1973-cü ildə Naxçıvan şəhərində yaradılan Gənc Turistlər Stansiyası 2005-ci ildən Turist-Diyarşünaslıq Mərkəzi adı ilə fəaliyyətini davam etdirir. Bu dövrdə yüzlərlə məktəbli bu mərkəzə cəlb olunub, burada təşkil edilmiş dərnəklərdə onların istedad və bacarıqları üzə çıxarılaraq düzgün formalaşdırılıb.
Mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə bu günlərdə həmin ünvana üz tutduq. Mərkəzin direktoru Murad Babayev bildirdi ki, bu məktəbdənkənar müəssisə hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. 2013-cü ildə bina yenidən qurularaq mərkəzin kollektivinin ixtiyarına verilib. “Mərkəzin yaradılmasında əsas məqsəd uşaqların asudə vaxtlarını maraqlı, əyləncəli keçirməsini təmin etmək, gənc nəslə doğma diyarı sevdirmək və vətənpərvərlik hissləri aşılamaq, onları tarixi abidələrlə tanış etməkdən ibarətdir”, – deyən Murad Babayev onu da vurğuladı ki, gənc nəsli qədim diyarımızla hərtərəfli tanış etməkdə məqsəd onlarda yurd sevgisi, yurda bağlılıq və vətənpərvərlik hissləri yaratmaqdan ibarətdir. Burada keçirilən ekskursiyalar qabaqcadan planlı şəkildə və tədbirlər planına əsasən, məqsədyönlü olaraq planlaşdırılır. Gənc turistlərə tariximiz, mədəniyyətimiz, incəsənətimiz, mənəvi dəyərlərimiz, turizmin kütləvi formaları öyrədilir və təbliğ edilir. Bunun üçün mərkəzdə “Azərbaycanı sev və öyrən” devizi altında ekspedisiya dəstələri yaradılıb. Mərkəzdə təşkil edilmiş ədəbiyyat, tarix, coğrafiya üzrə diyarşünaslıq, piyada turizm, gənc turist, ekoloq, geoloq, təlimatçı və bələdçi dərnəklərinə 1500 şagird cəlb olunub. Yay tətili günlərində daha bir dərnək təşkil edilib. “Kənd turizmi” adlanan bu dərnəyə cəlb olunmuş məktəblilərə muxtar respublikanın turizm potensialı haqqında məlumatlar verilir, onlar diyarımızın gəzməli, görməli yerlərinə aparılır, turizm üçün əlverişli olan kəndlərimizlə tanış edilirlər.
Məktəblilərin Azərbaycan mədəniyyəti, incəsənəti, milli kinosu ilə tanış olmaları da diqqət mərkəzində saxlanılır. Bu məqsədlə onlara Azərbaycan filmlərinin nümayişi təşkil edilir.
2015-2016-cı tədris ili ərzində mərkəzdə şair və yazıçılarla, müharibə və əmək veteranları, şəhid ailələri və qabaqcıl müəllimlərlə, eləcə də digər peşə sahibləri ilə görüşlər keçirilib.
Muxtar respublikamızın qədim tarixinin uşaqlar tərəfindən öyrənilməsi baxımından mərkəzdə yaradılmış tarix-diyarşünaslıq muzeyinin fəaliyyətindən razılıqla danışmaq olar. Muzeydə qədim, orta və müasir dövrü əks etdirən eksponatlar yerləşdirilib. Burada “İmamzadə” kompleksi, Hüseyn Cavid məqbərəsi, Möminə xatın, Yusif Küseyir oğlu, Gülüstan türbələrinin uşaqlar tərəfindən hazırlanan maketlərini görmək olar. Muzeydə orta əsrlərə aid saxsı qablar, boyalı qablar, döyüş və əmək alətləri, XIII-XIX əsrlərə aid kağız, mis, latun pullar, uşaqların Duzdağ Fizioterapiya Mərkəzində olduqları müddətdə tapdıqları fərqli, faydalı daş süxur nümunələri, kətan parça üzərinə muncuqla, sapla toxunmuş gözəl əl işləri nümayiş etdirilir.
Mərkəzə cəlb olunmuş məktəblilərin muxtar respublika iqtisadiyyatında önəmli rol oynayan sahibkarlıq subyektlərinə, emal və istehsal müəssisələrinə ekskursiyaları təşkil olunur. Bu baxımdan onların “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Naxçıvan Avtomobil Zavoduna, “MM” Ət və Ət Məhsulları istehsalı müəssisəsinə ekskursiyaları yaddaqalan olub. Bu müəssisələrdə uşaqlar muxtar respublikada istehsal edilən məhsullarla yaxından tanış ediliblər.
Öyrəndik ki, mərkəzin Naxçıvan şəhərindəki tam orta məktəblərdə dərnəkləri təşkil edilib. Belə tədris ocaqlarından biri də 1 nömrəli tam orta məktəbdir. Buradakı piyada turizm, gənc ekoloq və coğrafiya-diyarşünaslıq dərnəklərinin fəaliyyəti ilə tanış olduq. Piyada turizm dərnəyinin rəhbəri Sevda Məmmədova bildirdi ki, məktəbdənkənar müəssisələr uşaqların bacarıq və istedadlarının üzə çıxarılmasında, düzgün formalaşdırılmasında, məktəblilərin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır. Ona görə də muxtar respublikada belə müəssisələrin fəaliyyətinə hərtərəfli şərait yaradılıb. Onlar da bu şəraitdən səmərəli istifadə etməyə, tapşırılan vəzifələrin öhdəsindən gəlməyə çalışırlar. Dərnək üzvlərinin bu dərs ilində Naxçıvan-Şəkərabad, Naxçıvan-Şıxmahmud, Naxçıvan-Tumbul, Naxçıvan-Qaraçuq istiqamətində təşkil edilən piyada yürüşlərinin yaddaqalan olduğunu dilə gətirən Sevda Məmmədova onu da diqqətə çatdırdı ki, yürüşlər zamanı şagirdlərə olduqları ünvanlar, həmin yaşayış məntəqələrinin tarixi, mədəniyyət abidələri barədə ətraflı məlumatlar verilib.
Coğrafiya-diyarşünaslıq dərnəyinin rəhbəri Məhəbbət Abdullayeva, gənc ekoloq dərnəyinin rəhbəri Türkan Quliyeva da belə məktəbdənkənar müəssisələrin əhəmiyyətini vurğulayaraq həyata keçirdikləri tədbirlərdən danışdılar. Məktəbdə dərnək üzvlərinin hazırladıqları sərgilərlə tanış olduq.
Bütün bunlar belə deməyə əsas verir ki, adıçəkilən mərkəzin dərnək üzvləri asudə vaxtlarını səmərəli keçirir, yurdumuzun coğrafiyasını, tarixini, turizm potensialını öyrənir, bilik və bacarıqlarını artırırlar. Şəhərimizdəki 11 nömrəli məktəbdə yaradılmış gənc ekoloq dərnəyinin fəaliyyəti barədə də xoş sözlər demək olar. Dərnəyin rəhbəri Ramilə Rəhimova muxtar respublikada həyata keçirilən ekoloji siyasətin mahiyyətinin uşaqlara çatdırılmasına çalışır.
Telli MUSTAFAYEVA