Naxçıvan şəhərindəki Bəhruz Kəngərli Muzeyinin yaranmasının 15 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Səbinə Əlincəli açaraq qeyd edib ki, günümüzdə muxtar respublikamızda görkəmli şəxsiyyətlərin xatirələrinin əbədiləşdirilməsi ənənə halını alıb.
Bildirilib ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılıb. 2002-ci il iyun ayının 18-də ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı olub. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Bu sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında da bir sıra işlər görülüb, Bəhruz Kəngərlinin Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanan bir çox əsərlərinin surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə verilib, ilk dəfə olaraq rəssamın əsərlərinin tam külliyyatı albom-kataloq şəklində buraxılıb. Eyni zamanda muxtar respublikada yubiley münasibətilə poçt markası buraxılıb, görkəmli rəssamın həyat və fəaliyyətinə həsr olunmuş sənədli film hazırlanıb və Bəhruz Kəngərli Muzeyinin yerləşdiyi bina yenidən qurulub, 2013-cü ildə istifadəyə verilib. Yenidənqurmadan sonra muzey uzun illər Naxçıvan ictimaiyyətinə və Bəhruz Kəngərli sənətini sevənlərə xidmət göstərib. Bu gün muzeydə realist rəssamın zəngin irsinə aid yüzlərlə eksponat mühafizə olunur.