Növbəti belə seminar-treninq Culfa rayonundakı “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi seminar-treninqdə nazirliyin Mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva “Muzey bələdçisinin davranış qaydaları” mövzusunda çıxış edib. Qeyd olunub ki, muzey bələdçiləri üçün seminar-treninqlərin məqsədi muzeylərdə ekskursiya işinin təşkili ilə bağlı mövcud nöqsan və çatışmazlıqları aradan qaldırmaq, muzey bələdçilərinin nəzəri və praktik bilik səviyyəsini yüksəltməkdir.
Bildirilib ki, muxtar respublikamızda muzey fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Muzeylərimiz üçün yeni binaların inşa olunması, onların təmiri, yenidən qurulması və maddi-texniki bazasının möhkəmləndirilməsi işin səviyyəsinin yüksəldilməsinə xidmət edir. Görülən işlər muzey işçiləri qarşısında da mühüm vəzifələr qoyur. Bu gün muzeylərimizdə hazırlıqlı, bilikli, xarici dilləri bilən, işlədiyi mədəniyyət ocağı haqqında ətraflı məlumata malik bələdçilər çalışırlar.
Muzey bələdçiləri muzey işi və muxtar respublikada gedən yeniliklərdən xəbərdar olmalı, gələn turistlərə qədim diyarımız haqqında ətraflı məlumat vermək üçün daim öz üzərlərində çalışmalı, tariximizi və mədəniyyətimizi dərindən bilməlidirlər.
Seminar-treninq başa çatdıqdan sonra “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin ekspozisiyasına baxış olub. Tədbir iştirakçılarına məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən qala bərpa olunub və burada muzey yaradılıb.
Qeyd edilib ki, muzeyin fondunda 250 eksponat qorunub saxlanılır, bunlardan da çoxu ekspozisiyada nümayiş etdirilir.
Sonra ekskursiya mətni müzakirə edilib, muzey bələdçilərinə metodik tövsiyələr verilib.
Əli RZAYEV