YUNESKO-nun Beynəlxalq Muzeylər Şurasının 1977-ci ildə keçirilən 11-ci konfransında qəbul olunmuş qərara əsasən hər il mayın 18-i dünyada “Beynəlxalq Muzeylər Günü” kimi qeyd edilir.
Muzeylər keçmişlə bağlı həqiqəti təcəssüm etdirən, mədəni irsi qoruyan, tədqiq və təbliğ edən mədəniyyət ocaqlarıdır. Muxtar respublikamızda da muzey işinin özünəməxsus inkişaf tarixi vardır. XIX əsrin sonlarında böyük yazıçı və dramaturqumuz Cəlil Məmmədquluzadə Nehrəm kənd məktəbində muzey yaratmaq təşəbbüsü ilə Xalq Məktəbləri İdarəsinə yazılı müraciət etmiş və Azərbaycanda ilk dəfə olaraq bu kənd məktəbində Naxçıvanın tarixinə dair maddi-mədəniyyət nümunələrinin toplandığı muzey yaratmışdır. Naxçıvan Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin 1924-cü il 30 oktyabr tarixli qərarına əsasən Naxçıvanda Tarix-Etnoqrafiya Muzeyi təşkil edilmişdir. 1926-cı ildə Naxçıvan şəhər sakini Balabəy Əlibəyovun yaratdığı şəxsi muzey dövlət muzeyi kimi fəaliyyət göstərməyə başlamışdır. 1925-ci ildə Azərbaycan üzrə yaradılan cəmiyyətin bir şöbəsi kimi fəaliyyət göstərməyə başlayan “Naxçıvanı Tədqiq və Tətəbbö” Cəmiyyətinin də muzeyin zənginləşməsində müəyyən xidmətləri olmuşdur.
Azərbaycanda muzey işinin, muzeyşünaslığın inkişafı ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur. Ulu öndər ötən əsrin 70-80-ci illərində Azərbaycanda yeni muzeylərin yaradılması, onların bazasının möhkəmləndirilməsi, muzey fondlarının zənginləşdirilməsi və ekspozisiyaların müasir şəkildə qurulması üçün mühüm tədbirlər həyata keçirmişdir. Həmin dövrdə ölkəmizdə bu sahəni inkişaf etdirmək üçün Azərbaycan Muzeylər İdarəsi, Muzey İşi üzrə Respublika Elmi-Metodik Mərkəzi, Muzeylərin Bədii Tərtibatı Müəssisəsi, Muzey Sərvətlərinin və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi kimi qurumlar yaradılaraq fəaliyyətə başlamışdır. Qısa zaman ərzində Azərbaycanın 60-dək rayonunda tarix-diyarşünaslıq muzeyləri yaradılmışdır. Məhz bu dövrdə Şərur, Babək, Ordubad, Culfa və Şahbuz rayonlarında tarix-diyarşünaslıq muzeyləri yaradılmışdır. Halbuki 1969-cu ilədək Azərbaycanda cəmi 29 muzey fəaliyyət göstərmişdir ki, bunlardan da yalnız biri xatirə muzeyi kimi nəzərdə tutulmuşdur. Ümummilli liderimizin hakimiyyəti illərində ölkəmizdə 111 müxtəlif profilli muzey yaradılmışdır.
Müstəqillik illərində də ulu öndərin rəhbərliyi ilə muzey işi öz inkişafının yeni dövrünə qədəm qoymuşdur. Muzey işçilərinin respublika müşavirəsi keçirilmiş, “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilmişdir. 2000-ci ildə qəbul edilən “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bunlarla bağlı münasibətləri tənzimləyir. Qanunda muzey fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin vəzifələri, muzeylərin hüquqları, muzey fondları, muzeylərə dövlət qayğısı və nəzarəti, bu sahədə beynəlxalq əməkdaşlıq kimi əhəmiyyətli məsələlər təsbit edilmişdir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bu sahədə uğurlu addımlar atılır, mühüm işlər həyata keçirilir. Ölkəmizdə 200-dən çox muzeyin fəaliyyət göstərməsi bunun bariz ifadəsidir. Dövlət başçısının “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli Sərəncamı və 2009-cu il 22 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı” bu sahənin hüquqi bazasının formalaşmasına, dünyanın nüfuzlu muzeyləri ilə əlaqələrin genişlənməsinə imkan yaratmışdır. Dövlət başçısı muzey işinə mühüm əhəmiyyət verərək demişdir: “Xalqımızın ən qədim zamanlarından müasir dövrədək tarixini və mədəniyyətinin inkişaf yolunu əks etdirən Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır. Bu gün muzeylərimiz nadir sənət incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi geniş şəbəkəyə malik olub, respublikamızın bütün bölgələrini əhatə edir”.
Qədim diyarımızda da muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq qurulur, Azərbaycan tarixinin yeni uğurlu səhifələri muzey ekspozisiyalarında əksini tapır. Təbii ki, ötən əsrin 80-90-cı illərində Naxçıvan Muxtar Respublikasında baş verən dağıdıcı proseslər, sosial-iqtisadi böhran, cəmiyyətdəki qeyri-sabitlik muzeylərin də tamaşaçılarını itirməsinə səbəb olmuş və çətinliklər yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muzeylərimiz müasir tələblər əsasında yenidən qurulmuş, muzey sahəsində mühüm işlər həyata keçirilmişdir. 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey fəaliyyət göstərirdisə, hazırda muxtar respublikada 1 rəsm qalereyası və 28 müxtəlif profilli muzey fəaliyyət göstərir. Bu mədəniyyət ocaqlarında xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 114 mindən çox eksponat toplanmışdır. Ötən il muxtar respublikanın muzeylərinə 1468 eksponat daxil olmuşdur. Muzey fondlarının zənginləşdirilməsi diqqət mərkəzində saxlanılır. Bu ilin 4 ayında muzeylərimiz 329 yeni eksponatla zənginləşdirilmişdir. 2012-ci ildə Bəhruz Kəngərli Muzeyi əsaslı şəkildə yenidən qurulmuş, 2013-cü ildə “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzey üçün bina istifadəyə verilmişdir. Tarix-Bədii Qoruq dəniz səviyyəsindən 3700 metr yüksəklikdə yerləşməklə açıq səma altında nadir muzeylərdən biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında 2013-cü il 5 iyun tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində daha bir muzey yaradılmışdır. 2014-cü ildə Şahbuz rayonundakı Nursu kəndində Xalq şairi Məmməd Arazın ev-muzeyi, Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi istifadəyə verilmişdir. 2015-ci ildə Naxçıvan şəhərində Xatirə Muzeyinin, Şərur rayonundakı Cəlilkənddə Cəlil Məmmədquluzadənin Xatirə Muzeyinin yeni binaları, həmçinin Ordubad şəhərində Məhəmməd Tağı Sidqinin ev-muzeyi fəaliyyətə başlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonunda “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən ötən il qalada bərpa işləri başa çatdırılmış və burada muzey yaradılmışdır.
Muxtar respublikamızda geniş muzeylər şəbəkəsi yaradılmaqla bərabər, həm də onların müxtəlif profilli olmasına diqqət yetirilir. Muxtar respublika əhəmiyyətli muzeylərlə yanaşı, tarix-diyarşünaslıq muzeyləri, ev-muzeyləri, xatirə muzeyləri, muzey kompleksləri, dövlətçilik tariximizlə bağlı muzeylərin yaradılması həmişə diqqət mərkəzində saxlanılır. Bütün bunlar mədəni irsimizin qorunması, gənc nəslin mənəvi-estetik, ideya-siyasi dünyagörüşünün zənginləşməsində və vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Muxtar respublikanın rayonlarında da muzeylərin fəaliyyət göstərməsi bura gələn insanların zəngin tarix və mədəniyyətimizlə yanaşı, görkəmli şəxsiyyətlərimiz haqqında da ətraflı məlumat almalarına imkan verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muzeylər Azərbaycan xalqının tarixini, böyük şəxsiyyətlərimizin həyatlarını, yaradıcılığını, fəaliyyətlərini özündə əks etdirir. Xalqın tarixi həm kitablarda yazılmaqla, həm də muzeylərdə qorunmaqla gələcək nəsillərə çatdırılır. Muzeylər bizim keçmişimizi özündə yaşadan, gələcəyə daşıyan yerlərdir”.
Gənclərimizin muzeylərimizdə olması onların qədim və zəngin tariximiz və bu günümüz haqqında dərin biliklərə, geniş dünyagörüşünə malik olmasına, milli dəyərlərə, milli-mədəni və tarixi irsimizə məhəbbət ruhunda formalaşmasına xidmət edir. Bunun üçün muxtar respublikanın təhsil müəssisələrinin muzeylərlə əlaqələrinə xüsusi diqqət ayrılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, muxtar respublikada məktəb-muzey şəbəkəsi yaradılmış, Azərbaycanın tarixi və mədəniyyəti, görkəmli şəxsiyyətlərimizlə bağlı distant dərslər keçilmişdir. Ötən il, ümumilikdə, 22 distant dərs keçilmiş, dərslərə hər dəfə muxtar respublikanın 200-dən çox ümumtəhsil, orta ixtisas və peşə məktəbi qoşulmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamına əsasən muxtar respublikanın ali təhsil müəssisələrində muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, tarix, turizm-otelçilik ixtisasları üzrə təhsil alan tələbələr üçün açıq dərslərin təşkili davam etdirilir. Bu ilin birinci rübündə muzeylərdə 92 açıq, 7 distant dərs keçilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanları kollektivlərinin muzeylərə gedişi maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə marağın artmasına, tariximizin, mədəni irsimizin və dövlətçilik ənənələrimizin hərtərəfli öyrənilməsinə imkanlar açmışdır. Muxtar respublikanın muzeylərinə gələnlərə pulsuz xidmət göstərilir. Ötən il muzeylərimizi 320 mindən çox tamaşaçı ziyarət etmişdir ki, onlardan 43 mindən çoxu xarici ölkə vətəndaşıdır. Bu ilin dörd ayında isə muzeylərimizdə 132 mindən artıq tamaşaçı olmuşdur ki, onların da 31 mindən çoxu xarici ölkə vətəndaşıdır. Naxçıvanda bir sıra muzeylərin internet saytı istifadəyə verilmiş, saytda muzey ekspozisiyalarını internet üzərindən virtual olaraq birbaşa izləmək imkanı yaradılmışdır. Bu günə qədər həmin muzeyləri 57 min 155 tamaşaçı virtual olaraq izləmişdir.
Muxtar respublikanın muzeylərində 300-dək əməkdaş çalışır. Son illər muzey işçilərinin Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülməsi, medallarla təltif edilməsi onların əməyinə verilən yüksək qiymətin ifadəsidir. Muzey işçilərinin peşə hazırlığının səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil olunan seminar-treninqlər, dəyirmi masalar, elmi konfranslar muzey işinin daha da təkmilləşdirilməsinə öz töhfəsini verəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti