Şərur şəhərindəki “Bahar” kinoteatrında rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə məktəb direktorlarının, sinif rəhbərlərinin və kitabxana müdirlərinin iştirakı ilə “Kitab bilik mənbəyidir” adlı tədbir keçirilib. Tədbirdə rayon Təhsil Şöbəsinin müdiri Zaur Həsənov məruzə edib.
Qeyd olunub ki, rayondakı 56 ümumtəhsil məktəbinin hamısında kitabxana fəaliyyət göstərir. Məktəblilərin asudə vaxtlarının təşkilində, şagirdlərin mütaliə mədəniyyətinin formalaşdırılmasında bu kitabxanaların üzərinə böyük vəzifələr düşür.
Vurğulanıb ki, muxtar respublikada daha çox diqqət yetirilən sahələrdən biri də təhsilin dünya standartlarına uyğunlaşdırılması, onun maddi-texniki təminatının daha da yaxşılaşdırılmasıdır. Bu məqsədlə həyata keçirilən tədbirlərin nəticəsidir ki, artıq ümumtəhsil müəssisələrinin böyük əksəriyyəti yeni, müasir arxitektura əsasında inşa olunmuş, yaxud yenidən qurulmuş binalarda fəaliyyət göstərir. Bu binalarda kitabxanalar üçün də geniş və hərtərəfli şəraiti olan, kompüterlə təmin olunmuş otaqlar ayrılır.
Zaur Həsənov bildirib ki, bütün bunların müqabilində bu gün məktəb kitabxanalarına daha çox oxucu cəlb edilməli, uşaqlar kitabın bilik mənbəyi olduğunu daha dərindən dərk etməlidirlər. Kitabxanalarda vaxtaşırı kitab müzakirələri, konfranslar, ədəbi-bədii tədbirlər, tanınmış ədəbiyyat adamlarının yubileyləri keçirilməli, bu tədbirlərdə məktəblilərin fəal iştirakı təmin olunmalıdır.
Tədbirdə Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbin kitabxanaçısı Fatma Seyidova, məktəbin müəllimləri Zenfira Əliyeva və Yeganə Bağırova çıxış edərək məktəb kitabxanalarının fəaliyyətini daha da canlandırmaq üçün qarşıda duran vəzifələrdən danışıblar.
Elman MƏMMƏDOV