orqanların qarşısında mühüm vəzifələr qoyaraq deyib: “Milli dəyərlərin yaşadılması sahəsində həyata keçirilən tədbirlər bundan sonra da davam etdirilməlidir. Aid dövlət təşkilatları yaradılan şəraitdən istifadə edərək fəaliyyətlərini gücləndirməli, milli dəyərlərin əsas daşıyıcıları olan qadınlar bu işdə yaxından iştirak etməlidirlər. Hər bir kəndə, rayona xas olan milli dəyərlər muxtar respublikanın, muxtar respublikada toplanan milli dəyərlər isə ümumilikdə, Azərbaycan xalqının milli dəyərlər sisteminə daxildir. Ona görə də bu cür sərgilər Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın rayon mərkəzlərində də təşkil olunmalı, istedadlı qadınların fəaliyyətinə dəstək verilməlidir”.

Verilən tapşırığa uyğun olaraq, cari ildə muxtar respublikanın bütün rayon mərkəzlərində bu səpkidə sərgilərin təşkilinə başlanılıb. Bu tədbir Babək, Şərur, Culfa və Şahbuz rayonlarında yüksək səviyyədə başa çatıb. Dünən isə Ordubad şəhərindəki mədəniyyət evində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışın açılışı olub.
Tədbirdə Ordubad Rayon İcra Hakimiy­yətinin başçısı Elşad Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikamızın hər yerində olduğu kimi, Ordubad rayonunda da qadınlar yüksək dövlət qayğısı ilə əhatə olunublar. Təsadüfi deyil ki, rayonda yaşayan qadınlardan 80 nəfəri yerli özünü­idarəetmə orqanlarına üzv, onlardan 1 nəfəri bələdiyyə sədri seçilib. Bir qadın rayon İcra Hakimiyyəti başçısının müavini, 9 nəfər rayonda fəaliyyət göstərən təhsil müəssisəsinin rəhbəri vəzifəsinə təyin edilib. Qadınların dövlət qulluğunda, hüquq-mühafizə orqanlarında təmsilçiliyi genişlənib. Bu gün rayonda qadınlardan 23 nəfəri Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müxtəlif mükafatlarına layiq görülüb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək deyib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə baş verən hadisələr milli dəyərlərin də qorunub-yaşadılmasına imkan vermirdi. Bu sahə ilə məşğul olan qadınlara lazımi qayğı göstərilmirdi. Lakin bu gün ölkəmizin hərtərəfli inkişafı, mövcud sabitlik, dövlət qadın siyasətinin uğurla həyata keçirilməsi, ailə dəyərlərinə yüksək qiymət verilməsi qadınların ölkəmizin ictimai həyatında fəal iştirakına və istedadlarının üzə çıxarılmasına imkan verir. Qadınların bütün sahələrdə fəaliyyəti təmin olunur, min illər ərzində formalaşan milli dəyərlərimiz yaşadılır. Yaradılan şəraitin nəticəsində muxtar respublikada istedadlı qadınların sayı ildən-ilə artır. Onların əl işlərindən ibarət sərgilərin təşkili isə ənənə halını alıb. Bu gün Ordubad rayonunda yaşayan istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışın təşkil edilməsində məqsəd rayon üzrə qadınlarımızın istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi gənclərə aşılamaq, yüz illərdir, ailələrimizdə qorunub saxlanılan mənəvi irsimizi, zəngin dəyərə malik olan həyat tərzimizi yaşatmaqdır.
İstedadlı qadınlardan Məleykə Rəhimli deyib ki, muxtar respublikada yaradılan şəraitdən, bu sahəyə göstərilən dövlət qayğısından mən də yararlanmağa çalışıram. Hazırda Ordubad Rayon Uşaq Yaradıcılıq Mərkəzinin “Toxuculuq” dərnəyinin rəhbəri işləyirəm. Asudə vaxtlarımda əl işləri hazırlayır, onları müxtəlif sərgilərə çıxarıram. Belə sərgilərin təşkili biz qadınlara böyük stimul olur. Bütün qadınlar adından yaradılan bu şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığımı bildirirəm.
Sonra sərgi-satışa baxış olub. Sərgi-satışda rayon üzrə 45 istedadlı qadının 400 rəsm və əl işinin satışı təşkil edilib. Sulu və yağlı boya ilə işlənən tablolar, milli geyimlər, toxuculuq və bir-birindən maraqlı dekorativ-tətbiqi sənət nümunələri maraqla qarşılanıb. Sərgidəki əsərlərdə xanımların hər birinin fərqli istedada, fərqli əl qabiliyyətinə, incə zövq və fantaziyaya malik olduqlarını duymaq çətin deyildi. Onların yaradıcılıq yolu müəyyən mənada bir-birinə bənzəsə də, hər biri ayrı-ayrılıqda başqa bir gözəllik, zəriflik nümunəsidir.
Yaradıcılıq nümunələri sərgidə nümayiş etdirilən qadınlarımızdan biri Dünya Abbasovadır. Ordubad Rayon Uşaq Yaradıcılıq Mərkəzində “Dərzilik” dərnəyinə rəhbərlik edir. Dünya xanım toxuma və tikmədə çox bacarıqlıdır.
Əl işlərində milli dəyərlərimizi yaşatmağa daha çox üstünlük verən xanımlarımızdan biri də Nərmin İsgəndərovadır. O, hər nə toxuyursa, xalqımızın tarixi keçmişinin, milli adət-ənənələrimizin, qədim mərasimlərimizin təsvirinə üstünlük verir. Toxuduğu bir-birindən gözəl xalçalar, kilimlər muxtar respublikamızda keçirilən əksər bayram və şənliklərdə nümayiş etdirilir.
Sərgidə evdar qadınların da əsərləri özünə yer alıb. Onlardan biri də Samiyə Həsənovadır. O, müxtəlif toxuma işləri ilə belə bir sərgi-satışda ilk dəfədir, iştirak edir. Samiyə xanım belə bir tədbirin təşkil olunmasının onlarda böyük həvəs, çalışmaq əzmi yaratdığını deyir.
Sərgi-satışda sağlamlıq imkanları məhdud olan qadınlarımızın əl işlərinə də yer verilib. Onlardan biri Sura Əlizadədir. Onun əl işləri sərgidə böyük maraqla qarşılanır. Bu xanım da həmkarları kimi muxtar respublikamızda qadınlara göstərilən diqqət və qayğıdan çox razıdır.
Qeyd edək ki, növbəti sərgi-satış Kəngərli və Sədərək rayonlarında təşkil olunacaq.

 Sara Əzimova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR