23 Dekabr 2024, Bazar ertəsi

Teatr bədii həyatın inikası olmaqla bərabər, həm də sintez sənətidir. Tamaşaçını öz sehrinə salan, onu hadisələrin birbaşa canlı şahidinə çevirən teatrdakı tamaşaların arxasında, sözsüz ki, müəllif, aktyor oyunu ilə birlikdə rejissor işi də dayanır. Çox vaxt yaxşı aktyor oyunu rejissorun kimliyini tamaşaçılara unutdursa da, sənət adamları və sənətsevərlər tamaşaların yaranmasında bu peşə sahiblərinin əməyinin necə əhəmiyyətli olduğunu yaxşı bilirlər. 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı öz sənət tarixində bir çox tanınmış rejissorlar yetirib. Onların bəziləri elə teatrın öz içərisindən çıxan aktyorlar olsa da, bəziləri peşəkar rejissor kimi bu sənət ocağı ilə öz talelərini bağlayıblar. Belə rejissorlardan biri də keçmiş SSRİ-də yaxşı tanınan Baxşı Qələndərli idi. 1964-cü ildən Naxçıvan teatrında çalışan Baxşı Qələndərli 1903-cü ildə Xankəndidə doğulmuşdu. 1926-30-cu illərdə Bakı Teatr Texnikumunda və 1930-34-cü illərdə Leninqrad (indiki Sankt-Peterburq) Səhnə Sənəti İnstitutunda təhsil almışdı.1934-51-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrında baş rejissor işləyən Baxşı Qələndərli burda bir-birindən maraqlı tamaşalar səhnələşdirmişdi.

1944-cü ildə İrəvanda dahi ingilis dramaturqu Şeksprin 380 illiyinə həsr edilən VI Ümumittifaq elmi-tədqiqat konfransı və Şekspir tamaşalarının festivalında onun hazır­ladığı “Otello” tamaşası birinci yerə layiq görülür. Münsiflər heyətinin üzvü, professor Mixail Morozov faciənin azərbaycanca mətninin üzərində bu ifadəni yazıb: “Mən Şekspir festivalında əsl ləzzəti azərbaycanlıların “Otello” tamaşasından aldım”. Naxçıvan teatrının keçmiş aktyoru, Azərbaycan Respublikasının Əməkdar artisti Yusif Allahverdiyev Baxşı Qələndərlinin bu barədə söhbətini belə xatırlayır: “Baxşı müəllim deyirdi ki, Morozov hamıya bildirmişdi ki, o, Otellonun Dezdemonanı boğması səhnəsinə baxa bilmir. Hətta bunu Şekspir tərəfindən istifadə olunan vəhşilik kimi dəyərləndirirdi. Çünki tamaşaçının gözü qarşısında insanı boğmaq və öldürmək düzgün deyil. Amma Baxşı müəllim çox orijinal bir üsul tapmışdı. O, sonuncu səhnədə, ölüm yerində baş tərəfi taxta ilə qapalı və bu hissəsi tamaşaçıya sarı olan bir çarpayı qoymuşdu. Yəni tamaşaçı yatağında uzanan Dezdemonanı görmürdü. Otello onun yatağına yaxınlaşır və Dezdemonanı boğurdu. Otello ayağa qalxandan sonra isə çarpayıdan heysiz bir qadın əli yana düşürdü. Bu mizan ilk dəfə olaraq belə işləndiyi üçün dəhşətli ölüm səhnəsi birbaşa tamaşaçının gözü qarşısında baş vermirdi. Ona görə də bütün münsiflər heyəti tamaşanı ayaq üstə alqışladılar”.
Sonradan İrəvan Azərbaycan Teatrı erməni teatrlarını üstələdiyi üçün bağlanır. Sənət fədaisi olan Baxşı Qələndərli 1964-cü ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrına gəlir. Burda isə bir-birindən maraqlı tamaşalara quruluş verir. “Müsyö Jordan və Dərviş Məstəli şah” (M.F.Axundzadə), “Od gəlini” (C.Cabbarlı), “Otello” (V.Şekspir), “Mehmanxana sahibəsi” (K.Qoldoni), “Cehizsiz qız” (A.Ostrovski), “Dördüncü” (K.Simonov), “Məhsəti” (Kəmalə), “Səadət nəğməsi” (Ə.Yusifli), “Koroğlunun səhvi” (İ.Şıxlı), “Qəmli günlər” (N.Əliyev) və sair tamaşalar onun yaradıcı təxəyyülünün səhnə məhsuluna çevrilir. Hətta o zaman teatrda səhnələşdirilən bir sıra operalara da quruluş verir. Onun şair-dramaturq Kəmalənin yazdığı “Məhsəti” pyesinin əsasında hazırladığı eyniadlı tamaşa ilk dəfə olaraq Məhsəti Gəncəviyə həsr edilən səhnə əsəri idi. Teatrşünas Cəfər Cəfərov bu tamaşa haqda resenziyasında yazırdı: “Təcrübəli rejissor olan Baxşı Qələndərli tarixi hadisələri təsvir etmək üçün xırda detallardan, bərli-bəzəkli geyimlərdən və parlaq əşyalardan imtina edib. Tamaşa yığcam, cəlbedici rejissor dəst-xəttinin sadəliyi ilə diqqəti çəkir. Burda tərki-dünyalıq və nikbinlik kimi iki dünyagörüşün, fəlsəfi baxışın arasında gedən mübarizə xərabat və məscidlə aydın şəkildə təzahür edir”.
Təbii ki, bütün bunlar peşəkar rejissorun rəssam, bəstəkar və aktyorla qarşılıqlı işinin nəticəsi idi. “Baxşı Qələndərli daha çox həmin vaxt teatrın baş rəssamı olan Məmməd Qasımovla işləməyi xoşlayırdı. Onlar arasında yaş fərqi 20 il olsa da, sözləri yaxşı tuturdu. Hər ikisi istedadlı teatr adamı idilər”, – Yusif Allahverdiyev belə xatırlayır. Aktyorla işləmək bacarığı az bir zamanda Baxşı müəllimi bütün truppanın sevimlisinə çevirmişdi. O, məşqlərdə heç vaxt iradlarını ucadan deməzdi. Sadəcə, aktyora yaxınlaşır və pıçıltı ilə öz təklifini verirdi. Bunu onlardan başqa heç kim eşitmir və nəticədə, aktyor öz səhvlərini səmimi şəkildə qəbul edirdi.
Baxşı Qələndərlinin Naxçıvan teatrında rejissor kimi işlədiyi vaxtda bütöv bir aktyor nəsli yetişib. Etiraf edək ki, sonradan ölkə səviyyəsində tanınan, müxtəlif yüksək fəxri adlara layiq görülən bu aktyor və aktrisaların fəaliyyətində Baxşı Qələndərlinin danılmaz zəhməti var. Onun Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında çəkdiyi zəhmət hədər getməyib. O, 2 dəfə “Şərəf nişanı” ordeni ilə təltif edilib.
Tale ömrünün 60 ildən artıq bir dövrünü teatra həsr edən rejissora heç də xoş sürpriz hazırlamamışdı. 1903-cü ildə Xankəndidə doğulan, İrəvanda və sonra 21 il Naxçıvanda yaşayan Baxşı Qələndərli 1985-ci ildə Naxçıvanda vəfat edib.

Səməd CANBAXŞIYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR